YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Dövlət Departamentinin hesabatında işğal altında olmuş ərazilərimizdə dini və tarixi abidələrin sistematik vandalizmə məruz qaldığı bildirilir

ABŞ Dövlət Departamenti dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı 2021-ci il üçün illik hesabatını dərc edib.

Hesabatın Azərbaycana aid bölməsində qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il iyunun 16-da “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb. Digər məsələlərlə yanaşı, yeni düzəlişlər uşaqların dini ibadətə məcbur edilməsini, dini ekstremizmin təbliğini və dövlət qulluqçularının dini fəaliyyətlə məşğul olmasını qadağan edir. Həmçinin hökumətin təsdiq etdiyi dini mərkəzlərə dini adların verilməsi üçün yeganə hüquq verir və dini icmalardan hökumət tərəfindən təsdiq edilmiş dini lider olmadıqda fəaliyyətlərini dayandırmağı tələb edir.

Multikulturalizmin və multikonfessional icmaların ölkəmizdə mövcud olmasını təsdiq edən hesabatda bildirilir ki, Azərbaycan Respublikasında Rus pravoslav kilsəsi, Gürcü pravoslav kilsəsi, Erməni apostol kilsəsi, Yeddinci günün adventistləri, Molokan kilsəsi, Roma katolik kilsəsi, yevangelistlər, baptistlər və Yehovanın şahidləri, yəhudilərin və bəhailərin sinaqoqları, məbədləri və digər dini evləri də fəaliyyət göstərir.

Hesabatının Ermənistana aid hissəsində 2017-ci ildə qeyri-qanuni mühacirətin təşkilində ittiham olunan tanınmış bəhai hüquqşünas Edvard Manasyanın mühakiməsinin icma üzvlərinin onun dininə görə irəli sürüldüyünə inandıqları haqqında söz açılır. Yezidi hüquq müdafiəçisi Saşik Sultanyanın ölkədə yezidilərə münasibəti tənqid edən jurnalistə verdiyi şərhlərə görə “nifrətin qızışdırılması”nda ittiham olunduğu qeyd edilir.

Bundan əlavə, bildirilir ki, Ermənistanda onlayn nifrət nitqi tətbiq olunur. Belə ki, anonim sosial media istifadəçilərin “Yevangelist Sözü Həyat Kilsə”sinə qarşı təqiblər davam edir. Yəhudi icmasının üzvləri 2020-ci ilin payızında Vətən müharibəsini zamanı İsrailin Azərbaycana göstərdiyi dəstəyə görə antisemitizmin, o cümlədən Ermənistan ictimaiyyəti nümayəndələrinin mənfi çıxışları və yahudilərə qarşı vandalizmin artdığını bildiriblər. Fevralın 12-də Holokost və Soyqırımı Memorialının 2020-ci ilin müharibəsindən sonra üçüncü dəfə vandalizmə məruz qaldığı bildirilir. Azlıqların dini nümayəndələri bildiriblər ki, Ermənistanda cəmiyyət və ailə təzyiqləri etnik ermənilər üçün erməni apostol dinindən başqa dinə etiqad etməyə əsas maneə olaraq qalır.

Bildirilir ki, Avropa Şurası Parlament Assambleyası sentyabrın 27-də qəbul etdiyi “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri/Dağlıq Qarabağ münaqişəsi” adlı qətnamədə qeyd edib ki, əvvəllər Ermənistanın dəstəklədiyi separatçıların nəzarətində olan və Azərbaycan tərəfindən azad edilən ərazilərdə vurulan zərərə və dağıntılara, və “xüsusilə də Ağdam, Füzuli və digər ərazilərin demək olar ki, tamamilə dağıdılması və talan edilməsi, habelə son 30 il ərzində mədəni irsin istismarına” görə Ermənistan məsuliyyət daşıyır.

Hesabatda qeyd olunur ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş diplomatların, vətəndaş cəmiyyəti nümayəndələrinin və jurnalistlərin sözlərinə görə, Ermənistanın nəzarəti altında olarkən bu ərazilərdə yüzlərlə abidələr, o cümlədən, regionun etnik azərbaycanlıların istifadə etdiyi məscidlər, ziyarətgahlar talan edilib, vandalizmə, təhqirlərə məruz qalıb və ya tamamilə dağıdılıb.

Qeyd olunur ki, “REZA” kimi tanınan peşəkar dünyaşöhrətli fotojurnalist Reza Deqati Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla azərbaycanlı qəbiristanlığının sistemli şəkildə dağıdılmasını lentə alaraq sənədləşdirib. Qəbirlər təhqir edilib, bəzi hallarda qəbirləri qarət etmək üçün çuxurlar qazılıb, digər yerlərdə isə ağır tikinti texnikası istifadə edərək qəbirlərin dağıdılıb eksqumasiya edilməsinə dair sübutlar toplanıb. Bir çox qəbirlərin baş daşlarında mərhumların yonulmuş üzləri çəkic və ya oxşar əşyalarla dağıdılıb. Bundan əlavə, azərbaycanlıların qəbirlərinin qalıqları eksqumasiya edilib, qızıl dişlər çıxarılıb, sümükləri isə ərazilərdə səpələnib və ya bəzi hallarda tamamilə dağıdılıb. Deqatinin sözlərinə görə, erməni məzarları demək olar ki, toxunulmaz qalıb.

Hesabatda qeyd olunur ki, vətəndaş cəmiyyəti nümayəndələrinin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının və Azərbaycan hökumətinin fikrincə, Azərbaycanın azad olunmuş ərazilərinin ermənilər tərəfindən geniş şəkildə minalanması şəhər və kəndlərdəki yüzlərlə dini obyektin böyük əksəriyyətinə girişi qeyri-mümkün edib və o abidələrə dəyən ziyanın həcmi illər boyu naməlum qala bilər.

Aşkar olunmuş və sənədləşdirilmiş ziyanı bir neçə misalla nümayiş etdirmək olar. Məsələn, Füzuli rayonundakı 19-cu əsrə aid olan Hacı Ələkbər məscidinin ermənilər tərəfindən dağıdılmasını, Ağdamdakı Cümə məscidinin üzərində erməni dilində qraffiti yazılmasını və mehrabının güllələnməsini qeyd etmək olar. Ağdam rayonundakı qəbiristanlıqlar, o cümlədən şəhərin Şəhidlər xiyabanı və İmarət Qərvənd qəbiristanlığının 18-ci əsrə aid müqəddəs və tarixi məqbərələri təhqir edilib, talan edilib və ya dağıdılıb. Hesabatda qeyd olunur ki, Şəhidlər xiyabanını ziyarət edən qərb diplomatları bir vaxtlar cəsədlərin basdırıldığı çuxurları gördüklərini və qəbiristanlıqda yalnız bir sınıq baş daşının qaldığını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv