YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatında “Ulu Öndər Heydər Əliyev gənclərin gözü ilə” adlı konfrans keçirilib

Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Ulu Öndər Heydər Əliyev gənclərin gözü ilə” adlı konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan konfransda ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

AMEA-nın Gəncə Bölməsinin gənc tədqiqatçısı, Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov, YAP Gəncə şəhər təşkilatının əməkdaşları Yüksəl Məmmədov, Kamran Abbasov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, gənclərdən Yaqub Yaqubzadə, Aygül Əliyeva, Gülçin Bayramova, Dəniz Hüseynov, Mədinə Əsədli çıxış edərək, Ulu Öndərin tarixi xidmətlərindən, mühüm ümumbəşəri fəaliyyətindən bəhs ediblər. Vurğulanıb ki, Azərbaycanın xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş etmiş ümummilli lider Heydər Əliyevin zəngin və mənalı ömrünün hər günü bir dastandır.

Konfransda o da qeyd edilib ki, şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad edib, xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyulub.

YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov qədirbilən xalqımız tərəfindən daim böyük hörmət və sonsuz minnətdarlıq hissləri ilə anılan ulu öndər Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərin heç zaman unudulmayacağını bildirib.

Sonda ADAU-nun tələbəsi Nərmin Qurbanova tədbir iştirakcılarını Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş ağacəkmə aksiyasında iştirak etməyə dəvət edib.

DİGƏR Xəbərlər Arxiv