YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IX Qlobal Bakı Forumu Prezident İlham Əliyevin qətiyyətli siyasətinin növbəti təntənəsidir

Sahib Şükürov

YAP Göyçay Rayon Təşkilatının sədri 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti Forumun açılış mərasimində iştirak edib.

Fəxrlə qeyd edə bilərik ki, Nizami Gəncəvi Beynəxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevirilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən ilə artmaqdadır. Bu dəfə ki, forumda 50-dən çox ölkənin eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdiq edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün prespektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həsass bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm istiqamətdə mövzular ətrafında səmərəli müzakirələr nəzərdə tutulmuşdur.

Forumun açılış mərasimində çıxış edən Prezident cənab İlham Əliyev  Forum iştirakçılarını salamlayaraq qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq inistitutlardan birinə çevrilib. Bu, bir daha bizim müzakirələrimizin cəlbedici olduğunu nümayiş etdirir və eyni zamanda bu platformaya ehtiyacın olduğunu əks etdirir və o, çox faydalıdır, həmçinin mühüm praktiki təsiri var.

Dövlətimizin başçısı Forumda çıxışı zamanı Azərbaycanın və yerləşdiyimiz regionun təhlükəsizlik məsələlərinə daha geniş aspektdən toxunaraq bildirib ki, Qarabağ münaqişəsinin həlli regionda sülh və təhlükəsizlik üçün bir fürsətdir. Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzun müddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir.

Forumda çıxışı əsnasında Zəngəzur dəhlizi ilə bağlı vacib məqamlara da toxunaraq cənab prezident bildirib ki, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir, dəhlizin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunudur. Yəni, bu dəhlizin açılması bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına şərait yaradacaq. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgəyaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq.

Cənab Prezident eyni zamanda Ermənistanın arxalandığı yarıtmaz Minsk qrupunun fəaliyyətinə də toxunaraq bəyan edib ki, ATƏT-dən mandat alan bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib və buna görə də Azərbaycan Qarabağ münaqişəsini özü həll etdikdən sonra artıq ona ehtiyac qalmayıb. “Artıq onların pensiya vaxtıdır”- deyən dövlətimizin başçısı qeyd edib ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Çünki Azərbaycan özü münaqişəni həll edib və Minsk qrupu tərəfindən işlənib hazırlanan Madrid prinsipləri həll olunub. İndi o məsələlər deyil, əsas vacib olan sülh danışıqlarının aparılması və sənədin imzalanmasıdır. Ermənistan nə qədər tez sülh sazişini imzalamağa hazır olsa, bu, onun xeyrinə olacaq.

Bakı Forumunda səslənən çağırış və mesajlar perspektivdə vacib qərarların qəbul edilməsinə əlverişli imkan yaradacaq və təhlükəsiz dünya naminə atılan addım kimi qəbul edilən qərarların müsbət yönümdə davamı olacaqdır.

Beləliklə, IX Qlobal Bakı Forumu Prezident cənab İlham Əliyevin düşünülmüş, qətiyyətli siyasətinin növbəti təntənəsi olmaqla yanaşı, eyni zamanda rəsmi Bakının belə forumlara ev sahibliyi etməsi həmçinin Azərbaycanın qlobal sülhə töhfə verən güc kimi mövqeyini bir daha nümayiş etdirdi.