YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kəlbəcər rayon təşkilatı növbəti yeni ərazi partiya təşkilatı təsis edib

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı, Kəlbəcər rayon 18 saylı tam orta məktəb üzrə yeni ərazi partiya təşkilatı təsis edib.

Tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov çıxış edərək, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan bəhs edib. O, partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb.

“Yeni Azərbaycan Partiyasının VII Qurultayı tarixi məqama – torpaqlarımızın işğaldan azad edildiyi bir vaxtda təsadüf etdi. Partiya Azərbaycanın ən ağır günlərində yarandı. Bu gün isə müstəqil, qüdrətli, qalib Azərbaycanda növbəti qurultay keçirildi. Prezident Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaydakı çıxışında partiya üzvləri qarşısında yeni vəzifələr qoyub ki, bunlardan biri də işğaldan azad olunmuş rayonlarımıza əhalinin qayıdışı işində partiya üzvlərinin fəal rol oynamasıdır. Bu işdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Əminəm ki, xüsusilə, azad olunmuş rayonlardan olan partiyadaşlarımız bu prosesdə layiqincə iştirak edəcəklər”, - deyə A.Məmmədov çıxışında vurğulayıb.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov qeyd edib ki, hər bir siyasi təşkilat mütəmadi olaraq yenilənməli, ideoloji prinsiplərini müasir dövrün tələblərinə uyğunlaşdırmalı, funksional və struktur islahatları baxımından dövrün çağırışlarına cavab verməlidir. Bu baxımdan, YAP-ın VII Qurultayında vacib qərarların qəbul edilməsi, yeni Nizamnamənin təsdiqlənməsi, partiya rəhbərliyində baş verən dəyişikliklər, yeniliklər də təşkilati nöqteyi-nəzərdən böyük önəm daşıyıb.

Xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi onun dövlət başçısı İlham Əliyevlə birlikdə Azərbaycana daha möhtəşəm uğurlar qazandırmasına əsaslanır.

Kəlbəcər rayon 18 saylı tam orta məktəbin direktoru Arzuman Qarayev və digər çıxış edənlər bildirdilər ki, heç şübhəsiz, çoxəsrlik dövlətçilik tariximizin, həmçinin müstəqillik dövrünün ən möhtəşəm taleyüklü hadisələri və prosesləri Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Çıxışlardan sonra cari məsələlərə baxılıb və Arzuman Qarayev Kəlbəcər rayon 18 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri seçilib.