YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurtuluş Günü Azərbaycan xalqının taleyində həlledici və ən dəyərli gündür

Azər Süleymanov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Azərbaycan xalqı artıq ikinci ildir ki, Milli Qurtuluş Gününü Zəfər çalmış xalq olaraq qeyd edir. Bu əlbəttə ki, ölkəmizin gücünün, dinamik inkişafının, müzəffər ordunun, xalq-iqtidar birliyinin dünyaya bir daha nümayişi idi. 30 ilə yaxın bir zamanda düşmən işğalında qalan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin nəticəsində işğaldan azad olundu. Əlbəttə ki, bunun təməlində Ulu Öndər Heydər Əliyvin müdrik, düşünülmüş siyasəti dayanırdı. Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti dövlətin gələcək həyatının inkişafına hesablanmışdır.

Belə ki, Ulu Öndər Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu və Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaratdı. 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi – Milli Qurtuluş Günü olaraq qeyd olunur və həmin tarixdən ölkəmizin yeni bir dövrü başlanıb.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilasını və Azərbaycanın bu gününə hesablanmış inkişaf strategiyasını bəyan elədi və sonrakı illərdə onu reallaşdırdı. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa zamanda ölkədə ictimai-siyasi sabitlik təmin edildi. O dövrə nəzər salarkən baş verən hadisələrin və buna səbəbi olan şəxslərin xalqı fəlakətlərə sürüklədiyinin şahidi oluruq. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiyaya son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri ən yeni tariximizin qara ləkələri kimi keçmişə həkk olunub. Bu təxribatlar Ulu Öndərin son dərəcə tədbirli, təmkinli və uzaqgörən siyasəti sayəsində qarşısı alındı.

Beləliklə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onun itirilməsinə yol vermədi.1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə müstəqil Azərbaycanda keçirilən ilk parlament seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına mühüm təkan verdi.

Xalqımızın Ümummilli Lideri, Dahi Şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi Onu bütün dünya azərbaycanlılarının Liderinə çevirib. Ulu Öndərin məqsədyönlü siyasəti ilə Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Dahi Şəxsiyyət xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev Şəxsiyyətinin bəhrəsidir.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.Müasir həyatımızda Azərbaycana marağın artması Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub.

Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə Zəfər yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Ermənilərdən əldə olunan hərbi qənitmətlər, hərbi texnikalar, silah-sursatlar bu gün Hərbi Qənimətlər Parkında nümayiş olunur. Burada təqdim edilən müharibə qənimətləri Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa imkan verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli, səmərəli və innovative yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Qarabağı tezliklə yenidən dirçəltməklə Azərbaycan daha bir modelini ortaya qoyacaqdır.