YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə qardaşlığının, münasibətlərinin tarixi kökləri çox qədimdir

Ayaz Cəbrayılov

YAP Kürdəmir rayon təşkilatının sədri

Mayın 28-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müstəqillik Günündə ölkəmizə səfəri və Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak etməsi qeyd etdiyimiz  qardaşlıq və müttəfiqlik münasibətinin daha bir simvoludur. Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında birgə iştirak edən Azərbaycan və Türkiyə Prezidentləri iki dost, qardaş, müttəfiq ölkənin keçdiyi inkişaf yoluna nəzər salıb əzəli və əbədi qardaşlığımızı şərtləndirən amilləri açıqladılar. Xatırlamaq yerinə düşər ki, XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunmuşdur. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik, dostluq, nümunəsidir. Və bunun tarixi çox qədimdir. Çünki bizi bir çox amillər birləşdirir. Ortaq etnik köklərimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, tarixən bir-birimizə arxa-dayaq olmağımız bu birliyi, bu qardaşlığı, bu təəssübkeşliyi təmin etmişdir. Ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçmişdir. Keçən ilin iyununda bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasını sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım kimi qiymətləndirən Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd edib ki, bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoyub. Mayın 14-də Möhtərəm Prezidentimiz İlham Əliyevin Türkiyədə Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunu bir daha sübut etdi. “Bir millət, iki dövlət, tək festival” şüarı ilə keçirilən “TEKNOFEST Azərbaycan” festivalı bir çox  tarixi məqamlarla yadda qaldı. Öncə qeyd etmək lazımdır ki, hazırda informasiya texnologiyaların inkişafı, innovasiyalar, alternativ və daha sürətli həll mexanizmlərinin tətbiqi dünyada geniş vüsət alır. Bakıda keçirilən bu festival aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin inkişafına və gənclər arasında təbliğinə töhfələr verəcəkdir. Həmin sahələrdə sahibkarlığın təşviq edilməsi, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması gənclərimizdə bu sahəyə marağını  daha da artıracaq. “TEKNOFEST Azərbaycan” festivalı Azərbaycan və Türkiyə gənclərinin nümayiş etdirdikləri birlik, həmrəylik fonunda iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafının da aydın mənzərəsini yaratdı.

2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilmiş hərbi paradda, həmçinin 2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradında olduğu kimi, builki tədbirlərdə də Azərbaycan və Türkiyə liderlərinin birgə iştirakı dostluğun, qardaşlığın və müttəfiqliyin göstəricisidir. Türkiyə-Azərbaycan münasibətləri dünya ölkələri arasında bənzəri olmayan münasibətlərdir. Bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi strateji siyasət sayəsində hər iki qardaş xalqın maraqlarına uyğun  inkişaf edir. Bu birlik həqiqətən də bölgədə ədalətlilik prinsipinə əsaslanan münasibətləri reallaşdırır və dünyada gedən geosiyasi proseslər fonunda yeni model  təqdim edir.  Prezident İlham Əliyev Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləri olduğunu qeyd edərək, bildirdi ki, “Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə vurğuladı ki, ”Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir”. Bununla da hər iki dövlət rəhbərlərinin tarixi çıxışlarında səsləndirdikləri prioritet məsələlərə əsasən deyə bilərik ki,  artıq bölgədə yeni bir mərhələ başlayır. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Türkiyə-Azərbaycan birliyinin mövcud səviyyəsi regional və beynəlxalq sülh və rifaha töhfə verir.