YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şanlı Azərbaycan Ordusu xalqımızın qürür mənbəyi, güc birliyimizdir

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin ordusunu yaratmasına hüquqi əsas verdi. Tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.

Bu gün Azərbaycan Respublikası ən müasir silahlarla təchiz edilmiş, yüksək döyüş qabiliyyəti olan peşəkar  Silahlı Qüvvələrə malikdir. Şərəfli tarixi yol keçmiş Şanlı Azərbaycan ordusunun mövcudluğu xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz Ümummilli lider Heydər Əliyevin dövlətçilik təcrübəsinin, qətiyyətli siyasi iradəsinin, yorulmaz fəaliyyətinin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan adlı müasir, müstəqil dövlət mövcuddur və onun qüdrətli ordusu var.

Dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında göstərmiş olduğu misilsiz xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Bugünkü qüdrətli Azərbaycan ordusu xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin şah əsərlərindən biridir. Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Hər bir ölkənin ordusu həmin ölkənin ərazi bütövlüyünün və dövlət müstəqilliyinin əsas qarantı hesab olunur. Əsrlər keçdikcə,  nəsillər dəyişdikcə güclənən və günü-gündən inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaq.

Tarix boyu Azərbaycanın taleyinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr, soyqırımları, müsibətlərlə dolu hadisələrdə yazılıb. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Ötən əsrin 90-cı illərində Azərbaycan müstəqillik əldə etdikdən sonra işğalçı Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı hərbi təcavüzü başladı. Təcavüzkar erməni silahlı birləşmələri tərəfindən torpaqlarımız işğal olundu, soydaşlarımız öz doğma yerlərindən didərgin salındı, kütləvi qırğınlar həyata keçirildi, XX əsrin faciəsi olan Xocalı soyqırımı törədildi. Vətənimizin müdafiəsi isə yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Ölkəni xaos və anarxiya bürümüş, getdikcə siyasi vəziyyət gərginləşmiş, əhalinin sosial durumu daha da ağırlaşmış, müharibədə uğursuzluqlar bir-birini əvəz edirdi. Müstəqilliyimizin itirilməsi an məsələsi idi.

1993-cü ildə xalqımızın tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə, o cümlədən ordu quruculuğunda dirçəlişə nail olundu. Ulu Öndər özünü müdafiə və könüllü batalyonları ləğv edərək vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. 1994-cü ildən etibarən Azərbaycanda nizamlı, müasir, peşəkar ordunun qurulmasına start verildi, hərbi məktəblər, liseylər yaradıldı.

30 ilə yaxın  davam edən erməni işğalına 2020- ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə son qoyuldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz  qəsbkar Ermənistana cəmi 44 gün ərzində qalib gəldi və  işğal altında saxlanılan torpaqlarımızı azad edildi. Azərbaycan özünün beynəlxalq  səviyyədə tanınan ərazi bütövlüyünü və suverenliyini təmin etdi.

Müharibə başlanan gündən xalq-Prezident-ordu birliyi ölkəmizi bütün dünyada haqq yolunda olduğunu, ədalət uğrunda mübarizə aparan bir dövlət kimi tanıtdı. 44 günlük müharibədə Azərbaycan Ordusunun  qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin  bölgədəki təcavüzkar siyasətini iflasa uğratdı. Bütün təzyiqlərə  baxmayaraq  Silahlı  Qüvvələrimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  parlaq Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən, separatizmə rəvac verən bəzi beynəlxalq təşkilatların və bir sıra dövlətlərin ikili standartlar siyasəti iflasa uğradı. Azərbaycanda milli birliyin, Qətiyətli  rəhbərin  və Silahlı Qüvvələrimizin gücü  düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Döyüş meydanında düşməni məhv edən, bizə Zəfər sevinci yaşadan Şanlı  Azərbaycan Ordusu xalqımızın qürür mənbəyi, güc birliyimizdir.