YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zamanı tarixləşdirən, əbədiləşdirən dahi şəxsiyyətlərdir

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri 

Azərbaycan tarixinin böyük bir dövrü Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Zamanı tarixləşdirən, əbədiləşdirən dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur. Ulu Öndər Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə bəyan etmişdir: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

Tarixi şəxsiyyət kimi Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, hakimiyyətin Ona qarşı həyata keçirdiyi təxribatlara, qarayaxma kampaniyasına baxmayaraq, ağır günlərdə xalqın köməyinə çatdı. Ulu Öndər sonralar həmin vaxtları xatırlayaraq deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər.”

Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının  itirilmiş inamını özünə qaytardı, sabaha, işıqlı gələcəyə olan ümidini artırdı. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz böyük oğlunu ölkənin prezidenti seçdi. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplaşmalar cəmiyyətdən təcrid edildilər.İctimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edildi. Nizami ordu quruculuğuna başlanıldı.1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs sazişi imzalandı. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin genişlənməsində əsl dönüş yarandı. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı və yeni neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırlmasına imkan yaratdı. İqtisadi islahatların həyata keçirilməsi istiqamətində böyük addımlar atıldı. Torpaqlar kəndlilərin mülkiyyətinə verildi. Müstəqil Azərbaycanın ilk Konstitutsiyasının yaradıcısı olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaratdı. Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Prezindent İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin qoyduğu yolun davamından başqa cür qiymətləndirilə bilməz. Bu yüksəliş Ümummilli Lidermiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

 Azərbaycan tarixinin işıqlı səhifələri olan müstəqillik dönəmində Ulu Öndər ölkəmizə rəhbərlik edərkən  işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində məqsədyönlü fəaliyyət apararaq Azərbaycanı tarixi Zəfərə aparan yolun əsasını qoymuşdur. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəldikdən dərhal sonra Heydər Əliyev ordu quluculuğu işinə başlamışdı. Bu vacib missiyanı 2003-cü ildən bəri böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Azərbaycan Ordusunun artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi. Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. Prezident İlham Əliyev hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Məhz bizim şanlı ordumuz XXI əsrdə ilk dəfə olaraq irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa etdi. Qəhrəman Vətən oğullarının şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə ən güclü ordular sırasında olduğunu bir daha təsdiq etdi. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən verilmiş antiterror əməliyyatlarına başlanılması barədə qərar 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu.  

Göründüyü kimi 15 iyun 1993-cü ildən keçən 29 il ərzində müstəqil dövlətimiz möhkəmləndirilmiş, inkişaf etmiş və ərazi bütövlüyünü bərpa etmişdir. Bu inkişafa, ictimai siyasi sabitliyə, daxili və xarici siyasətdə qazanılan uğurlara görə xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarıq.

Böyük əminliklə bildiririk ki, Ulu Öndərin şah əsəri olan müstəqil respublikamız möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük sürətlə inkişaf edəcək, xalqımızın sosial-iqtisadi vəziyyəti daha da yüksələcək,  köçkün soydaşlarımız öz torpaqlarına qayıdacaqlar.

DİGƏR Xəbərlər Arxiv