YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

15 iyun tarixi xalqımızın nicat yolunun başlanğıcıdır

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox böyük təhlükələrlə üzləşmişdir. O zaman siyasi hakimiyyətdə olan şəxslərin səriştəsizliyi dövlətimizi və xalqımızı uçurumlarla üz-üzə qoymuşdu. Bütün sahələrdə müşahidə olunan xaos və anarxiya, siyasi rəhbərliyin məsuliyyətsizliyi və ayrı-ayrı xarici qüvvələrin diqtəsi ilə hərəkət etmələri böyük parçalanmalara və vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Çox keçmədən bu hərc-mərclik tarixi torpaqlarımızın ermənilər tərəfindən işğalına, ərazi bütövlüyümüzün pozulmasına səbəb oldu. Digər sahələrdəki çatışmazlıqlarla yanaşı ordumuzdakı xaos, özbaşınalıq, səriştəsizlik, başıpozuq adamların ambisiyaları, işğalçı Ermənistan silahlı qüvvələri üçün əsl münbit bir şərait yaratdı. Beləliklə, ölkə rəhbərliyi tərəfindən vahid komandanlığın olmaması, siyasi və hərbi avantura, qorxaqlıq, idarəçilikdəki kobud səhvlər Azərbaycanımızı uzun illər əziyyət çəkəcəyi, xalqımızı Vətən həsrəti ilə qovrulacağı bataqlığa sürükləmiş oldu. Vətənpərvər sadə azərbaycanlıların əli yalın, heç bir silah-sursatla təmin edilmədən müharibəyə göndərilməsi və güclü silahlanmış erməni ordusu ilə üz-üzə gətirilməsi minlərlə soydaşımızın şəhid olmasına səbəb oldu. Bunun əvəzində isə torpaqlarımızın itirilməsi prosesi davam edirdi. Hərbidən başı çıxmayan dəllallar hərəsi bir bölük yaradıb, komandan kimi əmrlər verir, torpaqlarımızın qarış-qarış itirilməsinə səbəb olan xəyanətkar addımlar atırdılar. Çünki bu vəziyyətin qarşısını ala biləcək lider yox idi, üstəlik baş verənlərə müxtəlif don geyindirərək bunun səbəblərini başqasının üzərinə yıxmağa çalışırdılar.

Azərbaycan dövlətçiliyinin mövcudluğuna təhdid yaradan, müstəqilliyimizin yenidən itirilməsi təhlükəsi ilə üz-üzə qalmasına səbəb olan bu səriştəsizlik və hərc-mərclik isə davam edirdi. Ölkə idarəçiliyində təmsil olunan heç bir rəhbər öz səhvindən nəticə çıxarmırdı. Əksinə hər bir vəchlə özlərinə bəraət qazandırmağa çalışırdılar. İdarəolunmaz vəziyyətə çatmış ölkəmizin və xalqımızın güzəranı getdikcə daha da pisləşirdi. Bu məqamda isə əzilən ancaq sadə xalq idi.

Azərbaycan xalqı düşdüyü bu çətin vəziyyətdən çıxış yolu axtarmağa çalışır, dövlətimizin və xalqımızın nicat yolunu düşünürdü. Belə bir vəziyyətdə dövlətimizin müstəqilliyini və suverenliyini təmin edəcək, xalqımızı vətəndaş müharibəsindən xilas edə biləcək əsl liderə ehtiyac duyulurdu. Təbii ki, bütün diqqətlər dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevə yönəlmişdi. Azərbaycanımızı və xalqımızı bu bəladan qurtara biləcək, onu işıqlı gələcəyə apara biləcək yeganə şəxsiyyət məhz Heydər Əliyev idi. Çünki Heydər Əliyevə xalqımızın etibarı sonsuz idi. 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətdə olarkən, eləcə də 1990-cı ilin 20 yanvar hadisələrindən dərhal sonra üzləşdiyi bir çox çətinliklərə baxmayaraq, hətta həyatını təhlükəyə ataraq dövlətimizin və xalqımızın maraqları naminə atdığı addımlar və sərgilədiyi qətiyyətli mövqe hər bir azərbaycanlının yaddaşında idi. Bu baxımdan əminliklə demək olar ki, dahi Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətləri danılmazdır. Tarixi vərəqləyən obyektiv mövqe sahibi olan hər kəs bu faktları təsdiq edə bilər.

Azərbaycanın müasir inkişafı şübhəsiz ki, Milli Qurtuluş Günü ilə əlaqədardır. Təsadüfi deyil ki, hər ilin 15 iyun günü ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu tarix dövlətimizin və xalqımızın taleyinə qızıl hərflərlə yazılıb. Bu tarix heç bir zaman unudulmayacaq və əsl qurtuluş, tərəqqi günü kimi tariximizə əbədi yazılacaq. Çünki Vətənimizin ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən ulu öndərimiz Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 15 iyundan başlanan qurtuluş tariximiz və nicat yolumuz sonrakı mırhələlərdə də Azərbaycanımızın inkişafının başlanğıcı oldu. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi əbədi olaraq daxil oldu.

Məhz ulu öndər Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından – 15 İyun Qurtuluş Günündən. eləcə də 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində xalqımızın böyük əksəriyyətinin etimadını qazandıqdan sonra Azərbaycan üzləşdiyi bütün problemləri dəf etməyə başladı, bütün sahələrdə sistematik və davamlı islahatlar həyata keçirildi. Dövlətimizin və xalqımızın inkişafını, intibahını, rifah halının daha da yaxşılaşdırılmasını nəzərdə tutan islahatlar milli maraqlarımızın həyata keçirilməsinin əsasını qoydu. İqtisadiyyatımızın inkişafı, ölkədəki ictimai-siyasi sabitliyin bərqərar edilməsi, Ermənistanla atəşkəsin imzalanması ilə günahsız insanların ölümünün və daha çox torpaqlarımızın itirilməsinin qarşısı qətiyyətlə və uzaqgörənliklə alındı. Sağlam təməllər üzərində qurulan bu inkişaf strategiyası Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılamsı işində əvəzsiz rol oynadı.

Bu gün ulu öndər Heydər Əliyev siyasəti ölkəmizdə uğurla davam etdirilir. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə daha inamla və qətiyyətlə addımlayır, irəliləyir. Dövlətimizin inkişafı təmin  edilir, beynəlxalq nüfuzu artırılır. Ölkəmizin iqtisadi imkanları daha da artır, bir sıra regional və beynəlxalq layihələrin icrası ilə Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır. Ölkəmizin daxili imkanları durmadan artır, sabitliyimiz ən böyük sərvətimiz kimi daim qorunur, vətəndaşlarımızın rahat və sərbəst yaşaması istiqmaətində mühüm addımlar atılır. Sosial sahədə gerçəkləşdirilən davamlı islahatlar insanlarımızın maddi-rifah halının, yaşayış şəraitinin daha da yüksəldilməsinə xidmət edir. Bir sözlə, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kursun dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirməsi ölkəmizin bu günkü nailiyyətlərinin qazanılmasına və gələcəkdə uğurlu perspektivinin əsasını qoymasına zəmin yaratdı. Artıq Azərbaycanımız dünyaya bir günəş kimi doğur. Bu günəşin  işığı isə hər bir azərbaycanlının, eləcə də dostlarımızın ürəyini isidir, işıqlandırır.

Məhz əldə olunan inkişafın nəticəsidir ki, 44 günlük Vətən müharibəsində xalqımız düşmən üzərində parlaq qələbə qazandı. Ulu öndər hər zaman çıxışlarında bildirirdi ki, biz tarixi torpaqlarımıza mütləq geri dönəcəyik, biz ərazi bütövlüyümüz bərpa edəcək və düşmənə layiqli yerini göstərəcəyik. Məhz belə də oldu. Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli və yenilməz ordumuz erməni işğalçıları üzərində misli görünməmiş zəfərə imza atdı. 1990-cı illərin siyasi rəhbərliyinin xalqımızın qəlbində açdığı yaralara dövlət başçısı İlham Əliyev məlhəm oldu. Dövlət başçısının tarixi Şuşa şəhərimizin işğaldan azad olunması xəbərini xalqımıza çatdırarakən müqəddəs Şəhidlər Xiyabanından etdiyi müraciətində səsləndirdiyi “Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” ifadələri hər bir azərbaycanlının sonsuz qüruruna səbəb oldu. Bəli, biz xoşbəxt xalqın nümayəndələriyik ki, ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandanımız var.

Qürurlu və sevincliyik ki, bu gün biz qalib, başıuca və məğrur bir xalqıq. Bu qələbələri bizlərə yaşadan ulu öndər Heydər Əliyevin və əziz şəhidlərimizə ruhları qarşısında baş əyir. Onlara Allahdan rəhmət diləyirik. Allah dövlətimizi, xalqımızı, müzəffər Ali Baş Komandanımızı və ordumuzu qorusun!