YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib

Kəlbəcər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının və Gəncə Regional Mədəniyyət İdarəsi Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Kəlbəcər RİH başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhid polkovnik-leytenant Anar Əliyevin xatirəsinə həsr edilmiş videoçarx nümayiş olunub.

Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Ordumuzun qazandığı Qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıb. A.Məmmədov diqqətə çatdırıb ki, Vətən torpağının azadlığı uğrunda canından keçən Anar Əliyevin və onun kimi minlərlə igid oğullarımızın xatirəsi xalqımızın yaddaşında əsrlər boyu qəhrəmanlıq dastanı kimi qalacaq, nəsildən-nəslə keçəcək.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi zəfərin tarixi bir Zəfər olduğunu vurğulayıb. O, əminliklə bildirib ki, polkovnik-leytenant şəhid Anar Əliyevi kimi oğulların qanları, canları bahasına işğaldan azad edilən tarixi torpaqlarımızda böyük quruculuq işləri geniş vüsət alacaq.

Şəhidin atası Vaqif Əliyev, həyat yoldaşı Vüsalə Əliyeva, döyüş yoldaşları Anarın şərəfli həyat yolundan, hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlərdən bəhs ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bilidiriblər.

Tədbirdə Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin yaradıcı kollektivinin və məktəblilərin ifasında vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər, musiqilər səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Anar Əliyev Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Əliyev oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Anar Əliyev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.