YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Veteranlar Şurasının təşkilatçılığı ilə Gəncədə Müstəqillik Gününə həsr edilən dəyirmi masa keçirilib

Mayın 27-də Gəncədə Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurası və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr edilən dəyirmi masa təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, sonra ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüblər.

Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən dəyirmi masada Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.

YAP İdarə Heyətinin üzvü, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Mərkəzi Aparatının şöbə müdiri Rufiz Qonaqov, Gender və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva, baş məsləhətçi Araz Xudadanov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, Gəncə-Daşkəsən, Qazax-Tovuz iqtisadi rayonları üzrə partiya fəalları, tarixçi alimlər, tədqiqatçılar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə tədbirin gündəliyi və nəzərdə tutulan çıxışlar barədə iştirakçıları məlumatlandırıb.

İclasda çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bu mühüm tədbirin Gəncə şəhərində keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Qədim Gəncə: Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı” mövzusunda çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin üç ay ərzində Gəncədəki fəaliyyətinin tariximizin və dövlətçiliyimizin şanlı səhifələrinə yazıldığını deyib: “Cümhuriyyət tarixinin ən məhsuldar dövrü Gəncədə yaşanıb. Üç ay ərzində Gəncədə xalqın taleyi ilə bağlı yüzdən artıq qanun və qərar qəbul edilib, Azərbaycan dili dövlət dili elan olunub. İlk dəfə al qırmızı ay-ulduzlu bayrağımız Gəncədə ucaldılıb. Azərbaycan Milli Ordusunun təşkili sahəsində ilk addımlar da Gəncədə atılıb”.

Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk çıxışında Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu deyib. O, Gəncədə Qafqaz İslam Ordusunun qəhrəmancasına həlak olan ilk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün inşa ediləcək abidənin təməlinin qoyulmasını yüksək qiymətləndirib. Konsul Nuru paşanın rəhbərliyi ilə 1918-ci ildə Azərbaycana gələn Qafqaz İslam Ordusunun fəaliyyətindən də danışıb.

Ötən əsrin ilk illərindən başlayaraq çar Rusiyasının Azərbaycandakı milli müstəmləkəçilik siyasətini tarixi faktlar əsasında geniş şərh edən YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə qeyd edib ki, 1917-ci ilin fevralında Rusiyada çarizmin devrilməsindən sonra başqa xalqlar kimi, Azərbaycan xalqının da qarşısında sosial-iqtisadi, siyasi və milli inkişaf üçün geniş imkanlar açılmışdı. Dövlət Dumasının Azərbaycandan olan deputatları Rusiyada parlamentarizmin təşəkkülündə və inkişafında iştirak edərək, parlament fəaliyyəti sahəsində böyük təcrübə qazanmışdılar. Bu təcrübə onlara bütün səylərini birləşdirərək qısa müddətdə müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa imkan verdi.

Dilarə Seyidzadə çıxışında qeyd edib ki, 28 May Azərbaycan tarixinin əzəmətli günlərindəndir. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin mühüm dövrlərindən biri XIX əsrin sonu - XX əsrin əvvəlləridir. Bu dövrdə ölkəmizin ziyalıları bütün imkanlardan istifadə edərək Azərbaycan xalqının milli mənlik şüurunu oyanması, maariflənməsi və vətəndaşlıq hüquqları qazanması üçün mübarizəyə qalxdılar.

Professor Dilarə Seyidzadə Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə həyata keçirilən bir sıra mühüm tədbirlər, qəbul edilən qanunlar, eləcə də Cümhuriyyət qurucularının siyasi fəaliyyəti barədə ətraflı məlumat verib, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin tam həyata keçirə bilmədiyi müstəqillik arzularının ulu öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən gerçəkləşdirildiyini deyib.

Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Asim Məmmədov “Müsəlman Şərqində ilk demokratik respublika” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətini üzvi şəkildə birləşdirən yeni dövlət modeli idi. Bu nümunəvi model sonralar dövlət müstəqilliyi əldə etmiş digər cümhuriyyətlər üçün də örnək oldu.

“Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müstəqil Azərbaycan bu gün: bölgədə yeni konfiqurasiya və yeni reallıqlar” mövzusu ilə çıxış edən YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov bildirib ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan və müasir dövlətçilik tariximizdə önəmli yer tutan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin milli dövlətçilik ənənələrinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. “Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman şərqinin mayakı rolunu oynamağı bacardı. Ulu öndər Heydər Əliyevin 90-cı illərdə hakimiyyətə qayıdışından sonra Naxçıvanda Azərbaycanın yenidən üçrəngli bayrağı dalğalandı. Ümummilli Liderin ölkəmizə prezidentliyi dövrü, eləcə də onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan şanlı tarix yazdı. Eyni zamanda, bölgədə yeni konfiqurasiya yaratdı,” - deyə R.Qonaqov əlavə edib.

Sonda çıxış edən Arif Rəhimzadə deyib ki, bu gün Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun davam etdirilir. Xalqımız bundan sonra da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməlidir.

Müstəqillik Gününə həsr edilən dəyirmi masa müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.