YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngəzur dəhlizi: Regional sülhün əsas təminatçısı

Tahir Məmmədov

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Əməkdar jurnalist

Azərbaycan Respublikasının Prezidenti, çoxminli Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin beynəlxalq aləmə “Dünyanı daha təhlükəsiz etmək üçün bir-birimizlə yaxından çalışmalıyıq” çağırışı  artıq hər yerdə geniş əks-səda doğurmaqdadır. Siyasi yeniliyi və özünəməxsus aktuallığı ilə seçilən, dünyanın mütərəqqi fikirli ölkələrini özünə cəlb edən Qlobal Bakı Forumu əsasən təhlükəsizlik məsələləri ilə bağlı beynəlxalq arenada, gündəlikdə müzakirə predmeti kimi artıq ən ümdə məsələlərdən birinə çevrilmişdir. Bu da Prezident Qalib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti uğurlarından biridir. Ərzaq böhranının yaxınlaşmasının xəbərdarlığını nəzərə çatdıran Prezident İlham Əliyev böyük uzaqgörənliklə onu da qeyd edir ki, beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə əlaqədar vəziyyəti daim diqqətdə saxlamalıdırlar. Cənab Prezidentin müdrik və dolğun nitqində bu fikir də nəzəri cəlb edir ki, enerji bazarlarındakı vəziyyət də kənarda qalmamalıdır. Azərbaycan rəhbərinin fikrincə əgər kimsə neft və qaz istehsal edən ölkələrin artan yüksək qiymətlərə görə sevindiyini düşünürsə, məsələyə belə bir yanaşma düzgün və obyektiv deyil.

Ali Baş Komandan İlham Əliyevin Qlobal Bakı Forumundakı ictimai –siyasi, fəlsəfi çalarlarla cilalanmış  nitqində deyildiyi kimi, müharibədə qalib gələn Azərbaycan hər cəhətdən haqlı və ədalətli idi, həm də bu müharibə labüd idi, olmalı idi, çünki Azərbaycanın bu savaşda Zəfəri ədalətin, beynəlxalq hüququn xalqımızın milli ləyaqətinin, milli qürurunun bərqərar olunmasının nəticəsi və bəhrəsi idi! Bu böyük ədalətin zəfər çalmasından sonra biz artıq və dayanıqlı möhkəm sülh haqqında ürəklə danışa bilərik. Bu böyük sülh təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz respublikalarının əmin-amanlığı, inkişafı üçün vacibdir. Azərbaycan çoxdandır ki, bu məqsəd və bu amal uğrunda çalışır və mübarizə aparır. Ermənistanın otuz illik işğalı dünyanın beynəlxalq ictimaiyyət tərəfindən də pislənilirdi və Ermənistan işğalçı və təcavüzkar bir ölkə tanınırdı. Müharibədən sonra bütün dünya Ermənistanın dağıdıb xarabazara çevirdiyi Azərbaycanın işğal altındakı ərazilərinin acınacaqlı mənzərəsinin bir daha şahidi oldu.

“Əlbəttə, Azərbaycan Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram və Qarabağ münaqişəsinin həlli, zənnimcə regionda təhlükəsizlik üçün deyil, regionda sülh üçün bir fürsətdir.”- deyən Ali Baş Komandan burada “fürsət” sözünü təsadüfən işlətməyib. Burada rəhbərimizin “Mən nəyi nə vaxt, necə etməyi yaxşı bilirəm” sözlərini bizə bir daha məmunluqla xatırlatdı.

Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev İnkişaf naminə sülhə və Sülh yollarında İnkişafa doğru atdığı addımlarla daha irəli gedərək, ATƏT-dən mandat almış Minsk qrupunun 28 il ərzində heç bir faydalı iş görmədiyini cəsarətlə bəyan edərək bildirdi ki, artıq bu qurumun fəaliyyətinə ehtiyac qalmayıb. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları haqqında düşünürük, ən əsası sülh müqaviləsini imzalamalıyıq. Bəli, Azərbaycan sülh razılaşması üzərində işə başlamağı təklif edir, həm də hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə hərtərəfli və qarşılıqlı hörmət etmək, tanımaq prinsiplərini gündəmə gətirir. Bütün bunlardan bəhrələnib kommunikasiyaların açılması ilə əlaqədar Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın əbədi və əzəli  ərazisi olan Naxçıvan Muxtar Respublikası ilə hərtərəfli əlaqəsi olmalıdır. Axı hamı bilir ki, Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmsından artıq 18 aydan çox vaxt keçir. Bununla belə hələ Ermənistan tərəfindən də Zəngəzur dəhlizinin icrası istiqmətində heç bir real addım atılmayıb. Bu da açıq-aşkar Ermənistanın üçtərəfli Bəyanatın müddəalarını kobudcasına pozması deməkdir. Bu gün Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan üçün deyil, bütünlüklə regionda sülhün əsas fundamental elementlərindən ən önəmlisidir.

Prezident İlham Əliyev Qarabağda yaşayan erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin qorunması mövzusuna dəfələrlə toxunmuşdur. Çünki demokratik, bəşəri ideyalarla cilalanmış Azərbaycan Konstitusiyasına görə çoxmillətli Azərbaycan ölkəsi bütün millətlərin nümayəndərinin eyni hüquqa malik olduğunu təsbit edir. Daha sonra Prezident bəyat etmişdir ki, əgər Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə bir daha əl uzadılarsa, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü sual altında qoymaqdan başqa çıxış yolu qalmayacaq. Azərbaycanın tarixi baxımdan da bunu etməyə haqqı və hüququ vardır.

Ulu tarix unudulmur, həm də heç nəyi unutmur. Keçən əsrin 1920- ci ilin noyabr ayında Azərbaycanın tarixi, əzəli parçası olan doğma Zəngəzur mahalımız sovetlərin əli ilə, zor gücünə Ermənistana birləşdirilmişdi. Ona görə də Ali Baş Komandan İlham Əliyev “Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq” demişdir.

Yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən müdrik addımları öz bəhrəsini verəcəkdir.