YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Efiopiyada Müstəqillik Günü və “Şuşa İli”nə həsr olunmuş qəbul mərasimi keçirilib

Efiopiyanın Əddis-Əbəbə şəhərində 28 May - Müstəqillik Günü və “Şuşa İli”nə həsr olunmuş rəsmi qəbul keçirilib.

Qəbulda Efiopiyanın Xarici İşlər Nazirliyinin Amerika və Avropa İşləri üzrə baş direktorunun müavini səfir Eyerusalem Amdemaryam ilə yanaşı, Efiopiya Parlamentinin nümayəndələri, habelə yerli dövlət orqanlarının rəhbər şəxsləri, Əddis-Əbəbədə və Afrika İttifaqı Komissiyasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycanın institut və universitetilərinin efiopiyalı məzunları, işgüzar dairələrin, media və QHT-lərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə Şuşa şəhərinə həsr olunmuş fotosərgi təşkil olunub.

Qəbul Azərbaycan ilə Efiopiya Dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirin açılışında səfir Eyerusalem Amdemaryam və Azərbaycanın Efiopiyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov çıxış ediblər.

R.Nəsibov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, İslam dünyasında ilk parlament demokratiyası olması və İslam dünyasında, eləcə də Avropanın qabaqcıl ölkələrindən də əvvəl qadınlara səsvermə hüququnun verilməsi haqqında danışıb.

O, 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan ölkəmizin xüsusən son iki onilliyində sürətli inkişafından, o cümlədən ölkə iqtisadiyyatının 3 dəfədən çox artdığını, yoxsulluq səviyyəsinin 6 faizdən aşağı endiyini, valyuta ehtiyatının xarici borcu 5 dəfədən çox üstələyək 53 milyard ABŞ dollarına çatdığını, infrastrukturuna görə bir çox aparıcı dünya dövlətlərini qabaqladığını diqqətə çatdırıb. Diplomat Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqeyindən yararlanaraq, ölkəmizin Asiya və Avropa arasında körpü rolu oynadığını vurğulayıb, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, 5 ulduzlu hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, ölkədə 7 beynəlxalq hava limanının olması, o cümlədən azad edilmiş ərazilərimizdə ötən ildə istifadəyə verilmiş və cəmi 8 ayda sıfırdan tikilmiş Füzuli Beynəlxalq Hava Limanı, daha sonra Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi regional enerji və nəqliyyat layihələri barəsində məlumat verib.

Sülh və təhlükəsizliyə gəldikdə, diplomat Ermənistan - Azərbaycan münaqişəsinin 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq hərbi-siyasi yolla həll olunduğunu və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. Prezident İlham Əliyevin Azərbaycanın mehriban qonşuluq münasibətlərinin formalaşdırılması, beynəlxalq hüququn prinsiplərinə ciddi riayət olunması, o cümlədən suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında ölkəmizin Ermənistanla əlaqələrin normalaşdırılmasına hazır olmasını bəyan etməsi qonaqların diqqətinə çatdırılıb. Regionda sülh və sabitlik üçün Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların tam şəkildə icra edilməsinin vacibliyi qeyd olunub. Qonaqlara Azərbaycan tərəfindən azad edilmiş ərazilərdə bərpa-quruculuq işlər barədə ətraflı məlumat verilib.

Cari ildə Azərbaycanın mədəni paytaxtı olan və hər bir azərbaycanlı üçün müqəddəs əhəmiyyətə malik olan Şuşa şəhərinin 270 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi qonaqların diqqətinə çatdırılıb.

Azərbaycan-Efiopiya ikitərəfli əlaqələrindən bəhs edən R.Nəsibov 1992-ci ilin noyabrın 2-də diplomatik münasibətləri qurulan iki ölkə arasında dostluq əlaqələrinin uğurla inkişaf etdiyini söyləyib, siyasi, iqtisadi, humanitar və vətəndaşlara xidmət sahələrində əlaqələrin inkişafı üçün böyük potensialın mövcudluğunu vurğulayıb.

Tədbirdə iştirak edən Xarici İşlər Nazirliyinin Amerika və Avropa İşləri üzrə baş direktorunun müavini səfir Eyerusalem Amdemaryam Efiopiya hökuməti adından Müstəqillik Günü münasibətilə Azərbaycan hökuməti və xalqına sülh və firavanlıq arzulayıb, Efiopiyanın Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrin möhkəmlənməsinə sadiq olduğunu vurğulayıb. O, Qoşulmama Hərəkatı və iki ölkənin üzv olduğu digər qlobal mexanizmlər vasitəsilə Efiopiya və Azərbaycanın dünyanın hazırkı kritik dövründə problemlərin həllində birgə çalışa biləcəyini qeyd edib. Beynəlxalq müstəvidə mövcud əməkdaşlığı daha da gücləndirmək niyyətini bildirən Efiopiya rəsmisi iki ölkə arasında sərmayə, ticarət, təhsil sahələrində böyük potensialın mövcudluğunu, eləcə də vətəndaşlara xidmət kimi sahədə institusional əməkdaşlığın inkişafına ümidvar olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycan haqqında müxtəlif video materiallar, o cümlədən Şuşa şəhəri, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Beynəlxalq Aeraportu, habelə Formula 1 Azərbaycan Qran-Prisi, tarixi-mədəni abidələr, turistik məkanlar, mətbəx və multikulturalizm ənənələrinə dair videoçarxlar nümayiş olunub.

Tədbir Azərbaycan klassik və xalq musiqisi sədaları altında davam edib. Tədbirin ikinci hissəsində qonaqlar qarşısında Efiopiyada, eləcə də Afrika Buynuzu regionunda tanınmış “Fendika Mədəniyyət Mərkəzi”nin caz qrupu müxtəlif ifalarını təqdim edib.

Tədbir yerli kütləvi informasiya vasitələrində işıqlandırılmaqdadır.