YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Bəyannaməsi: Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğuru

Almaz Həşimova

YAP Füzuli rayon təşkilatının sədri

İki dövlət bir millət gerçəkliyi və sarsılmazlıq təməlləri özünü əbədiyyən təsdiq edəcək!

Çağdaş dünyada baş verən qlobal hadisələr fonunda Cənubi Qafqaz reallığı önəmli yerlərdən birini tutur. Bu reallığın siyasi-fəlsəfi, eləcə də tarixi kökü isə bilavasitə iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin çiyinləri üzərindədir.  Əbəs deyil ki, artıq bir sıra nüfuzlu politoloq və ekspertlər Azərbaycanla Türkiyəni bir vəhdətə çevrilmiş iki nəhəng gerçəklik kimi qiymətləndirirlər.

Lakin daha bir danılmaz fakt budur ki, 2020-ci ilin 27 sentyabrında başlamış və 44 gün davam etmiş Vətən müharibəsindən sonra, daha dəqiq desək, Qarabağ torpaqlarımızın yağı düşmən tapdağından azad edilməsinin ardınca regionda yeni situasiya yarandı və bu situasiya yalnız mövcud coğrafiyamıza deyil, bütövlükdə beynəlxalq geosiyasi gündəmə öz təsirlərini göstərməyə başladı. Təbii ki, bu təsirlərin hər biri məhz rəsmi Bakı ilə rəsmi Ankaranın maraqlarına uyğunluq təşkil etdi və beləliklə, iki dövlət bir millət gerçəkliyinin sarsılmazlıq təməlləri özünü növbəti dəfə sübuta yetirdi.  Bu baxımdan da siyasi nəzəriyyə təhlilinə müraciət etsək əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə münasibətləri son onilliklər ərzində elə bir inkişaf mərhələləri keçib və hazırda da keçməkdədir ki, bu münasibətlər istər analoji bənzərlik baxımından, istərsə də qardaşlıq tellərinin möhkəmliyi nəzərindən başqa heç bir digər ölkələr arasında yoxdur. Təbii ki, belə bir möhtəşəm reallıq amili soykökləri eyni olan, lakin ayrı-ayrı dövlətlərdə təmsil olunan başqa xalqlar üçün də ayrıca bir örnəkdir. Bu gün dünyanın bir sıra ölkələri və xalqları Azərbaycan-Türkiyə münasibətlərinin dinamik və artan xətt üzrə sıx qardaşlıq bağlarına yalnız heyranlıqla baxa bilərlər.

Şuşa Bəyannaməsi həmçinin Qars müqavilısinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi

Söz yox ki, iki qardaş ölkənin sarsılmaz birliyinin daha da möhkəmləndirilməsi istiqamətində uzun illər aparılan işlər də öz bəhrəsini göstərməliydi. Yuxarıda da qeyd olunduğu kimi, Vətən müharibəsindən sonra həmin bəhrə həm də rəsmi qaydada öz əksini tapdı – tarixi Şuşa Bəyannaməsinin imzalanması faktı ilə!

Ötən il Şuşamızda imzalanan bu tarixi Bəyannamənin əbədliyinə və dönməzliyinə isə qətiyyən şübhə yoxdur.  Onu da qeyd etmək vacibdir ki, Müttəfiqlik haqqında tarixi Şuşa Bəyannaməsi həmçinin Qars müqavilısinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi, iki xalqın tarix, soykökü, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqlədi, ölkələrimiz, xalqlarımız arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirdi.

Bəyannamənin siyasi və diplomatik uğurları ilə yanaşı, həm də iqtisadi uğurlara imza atması da artıq danılmaz gerçəkliyin aşkar təzahürüdür. Ölkələrimiz arasında mövcud olan iqtisadi münasibətlər – kənd təsərrüfatı, sənaye, sahibkarlıq və s. kimi sahələrdə həyata keçirilən işlərin hər biri istər Azərbaycanın, istərsə də Türkiyənin iqtisadi mövqelərini daha da möhkəmləndirməkdədir. Əbəs deyil ki, bu gün Qarabağımızın və ətraf rayonlarımızın azad edilmiş ərazilərində qardaş Türkiyənin şirkətləri Azərbaycan şirkətləri ilə çiyin-çiyinə çalışırlar. Bu iqtisadi potensial özünü daha bir möhtəşəm amildə sübuta yetirdi.

Bu, paralel olaraq iki qardaş ölkənin bir-birinin uğurlarına dəstəyinin, sevincinin və ən əsası, tərəqqisi istiqamətindəki təməl prinsiplərinin bariz təcəssümüdür!

Həmin kontekstdən yanaşma edərək növbəti bir vacib amili də qeyd edə bilərik ki, Türkiyədə - dənizin üzərində inşa edilən nəhəng layihə - Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbəri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirmiş oldu.  Bu, paralel olaraq iki qardaş ölkənin bir-birinin uğurlarına dəstəyinin, sevincinin və ən əsası, tərəqqisi istiqamətindəki təməl prinsiplərinin bariz təcəssümüdür!

Yeri gəlmişkən, cənab Əroğanın Şuşa Bəyannaməsinin imzalanma törəninə qədər Füzulidə Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi, habelə Zəngəzur dəhlizinin bərpası yönündə bu hava limanının oynayacağı rolu barədə fikir bildirməsi də artıq özü-özlüyündə bütün uğur tandemlərini əks etdirməkdədir. Təbii ki, bütün bunların Azərbaycanın Qarabağ zəfərindən sonra həyata keçirilməsi yalnız iqtisadi deyil, həm də mühüm siyasi aspektləri ehtiva edir.

Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi ötkəm, qətiyyətli bəyanatını xatırlaya bilərik – Türkiyənin olmadığı yerdə Azərbaycan var!

Və bu gün Şuşa Bəyannaməsinin imzalanmasının birilliyi ərəfəsindən bəhs edərkən biz bura qədər gələn daha bir tarixi həqiqətləri unutmamalı, daim xatırlamalı və gələcək nəsillərimizə ötürməliyik.  Misal üçün, biz 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın haqq mübarizəsinə dünyanın bir çox diplomatik tribunalarında, beynəlxalq siyasi arenada Türkiyənin verdiyi siyasi və mənəvi dəstəyini şərəflə, fəxrlə, qürurla xatırlamaqdayıq. Bu qarşılıqlı qardaşlıq missiyası həm də qarşılıqlı missiyalar olaraq tarixlərimizə yazılıb. Rəsmi Bakı dəfələrlə rəsmi Ankaranın mövqeyini müdafiə edib və bu xüsusda biz Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi ötkəm, qətiyyətli bəyanatını xatırlaya bilərik – Türkiyənin olmadığı yerdə Azərbaycan var!

Beləliklə, Azərbaycan və Türkiyə rəsmi şəkildə və Şuşa Bəyannaməsi ilə öz strateji müttəfiqliklərini təsdiq etmələri ilə regiona və dünyaya yeni çağırışlar mesajını ötürmüş oldular.

Qardaş ölkənin iqtisadi, diplomatik uğurları Azərbaycanın uğurlarını tamamlayır, eləcə də əksinə - Azərbaycanın zəfər və qələbələri Türkiyənin növbəti uğurlara doğru inamla addımlamasına stimul verir

Daha bir vacib amil budur ki, dövlət başçımız cənab İlham Əliyevin xarizmatik liderliyi ilə Azərbaycan qarşısında duran bir çox mürəkkəb və taleyüklü məsələlərin həllinə nail oldu, öz tarixi inkişafının pik həddinə yüksəldi.

Azərbaycanla yanaşı, Türkiyə Cümhuriyyətinin də cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə sürətli inkişaf və tərəqqi yolu keçməsi xalqımızı sevindirir, qürurlandırır. Belə ki, regional gücdən dünyəvi gücə və bir sıra geosiyasi məsələlərdə ayrıca fikri öyrənilən dövlətə çevrilmiş qardaş Türkiyənin bu mövqeyə qədər yüksəlməsi bizləri də qürurlandırır. Qardaş ölkənin iqtisadi, diplomatik uğurları Azərbaycanın uğurlarını tamamlayır, eləcə də əksinə - Azərbaycanın zəfər və qələbələri Türkiyənin növbəti uğurlara doğru inamla addımlamasına stimul verir.  Belə bir sarsılmaz qardaşlıq tellərinin paralellik təşkil etməsi isə Ulu Öndər Heydər Əliyevin tarixi kəlamını bir daha isbatlayır - İki dövlət bir millət gerçəkliyi və sarsılmazlıq təməlləri özünü əbədiyyən təsdiq edəcək!