YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

29 il bundan əvvəl, yəni 1993-cü ilin may-iyun aylarında ölkədə xaos və anarxiya özünün pik həddinə çatmışdı. Vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Dövlətin idarəetmə strukturları faktiki olaraq iflic olmuşdu. Belə bir vəziyyətdə müdrik və qədirbilən Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Ölkənin o dövrdəki rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu. Çünki o zamankı rəhbərlik özünün yaratdığı mürəkkəb durumdan çıxmağı bacarmırdı.

1993-cü ilin iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə  Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi.  Həmin gün parlamentin  tarixi iclasında  Heydər Əliyev  çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının həmin dövrdəki ağır,  mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə  dərk edir:  “Bu vəzifəni üzərimə  götürərək  öz məsuliyyətimi anlayıram  və bunların  hamısını  rəhbər  tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.

 Elə həmin gündən başlayaraq Azərbaycan Respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk  Azərbaycan Demokratik  Respublikasının  ənənələri əsasında,  müasir tələblərlə,  dünyada  gedən proseslərlə  bağlı olaraq  təmin edilməyə başladı. Ulu öndər bu sahədə daim çalışaraq ömrünün  ondan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr etdi. Elə həmin tarixdən başlayaraq Azərbaycan Respublikası bütün bəlalardan alnıaçıq çıxdı. Ən əsası, ulu öndərin də söylədiyi kimi müstəqilliyini itirmədi. Yenidən heç bir  dövlətin tərkibinə  daxil olmadı. Heç bir  başqa  dövlətin əsarəti  altına  düşmədi.

Həmin mürəkkəb tarixi-siyasi dövrün iştirakçıları və şahidləri də yaxşı xatırlayır ki, Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarında yayımlandı. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi  həyatdakı  gərginliyin  aradan  qaldırılması  üçün lazımi tədbirlər  görülməyə başlandı. Heç şübhəsiz ki, bu ədalətin və milli iradənin təntənəsi idi. Eyni zamanda, parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi anlamına gəlirdi.

Ölkənin Ermənistanla müharibə şəraitində olduğu, daxildə siyasi parçalanmaların, tuğyan etdiyi bir dövrdə ulu öndər cəmi 4 ay  Ali Sovetin sədri  vəzifəsində çalışsa da, bu qısa müddətdə parlamentin ruhunu kökündən  dəyişdi. Milli Məclisə  siyasi mədəniyyət  gətirdi. Onun iclası  aparmaq tərzi, fikirlərini  dəqiq əsaslandırması, çıxışların  məğzini tutmaq bacarığı, qiymətli  fikirləri  ümumiləşdirmək qabiliyyəti  yeni bir yanaşma idi. Eyni zamanda, bütün bunlar özlüyündə  parlamentin üzvləri  üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi sayılmalıdır.

1993-cü ilin 15 iyunundan başlayan böyük siyasi kursun icrası nəticəsində kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı. Eləcə də böyük uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi. Respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edildi. Ümummilli Lider hakimiyyətə gəlişinin ilk illərindən etibarən ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı. Ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi. Respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi.

Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Məhz ulu öndər Heydər Əliyev də güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi.

DİGƏR Xəbərlər Arxiv