YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Nazirlər Kabinetinin Qərarı mətbuatın iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsinə əhəmiyyətli təsir göstərəcək

 “Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin son 18 ildən artıq dövrdə azad mətbuatın inkişafı istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirsək, bu prosesin dövrün tələblərini özündə ehtiva etdiyini böyük əminliklə söyləyə bilərik. Söz və fikir azadlığı hər bir dövlətin, xalqın həyatında mühüm amil olmaqla yanaşı, onun inkişaf səviyyəsini göstərir. Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün təsisatların inkişafı, o cümlədən mətbuat azadlığı yüksək səviyyədə təmin olunub. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, artıq cəmiyyətin ayrılmaz bir parçasına çevrilən internetin azad olduğu ölkədə mətbuat azadlığının boğulmasından danışmaq mümkün deyil. Ölkəmizdə əhalinin 85 faizi internet istifadəçisidir. Mətbuat milli özünüdərkin bərqərar olmasında, yetişməkdə olan nəslə vətənpərvərlik hisslərinin aşılanmasında, azərbaycançılıq ideologiyasının, ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayır. Bütün dövrlər üçün aktuallığını qoruyan əsas məsələ budur ki, müasir dövrün yaratdığı imkanlardan maksimum bəhrələnərək müxtəlif dillərdə internet resursları yaratmaqla həqiqətlərimizin beynəlxalq arenada təbliğinə böyük töhfələr verməliyik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə Azərbaycanın diplomatik qələbəsinin rolunu nəzərə alarkən, bu işdə ictimai fikrə təsir imkanları böyük olan yazılı və elektron KİV-lərin payını da xüsusi qeyd etməliyik. Cənab İlham Əliyevin 44 günlük müharibə dövründə dünyanın 30-dan artıq yaxın nüfuzlu media qurumlarına, o cümlədən televiziya kanallarına və informasiya agentliklərinə müsahibələrinin hər biri Azərbaycanın informasiya cəbhəsində də üstünlüyünün təqdimatı kimi dəyərləndirildi.”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, yeni texnologiyaların inkişaf etdiyi müasir dövrdə media sahəsində islahatların dərinləşdirilməsi mütləqdir: “Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma, tərəqqi deməkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlar bu nailiyyətləri məhz tərəqqi hesabına əldə ediblər.” Söz və məlumat azadlığının təmin olunması sahəsində həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycan KİV-in sayına görə MDB və Şərqi Avropa ölkələri arasında ön sıralardadır. Ölkəmizdə beynəlxalq standartlara uyğun elektron və yazılı KİV formalaşıb. Azərbaycanda həmçinin internet jurnalistikası da sürətlə inkişaf edir.”

V.Rəhimzadə bildirib ki, qeyd etdiklərimizin fonunda ölkə Prezidenti İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının əhəmiyyəti, aktuallığı daha aydın şəkildə görünür: “Fərmanda da qeyd edildiyi kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır. Ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Qurumun qısa dövrdə azad mətbuatın inkişafına yönələn addımları təqdirəlayiqdir. MEDİA-nın fəaliyyətində jurnalistlərin məsuliyyətinin və peşəkarlığının artırılması prioritet məsələdir. Bu baxımdan MEDİA-nın yarandığı gündən indiyədək həyata keçirdiyi biri-birindən əhəmiyyətli layihələr mətbuatın inkişafına xidmət edən addımlar kimi dəyərləndirilməlidir. Atılan bütün addımların əsasında cəmiyyətin informasiya tələbatının daha dolğun şəkildə ödənilməsi dayanır. Məhz bütün bunların sayəsində mətbu orqanların yaradıcılıq imkanlarını genişləndirməklə hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Mətbuat nümayəndələrinin, ümumilikdə, cəmiyyət üzvlərinin ümumi təklifləri əsasında beynəlxalq standartlara uyğun şəkildə hazırlanan “Media haqqında” yeni qanun layihəsi geniş müzakirələrdən sonra qəbul olundu. İctimai müzakirəyə verilən qanun layihəsi ilə bağlı təklif və iradların səslənməsi bir daha ölkəmizdə demokratik mühitin mövcudluğunu, hər kəsin öz fikirlərini azad şəkildə ifadə etmək imkanlarına malik olduğunu təsdiqlədi. “Media haqqında” yeni qanun layihəsi, eyni zamanda, beynəlxalq mütəxəssislərin də müzakirəsinə verildi. Bu da öz növbəsində Azərbaycan mətbuatının dünya informasiya məkanına inteqrasiyasının, ölkəmizin beynəlxalq təcrübəyə xüsusi önəm verməsinin göstəricisi hesab oluna bilər. Şübhə etmirəm ki, yeni qanundan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi ilə mətbuatın qarşısında geniş imkanlar açılacaq.”

Baş redaktor bu uğurlar fonunda Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarına da diqqəti yönəldib. «İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elekton kitablar istisna olmaqla), habelə dərslik komplekslərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilməsi barədə Qərara əsasən, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Yəni, məlum Qərara əsasən, bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.

Vüqar Rəhimzadə 2021-ci ilin dekabrında dövlət başçısı İlham Əliyevin Fərmanı ilə Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqinin də Nazirlər Kabinetinə həvalə olunduğunu önə çəkərək bildirib ki, bu Qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı şəkildə azaltmaqla inkişafına təkan verəcək: “Ölkəmizin iqtisadi və maliyyə imkanlarının genişlənməsi bütün sahələrin, o cümlədən mətbuatın inkişafına, medianın iqtisadi müstəqilliyinin təmin olunmasına yönələn addımların davamlılığını şərtləndirir. Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklik və 13 may 2022-ci il tarixdə imzalanan Qərar media sahəsində aparılan əsaslı islahatların ardıcıllığının təmin edilməsinin, bu sahədə tədbirlərin kompleks şəkildə həyata keçirilməsinin təzahürü olmaqla, çap mediası subyektlərinin, çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə, iqtisadi dayanıqlılığının artmasına öz müsbət təsirini göstərəcək.

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, tarixi Zəfərimiz bütün sahələrin, xüsusilə cəmiyyətimizin güzgüsü olan mətbuatın qarşısında yeni tələblər qoyur: “Bu tələblər öz növbəsində islahatlar prosesinin dərinləşdirilməsini, mətbuatın inkişafında əsas faktor olan iqtisadi müstəqilliyin daha da möhkəmləndirilməsini bir zərurətə çevirir. Ölkəmizin iqtisadi imkanları artdıqca hədəflərə yüksək səviyyədə və zamanında nail olmaq da qarşısıalınmaz prosesə çevrilir.”