YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Ermənistanın hər addımda öhdəlikləri pozmaq cəhdi məsuliyyətsizlikdir

Milli Məclisin deputatı Əliabbas Salahzadə Azərbaycan-Avropa İttifaqı əlaqələrindən geniş bəhs edərək diqqəti dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan-Litva biznes forumundakı nitqinə, eyni zamanda,  hər iki ölkənin dövlət başçısının mətbuata bəyanatlarına yönəldib: “Prezident İlham Əliyev Azərbaycanın neft və qeyri-neft sektorunda qazandığı uğurları əsaslı şəkildə diqqətə çatdırdı. Ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin inkişafı üçün geniş  imkanlar mövcuddur. Bu məqam da xüsusi qeyd edildi ki, Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. İqtisadiyyatın ənənəvi sahəsi olan neft sektorunun inkişaf etdirilməsi yerli məqsədlər və bir çox ölkələrin enerji təhlükəsizliyi üçün vacib rol oynamaqda davam edir. Ümumilikdə  şaxələndirmə  əsas hədəfimizdir. Şaxələndirmə olmadan davamlı inkişafa  nail olmaq mümkün deyil. 2003-cü ildə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyev, həmçinin “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü. Bu gün tam əminliklə deyə  bilərik ki, qarşıya qoyulan hər bir hədəfə dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində nail oluruq.”

Əliabbas Salahzadə postmünaqişə dövrünün reallıqları fonunda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksələn xətlə inkişafından bəhs edərək vurğulayıb ki, qurum bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin  təminatında maraqlıdır, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına öz dəstəyini göstərməyə səy göstərir: “Dövlət başçısı İlham Əliyev postmünaqişə dövrünün reallıqlarına söykənərək Azərbaycanın hazırkı mərhələdə əsas hədəfinin   Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək olduğunu bildirir.  İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkanlar var. Yeni əməkdaşlıq formatları yaradılır, əlaqələrin inkişafı üçün hər bir ölkənin  hansı imkanlara malik olduğu geniş təhlil edilir. Azərbaycan hər zaman bölgədə və dünyada birləşdirici, sabitləşdirici faktor kimi qeyd edilir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dövlətlər, xalqlar arasında körpü rolunu oynayaraq həm də bu ölkələrin uzunmüddətli iqtisadi inkişafına şərait yaradır.”  

Millət vəkili vurğulayıb ki,  Ermənistan 10 noyabr  2020-ci il üçtərəfli Bəyanatında əks olunmuş və sonrakı bəyanatlarla bir daha  möhkəmləndirilmiş öhdəlikləri pozur: “Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan həmin sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə laqeyd yanaşan, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olan Ermənistanın daxilində cərəyan edən proseslər, həmçinin işğalçı dövlətin baş nazirinin  sərsəm bəyanatları diqqətdən kənarda qala bilməz. Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan  Ermənistanda baş qaldırmağa çalışan revanşist qüvvələrə daim bu mesajı ünvanlayır ki, dəmir yumruq yerindədir.”

“Azərbaycan öz tarixi torpaqlarına qovuşub” söyləyən Əliabbas Salahzadə bildirib ki, ölkəmiz şanlı Zəfəri ilə, həmçinin ədalətin, beynəlxalq hüququn mövcudluğunu nümayiş etdirdi: “ Amma təəssüflər olsun ki, dünya gücləri Ermənistanın bu gün də öhdəliklərin yerinə yetirilməsinə laqeyd yanaşmasına münasibət bildirmir, konkret addımlar atmır. Avropa İttifaqının neytral mövqe nümayiş etdirərək Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpasında göstərdiyi səylər yüksək dəyərləndirilir. Lakin Ermənistan kommunikasiyaların açılmasını,  sərhədlərin delimitasiyasını yubadır, birinci müharibədə əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar haqda məlumat verməkdən, vaxtilə işğal altında saxladığı ərazilərin minalanması xəritələrini təqdim etməkdən imtina edir, UNESCO-nun Ermənistandakı Azərbaycan tarixi irsinin monitorinqini sabotaj edir, Zəngəzur dəhlizi məsələsini uzadır.”

Millət vəkili bu məqama da diqqəti yönəldib ki, Ermənistan sərhədlərin delimitasiyasına dair ilk görüşün iki ölkənin sərhədində keçirilməsi barədə təklif irəli sürmüşdü və  Azərbaycan da bu təklifi dəstəkləmişdi: “Amma Ermənistan artıq aprelin 29-na  razılaşdırılmış görüşü ləğv etdi, daha sonra isə 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı icra etmədi. İşğalçı dövlətdən fərqli olaraq Azərbaycan hər zaman öhdəliklərə sadiq olub.  Ermənistanın hər addımında öhdəlikləri pozmaq cəhdi məsuliyyətsizlikdir. Bu məsuliyyətsizliyə əsas verən ikili standartlara əsaslanan siyasətin bu gün də mövcudluğudur. Qalib və diktə edən  tərəf kimi Azərbaycan vaxtilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə  yaradılan ATƏT-in Minsk qrupunu tarixin arxivinə göndərdiyi, hətta Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Brüssel görüşlərinin sonunda qəbul olunan sənədlərdə də  “Dağlıq Qarabağ” və  ATƏT-in Minsk qrupu ifadələrinə  rast gəlinmədiyi halda   Ermənistan  hələ də bu vasitəçiliyin bərpa ediləcəyinə özündə əminlik yaratmağa çalışır. Ermənistanın xarici işlər nazirinin  gözlənilmədən Rusiyanın TASS agentliyinə sərhədlərin delimitasiyası və sülh danışıqlarına  dair görüşün Moskvada keçirilmısinə hazır olduqlarını bəyan etməsi də bir çox məqamlara işıq salır. Ermənistan açıq-aşkar Avropa İttifaqını prosesdən  kənarlaşdırmağa çalışdığını təsdiqləyir. İşğalçı dövlət unudur ki, diktə edən tərəf Azərbaycandır. Ölkəmiz istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə məsələlərin mizamlanmasında bütün beynəlxalq təşkilatların potensialından istifadə etməyə çalışır. Bu, Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətinin təqdimatıdır.”

DİGƏR Xəbərlər Arxiv