YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Orucov: Azərbaycan və özbək xalqları türk dünyasının güclənməsinə layiqli töhfələr verirlər

Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan iki dövlət həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq ediblər. Tarix boyu Azərbaycan xalqı özbək xalqının bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlara sevinib, nailiyyətləri ilə fəxr edib. O cümlədən, Azərbaycan xalqının uğurları, qələbələri özbək xalqı üçün qürurverici hal olub. Ölkə Prezidenti cənab İlham Əliyevin Özbəkistan respublikasına rəsmi səfəri iki dövlətin münasibətlərinin sarsılmaz təməllərə söykənməsinin bir daha təsdiqi oldu.

Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.

Ramil Orucov qeyd edib ki, müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlər Azərbaycan və Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayırıb. Sovet hakimiyyəti illərində türk xalqlarının qarşılıqlı münasibətlərinə yaradılmış maneələrə, siyasi təqiblərə baxmayaraq xalqlarımız arasında əlaqələr davam etdirilib. Özbəkistanla Azərbaycan arasındakı bu gün özünün yüksək inkişaf səviyyəsinə çatmış dostluq əlaqələri xüsusilə Ulu Öndərimizin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə inkişaf etdirilib. Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında özbək xalqına böyük sevgi ilə yanaşan Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə olan yüksək ehtiramın, iki xalqın qardaşlığının və dostluğunun təzahürü kimi qəbul edilir. Paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşən meydanın mərkəzi hissəsində Ulu Öndər Heydər Əliyevin böyük memorial kompleksinin ucaldılması Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə və xalqımıza olan həqiqi qardaşlıq münasibətinin göstəricisidir.

Təşkilat sədri Ramil Orucov onu da xüsusi ilə vurğulayıb ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə qardaş ölkələr arasındakı münasibətlər daha da dərinləşib. Bu dövrdə siyasi, diplomatik əlaqələr, iqtisadi münasibətlərlə paralel olaraq ədəbi-mədəni əməkdaşlıq da yüksələn xətlə inkişaf edib. Özbəkistanda böyük Azərbaycan şairi Nizami Gəncəvinin, Bakıda böyük özbək şairi Əlişir Nəvainin abidəsi ucaldılması bizim qardaşlığımızın rəmzidir.

Qürurverici haldır ki, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələrini inkişaf edirən Özbəkistan dövlətinin Qarabağdakı quruculuq işlərində öz payı var. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub.

“Ölkəmizin Prezidenti cənab İlham Əliyevin Özbəkistana rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da güclənməsinə böyük töhfə olmaqla yanaşı, Azərbaycanla Özbəkistanın sarsılmaz qardaşlığının bütün dünyaya nümayişi oldu. Səfər zamanı imzalanan sənədlər ilk növbədə siyasi münasibətlərin və qardaşlığın yüksək səviyyədə olduğunu təcəssüm etdirdi. Bir daha təsdiq olundu ki, Azərbaycanla Özbəkistan arasında əlaqələr durmadan yüksəlir, iki qardaş dövlət beynəlxalq münasibətlər sistemində həmrəylik nümayiş etdirir, türk dünyasının güclənməsinə layiqli töhfələr verirlər “- deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.