YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Azərbaycanın enerji sektorunda qazandığı uğurlar davamlılığı ilə diqqətdədir

“Azərbaycanın, türk dünyasının mədəniyyət paytaxtı Şuşada xüsusi sessiyanın keçirilməsi ilə başa çatan Bakı Enerji Həftəsi özündə üç ayrı layihəni ehtiva etdi - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və  əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunu. Pandemiya səbəbindən ikiillik fasilədən sonra yenidən başlanan sayca 27-ci Beynəlxalq  Xəzər Neft və Qaz Sərgisi, ümumilikdə  Bakı Enerji Həftəsi çərçivəsində keçirilən müzakirələr enerji təhlükəsizliyi və enerji ehtiyatlarının şaxələndirilməsi kimi mühüm məsələlərlə bağlı dialoqu daha da  gücləndirəcək. Dövlət başçısı İlham Əliyevin sərgidəki çıxışı Azərbaycanın enerji sektorunda qazandığı uğurların və gələcək hədəflərin  təqdimatı kimi dəyərləndirildi. Ölkəmizin müstəqilliyini yenidən bərpa etməsindən, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ənənəvi keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgiləri enerji sektorunda malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynadı. 1994-cü ildə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasından öncə belə bir sərginin təşkilinin əhəmiyyəti  aydındır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyimizə hesablanmış addımlar sırasındandır.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Azərbaycan xalqının ən böyük arzularından biri öz təbii sərvətlərinin sahibi olmaq, onlardan səmərəli istifadə nəticəsində ölkəmizin daha da qüdrətlənməsinə,  dünya birliyində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinə nail olmaq idi: “Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində  27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki  çıxışında bu fikri böyük əminliklə qeyd etdi ki, biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik.  Azərbaycan öz öhdəliklərinə hörmət edir. 1994-cü ildə hasilatın pay bölgüsünə dair  xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir sözün belə dəyişdirilməməsi ölkəmizin  mövqeyinin təzahürüdür. Təbii ki, əməkdaşlıq əlaqələrinin qurulmasında  etibarlılıq vacib amillərdən biridir. Məhz bu inam və etibar növbəti sazişlərin imzalanmasında da əhəmiyyətli rol oynayıb.”

Millət vəkili bu fikri də xüsusi qeyd edib ki, Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir: “Böyük  potensial və təcrübə  mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib. Ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə regional çərçivədə yaranan əməkdaşlığın sonrakı dövrdə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldığını görürük. İki dost, qardaş ölkələrin-Azərbaycan və Türkiyənin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri iştirakçı, eyni zamanda, dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafını şərtləndirdi. Bu gün artıq çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin, onun əsas seqmentləri olan TANAP və TAP-ın perspektivlərindən bəhs edirik. Azərbaycan və Türkiyə Prezidentlərinin Bakı Enerji Həftəsinin iştirakçılarına təbrik məktubunda da bu fikir xüsusi yer aldı ki, iki qardaş ölkə arasında enerji sahəsində   mükəmməl səviyyədə davam edən əməkdaşlıq ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıyır.”

Malik Həsənov “Əsrin müqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanmasından, Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanmasından da bəhs edib: “Azərbaycanın iqtisadi müstəqilliyinin  möhkəmləndirilməsi siyasi çəkisinin artmasında da mühüm rol oynadı. Dünyaya səs salan tarixi Zəfərimizdə bu amillərin rolu inkaredilməzdir. Azərbaycan dünya birliyinin fəal üzvü, qalib ölkə olaraq sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Təşəbbüsləri reallığa çevirən ölkə kimi nüfuz qazanan Azərbaycan uğurlu sonluqla başa çatdırdığı, iştirakçısı olduğu layihələrlə dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsünü daha da möhkəmləndirir.”  

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanın bərpaolunan enerji növlərinin inkişafı istiqamətində də mühüm addımlar atdığını xüsusi vurğulayan millət vəkili  Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji bölgəsi” elan edilməsini bunun bariz nümunəsi kimi qeyd edib: “Azərbaycanın, türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilən  “Xalis sıfra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi sessiya azad Qarabağımızın bu sahədə malik olduğu  imkanların təqdimatında öz sözünü deyəcək. Göründüyü kimi, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən  sərgilər və forum enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsulları görmək, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, perspektiv müqavilələr imzalamaq üçün geniş  imkanlar  yaratdı. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar davamlılığı ilə diqqətdədir.”