YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəşid Behbudov adına Mahnı Teatrında Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müasir dövlətçiliyimizin banisi, ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Ümummilli Lider 1993-cü il iyun ayının 15-də Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə xalqımızı onu gözləyən bəlalardan qurtarmaqla bərabər, Azərbaycanın dövlətçilik tarixində yeni bir eranın səhifəsini açdı. Muxtar Nağıyev Ümummilli Liderin xalqımızın həyatında oynadığı rolu böyük missiya adlandırıb və Ulu Öndərin həmin missiyanı bütün həyatı boyu daşıdığını bildirib: “Hər bir azərbaycanlının minnətdarlıqla xatırladığı tarixi fakt bundan ibarətdir ki, Heydər Əliyev Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gələrkən millətin tarixi yaddaşının oyanmasında müstəsna xidmətlər göstərib”.

Hakimiyyətinin ilk illərində Ümummilli Liderin ancaq ölkənin çoxşaxəli iqtisadiyyatının inkişafı ilə deyil, sosial həyatın bütün sahələrində dirçəlişin fundamental bazasını yaratdığını qeyd edən Muxtar Nağıyev konkret faktlar sadalayıb, həmin dövrlərdə elm və təhsilə göstərilən böyük diqqət və qayğını Azərbaycanın bu gününə hesablandığını bildirib. “Bunun ən böyük nümunəsi gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində yüksək ixtisaslı mütəxəssislər kimi yetişməsi idi”, - deyən Muxtar Nağıyev ötən əsrin yetmişinci illərində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını müasir Azərbaycan Silahlı Qüvvələrinin bel sütunu olacaq milli zabit kadrlarımızın hazırlanmasında ən böyük hadisələrdən biri olduğunu xatırladıb. Dövlət müstəqilliyi yenicə elan olunan Azərbaycanı karyeristlərin və avantüristlərin idarə etdiyini yada salan Muxtar Nağıyev ölkəni və xalqı məhz o şəxslərin bərbad idarəçiliyinin nəticəsi olaraq yaranan 1993-cü ilin iyun böhranından ancaq Heydər Əliyevin çıxara biləcəyini vurğulayıb.

Buna görə də minnətdar Azərbaycan xalqının 15 İyun - Milli Qurtuluş Gününü milli bayram olaraq qeyd etdiyini bildirən rayon təşkilatının sədri Azərbaycanın bugünkü bütün uğurlarının 15 iyundan başlandığını deyib, Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin xalqının qəlbindəki ən böyük yaraya - Qarabağ yarasına məlhəm qoymasını dövlətimizin qurucusu Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi olduğunu xatırladıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin sosial həyatında oynadığı böyük roldan danışan təşkilat sədri bu sahədə görülən işlərin xalq tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Ulu Öndərin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyasının hər məqamda liderinin yanında olduğunu qeyd edən çıxışçı təşkilatın bu gün 800 minlik üzvü ilə Heydər Əliyevin siyasi varisi, YAP-ın Sədri İlham Əliyevin ətrafında sıx birləşdiyini qeyd edib.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Ağsaqqallar Şurasının sədri Arif Rəhimzadə çıxışında dövlət müstəqilliyinin ilk dövrlərində dövlət büdcəsinin, ümumiyyətlə, olmadığını, ilk dəfə 1994-cü ildə 114 milyon manat təşkil etdiyini, bu il isə onun 30 milyard manat olduğunu bildirərək, bu illər ərzində nail olduğumuz inkişafı rəqəmlərlə diqqətə çatdırıb.

Rəsmi hissədən sonra tədbir Rəşid Behbudov adına Mahnı Teatrının solistlərinin iştirakı ilə davam edib.