YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilanda görüləcək tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

2020-ci ilin oktyabrında qəhrəman Azərbaycan Ordusu Zəngilanı düşməndən azad edərkən bu rayonun quruca adı qalmışdı, vandall ermənilər yerlə bir etmişdilər Zəngilanı da, işğaldakı digər çoxsaylı yaşayış məntəqələrimiz kimi...Azğın düşmən 27 il ərzində “özünün” hesab etdiyi Qarabağın daşını daş üstə qoymamışdı.

Cənab İlham Əliyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndə təyin edərkən vacib tövsiyələrini verməklə yanaşı, həm də növbəti dəfə erməni faşizminin iç üzünü açdı. “Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi bir-iki salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları  hərbçilər istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir. Reallıq budur.  Amma ikili standartlar dünyanın gözlərini aça bilmir, kor olub bir çox mərkəzlər, aparıcı qüvvələr Azərbaycan ərazisində erməni vandallarının törətdiyi insani, maddi-mədəni soyqırımlara.

Ölkə başçısının da qeyd etdiyi kimi, Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur. Prezident xatırlatdı: “Bu məsciddən cəmi bir divar qalmışdı. Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur”. Allahın evini dağıdan erməni işğalçılarına nəinki yetərincə təpki olmadı, əksinə, Azərbaycana əks-hücum əməliyyatını dayandırmaqdan ötrü olmazın təzyiqlər göstərdilər, bu cəhdlər iflasa uğrayanda müxtəlif ölkələr Ermənistana silah-sursat göndərməyə başladı, qonşusunun ərazilərini 30 il işğalda saxlayan təcavüzkarı xilas cəhdləri bu gün də səngiməyib, ən müxtəlif formada dəstək nümayişi mövcuddur.

Zəngilanın tarixi çinar meşəsini də məhv edib düşmən. Azərbaycan yenidən meşə salır, şəhərlər kimi...Ölkə başçısı birinci xanım Mehriban Əliyeva ilə birgə Zəngilana səfər edərkən necə demişdi - “Çinar ağacları. Baxın, neyləyib düşmən. Baxsın bütün dünya, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər? Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Riyakar siyasətçilər açın gözlərinizi, baxın. Sizin parlamentləriniz qətnamələr qəbul edib. Bizim üçün o qətnamələrin heç bir əhəmiyyəti yoxdur, bir kağız parçasıdır. Amma iş ondadır ki, bizə qarşı yenə əsassız ittihamlar irəli sürülür. Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr. Azərbaycanı ittiham edirlər”. Necə də yerində deyilmiş ifadədir: “Başınıza dəysin!” Qarabağdakı talanlara kar, kor, lal olanlara yaraşandır.

Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurub, ölkə başçısı da bu haqda danışdı. Prezident İlham Əliyev qeyd etdi ki, Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir: “Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub - Bəsitçay təbiət qoruğu. Qoruğun böyük hissəsi məhv edilib. Bəsitçay təbiət qoruğunun bərpası artıq başlanıb. Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü”. Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır. Yəni heç nə unudulmayıb, heç bir cinayət yaddan çıxmayacaq: “Dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək əzmindədir.

Şərqi Zəngəzurun mühüm bir parçası olan Zəngilanda görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Azad edilmiş torpaqlarda kənd təsərrüfatı ilə bağlı çox böyük planlar var. Ərzaq təhlükəsizliyi ön plandadır. Ölkə başçısı da qeyd etdi ki, son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, Azərbaycan özünü 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmir. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir. Prezident digər məqamı da xüsusi vurğuladı. “Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada heyvandarlıqla genişmiqyaslı məşğul olmaq olar. Keçən il “DOST Aqropark” adlandırılan aqroparkın təməli qoyuldu. Azad edilmiş torpaqlarda aqroparkların sayı çox olacaq.