YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ərazi partiya təşkilatının, İnstitutun Qadınlar Şurasının və Gənc Alimlər Şurasının birgə təşkilatcılığı ilə “Milli Qurtuluşdan Zəfərə: Qalib ideologiyada ictimai təşkilatlanmanın, qadınların və gənc alimlərin rolu” mövzusunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən ulu öndər Heydər Əliyevin qısa zamanda dövlətçiliyin xilası, ictimai-siyasi sabitliyin bərpası yönündə atdığı tarixi əhəmiyyətli addımlardan danışıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çətin və mürəkkəb bir dövrdə Ulu Öndərin hakimiyyətə yenidən qayıdışının Azərbaycanın böyük təhlükələrdən xilasına, stabilliyə, əmin-amanlığa açılan yol olduğunu diqqətə çatdırıb.

YAP Yasamal rayon təşkilatı AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ərazi partiya təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov və digər çıxış edənlər ulu öndər Heydər Əliyevin qayıdışının Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən xilas etdiyini vurğulayıblar.

Sonra fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Təzəgül Qasımovanın “Vətən müharibəsi güclü siyasi təcrübənin və strateji hədəfin qələbəsi kimi”, elmi işçi Xanımağa İsmayılovanın “Milli birlik: Qurtuluşdan Zəfərə çatan yolda Azərbaycan qadını”, İnstitutun Gənc Alimlər Şurasının sədri müavini Humay İsayevanın “Vətən müharibəsindəki qələbənin gənclərimizin vətənpərvərlik tərbiyəsi işində əhəmiyyəti” və elmi işçi Vüsalə Gülmalıyevanın “Humanizm və nəciblik nümunəsi sayılan qadın” mövzusunda məruzələri dinlənilib.