YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan həmçinin etibarlı tərfədaşdır

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının  sədri

Litva Prezidentinin mayın 18-də ölkəmizə rəsmi səfəri zamanı Prezidentlərin mətbuata bəyanatı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha Azərbaycan həqiqətlərinə diqqət çəkdi. Azərbaycanın Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik mühitinin mövcud olmasında maraqlı olduğunu bildirən ölkə başçısı əməkdaşlıq üçün İkinci Qarabağ müharibəsindən sonra yeni imkanların yarandığını vurğuladı. Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayıb və işğalçılıq siyasətindən əl çəkmək istəməyib. Sülhdə maraqlı olması səbəbindən Azərbaycan danışıqlar prosesinə sadiq qalıb. Lakin Ermənistan davamlı olaraq təxribatlar törədib. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq edilmədi. Azərbaycan Prezidenti cənab İlham Əliyev bəyanatında bu məsələyə diqqət çəkərək bildirdi ki, əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Təbii ki, Azərbaycan öz ərazilərinin işğalı ilə barışa bilməzdi və beynəlxalq hüquq normaları əsasında, xüsusən də BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən qətnamələrə əsaslanaraq Azərbaycan öz ərazisini işğaldan azad etdi. Bir sözlə, Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandı və münaqişə hərbi-siyasi yolla öz həllini tapdı.

Artıq Azərbaycan regionda yeni reallıqlar yaradıb və bu reallıqlar sülhə, təhlükəsizliyə, eyni zamanda əməkdaşlığa hədəflənib. Azərbaycan tərəfi hərbi əməliyyatlar bitən kimi öz mövqeyini bəyan etdi. Bu mövqe sülh müqaviləsinin bağlanması və sərhədlərin delimitasiyasından ibarətdir. Hətta ölkəmiz BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarını əsas tutaraq sülh müqaviləsinin imzalanması üçün Ermənistana 5 əsas prinsipdən ibarət təklif irəli sürdü. Bu 5 prinsipi rəsmi qaydada qəbul etməsinə baxmayaraq Ermənistan məsuliyyətsiz mövqe nümayiş etdirir. Belə ki, bu ölkə ayrı-ayrı tarixlərə təyin olunmuş iki görüşdə iştirakdan yayınmışdır.  Ermənistanın görüşlərdən imtina etməsi narahatlıq və təəssüf yaradır. Lakin bu ölkə anlamalıdır ki, Azərbaycanın irəli sürdüyü 5 prinsipi yerinə yetirmək məcburiyyətindədir. Ermənistan görüşlər üçün tarix verməli və sərhədlərin delimitasiyası artıq başlamalıdır. Azərbaycan dövləti bu işlərə tam hazır vəziyyətdədir, eyni zamanda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə məşğuldur. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan sülpərvər ölkədir və regionda dayanıqlı təhlükəsizliyin mövcud olmasında maraqlıdır.

Prezident İlham Əliyev həm mətbuata bəyanatında, həm də  Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı Avropa İttifaqı ilə olan münasibətlərdən bəhs etdi. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycanın imzaladığı strateji tərəfdaşlıq haqqında razılıqlar və ticarət dövriyyəsinin artması əminliklə deməyə əsas verir ki,  Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının üzvü olan Litva ilə də Azərbaycanın uzun illərdir ki, güclü siyasi münasibətləri var və ölkələrimiz strateji tərəfdaşlardır. Azərbaycanla Litva arasında müxtəlif sahələrdə-ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələrində əməkdaşlıqlar daha da inkişaf etdiriləcəkdir.

Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı davamlı olaraq inkişaf edir və ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi artır. Eyni zamanda Azərbaycan özü kreditlər ayırır, bu isə o deməkdir ki, artıq ölkəmiz donor ölkədir. Önəmli nəqliyyat mərkəzinə çevrilən Azərbaycan bu gün öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Bundan əlavə, ölkəmiz Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edən Azərbaycanın enerji resurslarına ehtiyac hazırda çox böyükdür.  Dünyada gedən siyasi proseslər fonunda Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf və etibarlı tərəfdaş  kimi qəbul edilir.

DİGƏR Xəbərlər Arxiv