YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

15 iyun Milli Qurtuluş Gününün Azərbaycan tarixində xüsusi yeri var

Elçin İsmayılov

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri

15 İyun 1993-cü il tarixi hər bir azərbaycanlının iftixarla xatırlayacağı, ölkəmizin parçalanma, yox olma təhlükəsindən xilas olduğu bir gündür.

Azərbaycan Xalq Cəbhəsinin qeyri-peşəkar idarəçiliyi və müvafiq hakimiyyət böhranı nəticəsində Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Məhz Ümummilli Lider Heydər Əliyevin ölkədə dövlət idarəçiliyinin zirvəsinə qayıdışı bu təhlükənin qarşısını aldı.

Azərbaycanın ölüm-dirim ayrıcında dayandığı, dövlətçiliyimizin müqəddəratının həll edildiyi, azadlığımızın və müstəqilliyimizin müdhiş təhlükəyə məruz qaldığı 1993-cü ilin vahiməli iyun günlərində xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi və dövlət rəhbərliyinə qayıdışı uçurumun bir addımlığında dayanan ölkəmizi məhv olmaq fəlakətindən qoruyub saxladı. Ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranı, vətəndaş müharibəsi təhlükəsi qısa müddət ərzində aradan qaldırıldı.

Müstəqilliyimizin ilk illərində səriştəsiz siyasi və hərbi rəhbərlik ölkəni və xalqı xarici hərbi təcavüzdən müdafiə etməyə qadir olan silahlı qüvvələrin yaranmasına imkan verməmişdi. Silahlı qüvvələr vahid komandanlığa tabe olmayan intizamsız, pərakəndə dəstələrdən ibarət idi. Ulu Öndər torpaqlarımızı müdafiə etməyi bacaran milli ordunun formalaşdırılmasını ən böyük vəzifələrdən biri kimi irəli sürdü. Bu istiqamətdə qəti tədbirlərin həyata keçirilməsi döyüş əməliyyatları zonasında dönüşün əsasını qoydu. Azərbaycan ordusu tezliklə özünü toplayıb düşmənə ağır zərbələr endirdi.

Ölkədə aparılan islahatlar sayəsində Azərbaycan insan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı bir sıra konvensiyalara qoşuldu. Ölkəmiz mötəbər beynəlxalq təşkilatların tamhüquqlu üzvü oldu, beynəlxalq münasibətlər sistemində layiq olduğu yerini tutdu.

Bu gün dövlətimizə Heydər Əliyevin layiqli davamçısı möhtərəm İlham Əliyevin rəhbərlik etməsi hər bir cəmiyyətin və dövlətin davamlı inkişafı üçün həyati əhəmiyyət daşıyan məsuliyyətli və səriştəli idarəçilik amilini təmin edir. Prezident İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin təməlində dayanan dəyərlər sistemini ümumi şəkildə səciyyələndirməli olsaq, vurğulanmalı başlıca cəhət Heydər Əliyev ideyalarına sədaqət, Ulu Öndərin uzaqgörən daxili və xarici siyasətinin yeni çağırışlar şəraitində kreativ şəkildə məharətlə davam etdirilməsi hesab edilməlidir.

Bu gün Azərbaycan dövlətinin müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası xalqımızın gələcəyindən əmin olmağa imkan verir. Ulu Öndər Heydər Əliyevin səyləri ilə yaradılmış inkişaf dinamikası qorunub saxlanılmalı, dövlətimizin siyasi, iqtisadi və hərbi qüdrəti artır, xalqımızın rifah halı yüksəlir.