YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Şuşa iqtisadi mərkəzə çevrilərək Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatına öz töhfəsini verir

Milli Məclisin deputatı Əliabbas Salahzadə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisindən və yekun olaraq Qarabağın tacı Şuşada xüsusi sessiyanın keçirilməsindən geniş bəhs edərək bildirib ki, azad Qarabağımız, azad Şuşamız iqtisadi mərkəzə çevrilərək Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatında öz sözünü deyir, əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli rol oynayan müqavilələrin imzalanmasına şahidlik edir: “Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində  27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki nitqində ölkəmizin müstəqilliyini yenidən bərpa etdikdən sonra enerji sahəsində qazandığı uğurları, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycanın qarşısında açdığı perspektivləri əsaslı şəkildə diqqətə çatdıraraq bu fikri xüsusi qeyd etdi ki, əməkdaşlıq əlaqələrinin qurulmasında etibarlılıq əsas amillərdəndir.

Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana olan inamın və etibarın göstəricisidir. Bu fikri hər zaman qeyd edirik ki, Azərbaycan  yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə xaosun, anarxiyanın, özbaşınalıqların baş alıb getməsi, siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin və şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu.  1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə yaradılan sabitlik bu tərəddüdlərin aradan qaldırımasında mühüm rol oynadı. “Əsrin müqaviləsi”nin imzalanması, ondan öncə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsi ölkəmizin malik olduğu imkanların təqdimatında mühüm rol oynadı. İldən-ilə sərginin iştirakçılarının sayında da diqqət çəkən artım həm tədbirə olan marağı, həm də Azərbaycanın möhkəmlənən mövqeyinə dəstəyin ifadəsi oldu. 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində  30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin iştirakı da özündə mühüm məqamları ehtiva edir.”

Əliabbas Salahzadə qeyd edib ki, Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası gələcək barədə aydın təsəvvür yaradır: “2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi.  Dövlət başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa təbrikində “Əsrin müqaviləsi”imzalanmasının bugünümüz üçün əhəmiyyətini belə ifadə etmişdir ki, bu saziş imzalanmasaydı bu gün Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyildi.”

Millət vəkili bu layihələrin davamı olaraq 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin keçirilməsindən, həmin ilin iyununda onun əsas tərkib hissələrindən olan TANAP-ın, 2020-ci ilin dekabr ayının 31-də TAP-ın istifadəyə verilməsindən, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzlanmasından geniş bəhs edib: “Dövlət başçısı İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimindəki nitqində də  Cənub Qaz Dəhlizinə ehtiyacı şərtləndirən amilləri bir daha diqqətə çatdırdı. Cənab İlham Əliyev bildirdi ki, bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometrlik vahid boru kəmərləri sistemi qüdrətimizin və dostluğumuzun təzahürüdür. Azərbaycanın ilkin mərhələdə başladığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratdı və hazırda onlar  qlobal enerji layihələrinə çevrilib.”

Əliabbas Salahzadə onu da əlavə edib ki,   Azərbaycan bütün sahələrdə, o cümlədən enerji sektorunda qazandığı uğurlarla kifayətlənmir, daim irəli baxır, yeni layihələrin təşəbbüsçüsü kimi çıxış edir, liderliyini nümayiş etdirir: “Bakı Enerji Həftəsi çərçivəsində Şuşada keçirilən xüsusi sessiyanın mövzusuna diqqət yetirmək kifayətdir. Azərbaycan  bərpaolunan enerji növlərinin inkişaf etdirilməsi istiqamətində atdığı addımları ilə də diqqətdədir. Dövlət başçısı İlham Əliyev  Qarabağ və Şərqi Zəngəzuru “Yaşıl Enerji Zonası” elan edib. Bu bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına və ölkəmizin daxili su ehtiyatlarının isə təxminən, 25 faizinə malikdir. Zəngin enerji potensialı və ekoloji təmiz, səmərəli müasir texnologiyaların tətbiqi ilə bağlı hədəf daim yeni imkanlar axtarışında olan investorlar üçün çox gözəl fürsətdir. Bu baxımdan Azərbaycanın, türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilən tədbir Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bu sahədə malik olduqları imkanların təqdimatına öz töhfəsini verəcək. Ümumilikdə Azərbaycanın iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayan beynəlxalq əhəmiyyətli tədbirlər yeni əməkdaşlıq formatlarının yaradılmasına, həmçinin yeni dostların, tərəfdaşların qazanılmasına yol açır ki, bu da öz növbəsində səylərin birləşdirilməsi fonunda qarşıya qoyulan məqsədlərə  yüksək səviyyədə və nəzərdə tutulan vaxtda nail olmağı  şərtləndirir.”