YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda yüksək texnologiyalar sahəsində davamlı inkişaf strategiyası uğurla həyata keçirilir

Cavanşir Yusubov

YAP Mingəçevir şəhər təşkilatının sədri

Bu il Azərbaycan möhtəşəm “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına ev sahibliyi etdi. Əlbəttə ki, bu tədbirin ölkəmizdə keçirilməsi ilk növbədə Azərbaycanın növbəti böyük uğurudur. 26-29 may tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində keçirilmiş “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının ən önəmli cəhətlərindən biri Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunun və getdikcə daha da şaxələndiyinin və möhkəmləndiyinin bütün dünyaya nümayişi oldu. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev festivalda etdiyi çıxışında məhz bu məqamı xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ötən 30 il ərzində qardaş Türkiyə daim ölkəmizin, xalqımızın yanında olub. Bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Əlbəttə ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün inkişaf yolunun əsas istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanında yer alırlar. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Türkiyə və Azərbaycan yanaşı inamla addımladıqca, bölgəmizdə sülh və əmin-amanlıq da möhkəm və sarsılmaz olacaq.

Həqiqətən də 44 günlük Vətən müharibəsi zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında bütün dünyaya “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” mesajını verməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Lakin Azərbaycan-Türkiyə birliyinin kökləri daha qədimdir. Tariximizin ən önəmli anlarında ölkələrimiz, xalqlarımız bir yerdə olublar. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını bütün dünya 2021-ci ildə Zəfər paradında gördü. Bu, bizim birliyimizin əsl təntənəsi idi.

Həmçinin qeyd olunmalıdır ki, tarixi Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə və Azərbaycan münasibətləri artıq rəsmi olaraq müttəfiqlik zirvəsinə ucaldı. Ümumiyyətlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də ilk dəfə olaraq erməni işğalından azad olunan Şuşa şəhərinə etdiyi səfər çox böyük tarixi əhəmiyyət kəsb etmiş oldu. Ölkələrimiz, xalqlarımız və birbaşa dövlət başçılarımız arasında olan dostluq və qardaşlıq münasibətlərinin belə yüksək səviyyəsi birmənalı olaraq Cənubi Qafqazda regional sülhün və inkişafın əsas təminatçısı kimi çıxış edir. Həmin gün imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı və bu sənəddə əks olunan bütün müddəalar keyfiyyətcə daha yüksək əməkdaşlığın təminatı oldu. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Qeyd olunmalıdır ki, Şuşada imzalanmış Bəyannamə də tarixə əsaslanır. Bəyannamədə bir əsrlik tarixi olan Qars sazişinə istinadlar yer alıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də öz çıxışında dediyi kimi, Bəyannamə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. Hazırda bu müttəfiqlik özünü bütün sahələrdə, o cümlədən siyasətdə, iqtisadi əlaqələrdə, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyət, təhsil, ordu quruculuğu kimi strateji sahələrdə ən bariz şəkildə göstərməkdədir. Dövlət başçımızın dediyi kimi, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinin gücünə güc qatır. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Türkiyə və Azərbaycan yanaşı inamla addımladıqca, bölgəmizdə sülh və əmin-amanlıq da möhkəm və sarsılmaz olacaq. Digər tərəfdən isə Türkiyə-Azərbaycan birliyi təkcə ölkələrimizin deyil, bütün Türk dünyasının gücünə güc qatır, beynəlxalq aləmdə Türk amilinin çəkisini daha da artırır. Artıq yeni dünya nizamının quruculuğunu həyata keçirən bütün qüvvələr də anlayırlar ki, bu yeni düzəndə Türk birliyinin də öz yeri və öz rolu olacaq. Ölkələrimiz arasında mövcud olan birlik həm Azərbaycanın, həm də Türkiyənin artıq beynəlxalq güc mərkəzlərinə çevrilmələrində də önəmli rol oynayacaq.