YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə önəmli güc mərkəzinə çevrilir

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Azərbaycan və Türkiyə dövlətlərini bir-birinə bağlayan tarixi dostluğun, qardaşlığın, qarşılıqlı etimadın, səmimi münasibətlərin, yüksək səviyyəli əməkdaşlığın dərin kökləri vardır. Dünyada iki qardaş ölkə qədər doğma və yaxın olan digər ikinci bir nümunə yoxdur. Xalqlarımızın eyni soykökünə, eyni dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni daim doğmalaşdırıb, sevincli, kədərli günlərdə də həmişə biri digərinin yanında olub. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi xarakterizə etdiyi Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü, qardaşlıq siyasətinin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni, daha güclü müstəviyə keçməkdədir. Dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə münasibətləri tarixin bütün sınaqlarından alnıaçıq, üzü ağ çıxaraq bu gün ən yüksək mərhələsinə - Qardaşlıq mərhələsinə qədəm qoyub. Hələ Ümummilli Liderimizin Naxçıvanda Ali Məclisə sədrlik etdiyi vaxtlarda, yəni Muxtar Respublikanın blokada şəraitində olduğu zaman, Naxçıvan əhalisinin mənfur ermənilərlə ağır döyüşlərdə iştirak etdiyi anlarda Türkiyə ilə sərhəddə “Ümid” körpüsünün açılmasına, bunun ardınca isə sosial-iqtisadi, strateji və hərbi-müdafiə dəstəyinin əldə edilməsinə nail oldu. Bu kimi həssas və təhlükəli bir məsələnin həmin dövrdə nə qədər çətin bir proses olduğunu isə yəqin ki, çoxları yaxşı bilir. Məhz Türkiyə dövləti belə bir çətin anda öz qucağını qardaş Azərbaycana, Naxçıvana açdı və bununla da növbəti dəfə bariz qardaşlıq nümunəsini ortaya qoydu. Həmin qardaşlıq nümunəsi tarixi keçmişimizə, soykökümüzə söykənən şərəfli bir səlnamənin məntiqi davamı idi.

Bir neçə il bundan əvvəl Azərbaycanın ərazi bütövlüyünə yenidən təhdidlər ediləndə qardaş ölkənin döyüş təyyarələrinin Bakı səmasında görünməsi bir çox dövlətlərə ciddi xəbərdarlıq və tutarlı mesaj oldu. “Türk Yıldızları” ilə “Azərbaycan şahinləri” Bakı səmasında bəzi qüvvələrə sanki bir mesaj göndərdilər ki, artıq iki ölkə bir yumruqda birləşib və bu birliyi heç vaxt heç bir qüvvə sarsıda bilməz. Ondan sonrakı illərdə ölkələrimizin hərbiçiləri arasında dəfələrlə birgə hərbi təlimlər baş tutdu. Xüsusən də “Azadlıq Meydanı”nda keçirilən hərbi paradda azərbaycanlı və türk hərbiçilərinin eyni sırada, eyni qaydada hərbi yürüşlə keçmələri, parad zamanı iki ölkə Ali Baş Komandanlarının əminliklə söylədikləri alovlu nitqləri Azərbaycan-Türkiyə müttəfiqliyinin ən bariz nümunəsi kimi ortaq tariximizə yazıldı.

Daha bir nümunənin 2014-cü ildə şahidi olduq. O zaman Çexiyanın paytaxtı Praqada Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramının beş illiyi münasibəti ilə keçirilən tədbirdə Türkiyə nümayəndəliyi iştirak etmirdi. Türkiyə nümayəndəliyinin iştirak etməməsindən sui-istifadə edən spekulyant Ermənistan prezidenti qondarma erməni soyqrımını gündəmə gətirərək, Türkiyəni qəti şəkildə tənqid etməyə başladı. O zaman Azərbaycan Prezidenti cənab İlham Əliyev ortaya açıq mövqe qoyaraq: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki, bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə - Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm” sözlərini qətiyyətlə səsləndirdi və ermənilərin tutarlı cavabını verdi. Türkiyə dövlətinin mövqeyini öz dövlətinin maraqları kimi müdafiə etdi. Dövlətimizin başçısı tarixi "Əgər Türkiyə burada yoxdursa, mən buradayam!" bəyanatını səsləndirməklə qardaş ölkəyə qarşı irəli sürülən ittihamlara ötkəm, qətiyyətli cavab verdi. Bununla da Azərbaycan - Türkiyə münasibətlərinin hansı səviyyədə olduğunu bütün dünyaya göstərdi və Türkiyəyə qarşı çıxan bütün tərəflərə sərt bir mesaj ötürdü ki, bu məsələdə ədalətli tərəf Türkiyədir və o tək deyil.

İkinci Qarabağ müharibəsində və müharibədən sonra da qardaş Türkiyə Azərbaycanın hər zaman yanında olduğunu bir daha sübut etdi. Onu xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla Türkiyə arasında əlaqələrin bu cürə yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də bütövlükdə regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verməkdədir. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin davamlı inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır.

May ayının 28-də Azərbaycanın Müstəqillik Günündə dünya Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik etdi, mayın 26-da Bakıda başlayan “Teknofest Azərbaycan” festivalının proqramı biri-birindən maraqlı müsabiqələrlə, əyləncəli tədbirlərlə zəngin oldu. Mayın 29-dək davam edən festivalın sərgi hissəsində insan zəkasının məhsulu olan son texnoloji yeniliklər nümayiş etdirildi. Festival çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Yıldızları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi uçuşları təşkil olundu. 2018-ci ildən keçirilməyə başlanan “Teknofest” Aerokosmik və Texnologiya Festivalının ildən - ilə artan nüfuzu beynəlxalq aləmdə onun böyük əhəmiyyətindən xəbər verir. Əlbəttə ki, bu möhtəşəm layihənin ölkəmizdə keçirilməsi ilk növbədə Azərbaycanın növbəti böyük uğurudur. “Teknofest Azərbaycan” festivalının daha önəmli bir cəhəti də Türkiyə - Azərbaycan münasibətlərinin çox yüksək səviyyədə olduğunun bütün dünyaya bir daha nümayişi oldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin və qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın bu festivalda iştirakı festivalın əhəmiyyətini daha da artırdı. Bu Türkiyə - Azərbaycan dostluğunun, qardaşlığının əbədi və sarsılmazlığını bir daha dünyaya göstərdi.

“Teknofest Azərbaycan” festivalında Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, dünya şöhrətli Türkiyəli alim, Nobel mükafatı laureatı professor Əziz Sancar, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdilər. Çıxışlarda parlaq tarixi olan Azərbaycan və Türkiyənin tarixin ən önəmli anlarında daim bir yerdə olduqları xüsusilə qeyd olundu.                  

Bunu da qeyd etmək yerinə düşərdi ki, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda da Türkiyə və Azərbaycan hərbiçiləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə keçirilən möhtəşəm Zəfər paradında da gördük. Tarixi Zəfərimizdən sonra yenə də hər iki dövlət başçısı birlikdə Azadlıq meydanında Türkiyə və Azərbaycan Ordularının hərbi paradını qəbul etdilər. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, Türkiyə və Azərbaycan qardaş ölkədir, bir yerdədir və hər zaman bir yerdə olacaqdır. Ölkələrimizin gücü, qüdrəti də gündən-günə artmaqdadır. “Teknofest Azərbaycan” festivalında bir daha xatırladıldı ki, keçən il iyunun 15-də – Milli Qurtuluş Günündə hər iki Prezident Şuşada oldular. Bu da çox əlamətdar bir hadisə idi. Burada tarixi əhəmiyyətə malik “Şuşa Bəyannaməsi” imzalandı ki, bu da Türkiyə və Azərbaycanı rəsmən müttəfiqlik zirvəsinə ucaltdı. Bu müttəfiqlik özünü bu gün hər yerdə - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğunda göstərir.

Festivalda Möhtərəm Prezidentimiz cənab İlham Əliyev çıxışı zamanı Selçuk Bayraktarı səmimiyyətlə salamladı. Qeyd etdi ki: “Selçuk bəy nəinki “Teknofest”in təşkilatçısı və təşəbbüskarıdır, Selçuk bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” PUA-larının rolunu indi dünyada bilməyən yoxdur. Selçuk bəy dünən Şuşada idi. Əminəm, Şuşanı görərkən bir daha şahidi oldu ki, Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız öz milli qürurunu müdafiə etmək, təmin etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar. Selçuk bəy də gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar”.

Elm, inkişaf, bilik, texnologiya bayramı olan “Teknofest”də  iştirak edən gənclər də bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bir yerdə bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldular, bir-birini tanıdılar.

Bu festivalda bir daha hər kəs gördü ki, hər iki Prezident ölkələrini müstəqillik yolu ilə xoş, firavan gələcəyə inamla aparır. Türkiyənin artan gücü Azərbaycanı, Azərbaycanın artan gücü isə hər iki ölkəni gücləndirir. Bununla da tarixin ən qədim, ən ulu ölkələrindən olan Azərbaycan və Türkiyə bu gün qloballaşan dünyada bir – birinin gücünə güc qataraq beynəlxalq aləmdə çox vacib, önəmli bir güc mərkəzinə çevrilir.

DİGƏR Xəbərlər Arxiv