YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli tariximizin qızıl səhifələrindən biridir. Çünki bu tarix Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Müsəlman Şərqinə Cümhuriyyət məfkurəsini, idarə-üsulunu Azərbaycan xalqı gətirdi. İstiqlala gətirən yol maarifçilik, milli özünüdərk, milli şüurun formalaşması kimi böyük bir prosesdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti çağdaş tariximizə 350 dəfə “ilk dəfə” ifadəsini yazmışdı. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti və hökuməti çox mürəkkəb daxili və beynəlxalq vəziyyətdə ölkənin suverenliyini, ərazi bütövlüyünü təmin etmək, iqtisadi-sosial sahələrdə tərəqqi və inkişafa nail olmaq, həmçinin ordu quruculuğunu zəruri qanunlarla möhkəmləndirmək üçün mühüm prosedur qanunvericilik tədbirləri həyata keçirmişdir.” Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə söykənərək, ölkədə dini-etnik tənzimləmə siyasəti aparmış, vicdan azadlığının qorunmasına xüsusi önəm vermiş, azsaylı xalqların nümayəndələrinin 1918-ci ilin dekabrın 7-də açılan Parlamentdə yer almalarına şərait yaratmışdı. Tarixən müxtəlif mədəni təbəqələrə malik olan ölkədə dövlət-vətəndaş münasibətlərinin sivil modelini yaratmışdı. Şərqə demokratiyanın ilk işığını gətirən Azərbaycan Xalq Cümhuriyyəti de-fakto və de-yure olaraq iri dövlətlər tərəfindən tanınmış beynəlxalq hüququn subyektinə çevrilmişdi. Müstəqilliyi böyük dövlətlər tərəfindən tanınmış Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı Sovet Rusiyasının birbaşa hərbi müdaxiləsi ilə sona çatdı. Milli dövlət süqut etsə də, milli dövlətçilik duyğuları qəlblərdən silinmədi. Milli yaddaş məhv olmadı. XX yüzilin sonlarında Azərbaycan dövləti yenidən istiqlala qovuşdu, Cümhuriyyət ənənələrinə sadiqliyini bəyan etdi. Azərbaycan bu gün dünyanın siyasi və iqtisadi dairələrində diqqət mərkəzində olan müstəqil ölkə, regionun lider dövlətidir. 30 ildir müstəqil olan Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cühmuriyyətinin layiqli varisidir. Ulu öndər Heydər Əliyev bugünkü Azərbaycan Respublikasını Xalq Cümhuriyyətinin varisi hesab edərək demişdir: “Bu dövlət, bu quruluş 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün xalq onun varisidir. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları keçib getdi. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.” K.Bayramov xatırladıb ki, bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Yeni əsrin yeni lideri İlham Əliyev bu 18 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirib. Məhz bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi.