YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurtuluşdan Şuşa Zəfərinə uzanan şərəfli tarix

Tofiq Cahangirov

YAP İdarə Heyətinin üzvü, professor

Hər bir xalqın tarixi, gələcəyi üçün olduqca vacib, həlledici günlər olur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunu Azərbaycan xalqı üçün məhz belə günlərdən biridir. Milli Qurtuluş Günü tarixi nöqteyi-nəzərdən böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Düz 29 il əvvəl - 1993-cü ilin iyununda Azərbaycan "olum, ya ölüm" dilemması qarşısında qalmışdı. Həmin günlərdə dövlətçiliyimizin ölüm-dirim mübarizəsi gedirdi...

Müstəqilliyin ilk illərindən başlayaraq, ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət dözülməz dərəcədə ağır idi. Erməni təcavüzü günü-gündən genişlənirdi. Azərbaycanda isə hakimiyyət böhranı hökm sürürdü. Gərgin siyasi vəziyyət, əhalinin sosial durumunun getdikcə ağırlaşması, ölkənin parçalanmaq və müstəqilliyini itirmək təhlükəsilə üzləşməsi fonunda dövləti bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə  ehtiyac duyulurdu.

1993-cü ilin iyun ayının əvvəllərində isə vəziyyət daha da kəskin hal aldı. İyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürüklədi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi  Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı.

Vəziyyətin bu qədər ağır olmasına rəğmən, xalq, xüsusən də ziyalı təbəqəsi  yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyətin Ümummilli Lider Heydər Əliyev olduğunu başa düşürdü. O zaman xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Sonralar Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin bu mərhələsi barədə dedikləri olduqca ibrətamizdir: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı.

Ümummilli lider Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Həmin dövrdə ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Bugünkü qüdrətli Azərbaycannın xarici siyasət strategiyasının əsas istiqamətlərini  də məhz o zaman hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev müəyyənləşdirdi. Bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etməkdən ibarət idi. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulub. Ötən  illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində davamlı islahatlar aparılıb, beynəlxalq aləmdə ölkəmizin nüfuz və hörməti artıb, sosial məsələlərə diqqət artırılıb, demokratik inkişaf yolu ilə gedən Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu gün Azərbaycan xalqı öz taleyinin və milli sərvətinin sahibidir. Ən əsası isə 90-ci illərdə Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat tandeminin yarıtmaz siyasəti nəticəsində işğal olunan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əiyevin rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə azad olunub.

Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ildən başlayan ordu quruculuğu, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, qüdrətli dövlətə çevrilməsi, müstəqil siyasət yürütməsi kursu son nəticədə Tarixi Zəfərin əldə olunması ilə nəticələnib. Başqa sözlə, 15 iyun  Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcıdır və Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası Prezident İlham Əliyevin Qələbə strategiyası ilə davam etdi və öz məntiqi yekununa çatdı.

Ötən il iyunun 15-də isə daha bir mühüm tarixi hadisə baş verdi ki, bunu qeyd etməmək olmaz. Belə ki, Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycanla qardaş Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı. Bu hadisənin Qurtuluş, eləcə də Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin isə xüsusi rəmzi mənası vardı. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir. Bu uğurlu başlanğıc isə həm Azərbaycan, həm də qardaş Türkiyə üçün yeni-yeni qələbələrə vəsilə olacaq.