YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa bəyannaməsi erməni revanşizminə güclü zərbədir

Anastasiya Lavrina

YAP Gənclər Birliyinin üzvü

İyunun 15-də biz Azərbaycan ilə Türkiyə arasında qardaşlığın yeni tarixi mərhələsini qeyd edən, həmçinin regionda qüvvələr balansını dəyişdirən tarixi sənədin imzalanmasının birinci ildönümünü qeyd edirik. “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırdı və bütün dünyaya iki ölkənin bundan sonra da hər zaman bir-birini dəstəkləyəcəyi mesajını verdi.

Türkiyə ilə birgə bəyannamənin bəndlərindən birində deyilir ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu, Ermənistanın revanşist dairələri üçün güclü siqnal oldu və göstərdi ki, yeganə düzgün yol hərtərəfli sülh və inkişaf yoludur. Sənəddə Ermənistana və onun aqressiv istəklərinə rəvac verməyə hazır olanlara göstərilirdi ki, Bakı və Ankara birliyi, Azərbaycanın və Türkiyənin təhlükəsizliyinə və ərazi bütövlüyünü təhdid etmək cəhdlərini dayandırmağa hazırdır.

İmzalanmış Bəyannamədən sonra iki qardaş dövlət bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına səy göstərir. Türkiyə və Azərbaycan regionun altı ölkəsi arasında münasibətləri inkişaf etdirəcək və uzunmüddətli sülhü təmin edəcək layihə olan 3+3 platformasının yaradılması təşəbbüsü ilə çıxış ediblər. Türkiyə ilə Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası prosesində əməkdaşlıq edir. Reallaşma prosesində olan Zəngəzur dəhlizinin qlobal geosiyasi və iqtisadi əhəmiyyəti var. Bu layihənin həyata keçirilməsi Şərqdən Qərbə yeni ümumi iqtisadi dəhliz açacaq.

Sənədin imzalandığı yer və imzalanma tarixi də simvolik xarakter daşıyırdı. İki liderin, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən tədbir türk dünyasının qədim mədəniyyət beşiyində - Azərbaycanın erməni işğalından azad edilmiş Şuşa şəhərində, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günündə baş tutub.

Türkiyənin Azərbaycana öz hərbi və müdafiə sənayesini inkişaf etdirməsinə kömək etməsi də vacibdir. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları mühüm rol oynamışdır. Türkiyə istehsalı pilotsuz təyyarələrin Azərbaycanda da istehsalı ölkənin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.