YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Milli qurtuluşdan… böyük qayıdışlara!

Tahir Məmmədov

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru

Hakimiyyətə qayıdış…qurtuluş…torpaqlara dönüş-siyasi triptix…

Ayları, illəri vərəqlədikcə bizim nəslin gözlərinin önündə 1990-cı illərin ağrılı-acılı hadisələri canlanır. Azərbaycan dövlətçiliyinin mövcudluğuna qorxu və təhdid yaradan hərci-mərcilik, vəzifə hərisliyi, AXC-Müsavat cütlüyünün səriştəsizliyi, dövlət idarəçiliyi sistemindən bixəbər olması hər saat, hər gün özünü büruzə verir, başıpozuq silahlı dəstələrin ölkəmizi ayrı-ayrı bölgələrə parçalamaq cəhdləri baş alıb gedirdi. Azərbaycanın bir dövlət kimi məhv olub getməsi o zaman göz önündə idi. Bir tərəfdə dövlət əmlakı amansızcasına talan edilir, anarxiya, xaos, özbaşınalıq meydan sulayır, iqtisadiyyat çökür, əhalimizin sosial durumu getdikcə ağırlaşır, o biri tərəfdə isə ermənilər torpaqlarımızı işğal edir, dinc adamların qanı axıdılırdı.

AXC-Müsavat iqtidarının gücsüzlüyü, səriştəsizliyi Ermənistanın Azərbaycana hərbi təcavüzünü daha da qüvvətləndirirdi. Belə bir ağır zamanda xalq öz yenilməz oğlunu - Heydər Əliyevi xilaskar olaraq görürdü. Təbii ki, ölkəmizin qədirbilən, cəsarətli aydınları, ziyalıları bu faciəli dövrdə kənarda qalıb, səssiz-səmirsiz dura bilməzdilər. İndi adları dillərdə əzbər olan 91 nəfərdən ibarət olan ziyalı dəstəsi Naxçıvanda yaşayıb fəaliyyət göstərən dünya şöhrətli bir liderə - Heydər Əliyevə rəsmi müraciət ünvanladı. Həmin müraciətdə Azərbaycanın düşdüyü ağır siyasi, iqtisadi, mənəvi durum sadalanır, ölkənin hər saat, hər gün parçalanmasının törədəciyi fəlakət dilə gətirilir və… bu mürəkkəb, dözülməz bəlalardan Vətəni yalnız Heydər Əliyev dühasının xilas edə biləcəyi inadla vurğulanırdı.

Məşhur “91”lərin simasında böyük bir xalqın çağırışına, müraciətinə laqeyd qala bilməyən Heydər Əliyev 1993-cü ilin iyunun 9-da Bakıya gəldi. Xalq haqlı olaraq bu gəlişi Milli Qurtuluş Gününün başlanğıcı adlandırdı. Artıq hamıya bir daha aydın olub ki həmin gün sözün əsl mənasında Azərbaycan xalqının və Azərbaycan dövlətinin taleyində böyük bir dönüş zamanı və hər bir bəlalardan qurtuluşa yönəlmiş mühüm addım ki çağdaş tariximizə qızıl hərflərlə yazıldı. Ölkəmizi nicata, gələcəyə səsləyən o yol həmin zamandan məhz ulu öndərimiz Heydər Əliyevin gəlişi ilə başlandı.

1993-cü il iyunun 15-də ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetin Sədri seçildi. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun  tarixini Milli Qurtuluş Günü elan etdi. Dövlətçilik tariximizin şanlı qürur səhifəsi kimi əbədiləşən 1993-cü ilin 15 iyun günü artıq Ulu Öndərin tarixi Qurtuluş missiyası kimi uzun illərdir ki, xalqın Heydər Əliyevə əbədi, sarsılmaz inamı, sevgisi kimi bütün Azərbaycan boyu inamla addımlayır. Milli Qurtuluş nələri gətirdi: Birincisi ölkə xilas oldu, ikincisi asayiş və qayda-qanun bərqərar oldu, üçüncüsü nizamlı ordu yaradıldı, dördüncüsü Qarabağ müharibəsində atəşkəs yaradıldı, beşincisi münaqişənin dinc, diplomatik yolla nizama salınmasına səy göstərildi, sonra neft müqavilələri imzalandı - yəni iqtisadi dirçəlişin əsası qoyuldu, ilk demokratik parlament seçkiləri keçirildi, referendum yolu ilə Konstitusiya qəbul edildi. Bütün bunlara rəğmən ölkəmiz dünya birliyinə inteqrasiyası prosesinə qədəm qoydu.

Beləliklə, 15 iyundan başlayan yolla ulu öndər Heydər Əliyev müasir Azərbaycanın müstəqilliyini qorudu, möhkəmləndirdi, vətəndaş həmrəyliyini inkişaf etdirərək ictimai-siyasi mühiti zənginləşdirdi. Bütün bunlarla birlikdə Ulu Öndərin ən ümdə istəyi, möhtəşəm arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider indiki Zəfərli günlərimizə bütün varlığı ilə inanırdı: “Arzu edirəm ki, Sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamımız üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu - biz onlarsız heç vaxt yaşaya bilmərik”.

Ulu Öndərin məcburi köçkünlərin qarşısında çıxışlarının birində böyük bir inamla söylədiyi bu sözlər artıq öz tarixi həqiqətinə qovuşmuşdur. Bu böyük arzunu, belə müqəddəs istəyi həqiqətə qovuşduran Ulu Öndərimizin siyasi varisi, Azərbaycanın Qalib və Müzəffər Prezidenti İlham Əliyev oldu. İndi ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Azərbaycanı dünyanın dinamik inkişaf edən ölkələr sırasına çatdıran çoxminli Yeni Azərbaycan Partiyasının Sədri yenilməz rəhbərimiz Böyük Qayıdışın şəfəqləri altında ölkəmizi yeni, zəfərli zirvələrinə doğru aparır…