YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı- sülhsevərdir, qurucudur, yaradıcıdır!

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın təmin olunması əsas prioritetlərdəndir. Həmin regionlarımızda yeni infrastrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımız yaxın zamanlarda öz doğma yurd-yuvalarına qovuşacaqlar.

Ölkəmizin bəyan etdiyi sülh gündəliyi Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanlar yaradacaq

Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycan xalqı 30 il ərzində bu günlərin həsrətində idi, Ali Baş Komandanımızın liderliyi və şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində xalqımız Zəfər sevincini yaşadı.

Artıq indi Cənubi Qafqaz üçün inkişaf və əməkdaşlığa hesablanmış yeni baxışın formalaşmasına ehtiyac var. Çünki Qarabağımızın dünyanın ən gözəl bölgələrindən birinə çevrilməsi üçün çalışmalıyıq. Məlumdur ki, ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. İşğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini bir daha artırır. Qaraba­ğın bərpası regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək. 30 il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast­rukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar üfüqi açmışdır. Xalqımız qardaş və dost ölkələrlə birlikdə bu mühüm missiyanı uğurla başa çatdıracaq və ən yaxın gələcəkdə yüz minlərlə azərbaycanlı Cəbrayıla, Qubadlıya, Zəngilana, Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq.

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib. Nəhayət, Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Ermənistan da bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.

Prezident İlham Əliyevin bu gün regionda erməni işğalçılarından Azərbaycan torpaqlarının azad edilməsinə yönəlmiş ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən yeganə ağıllı güc olacaqdır. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar regionun sabitliyi üçün hər kəs tərəfindən qəbul edilməlidir. Bunun üçün Ali Baş Komandan tərəfindən konkret irəli sürülmüş tələblər isə tarixi siyasi əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqazın yeni konfiqurasiyasını bilavasitə müəyyənləşdirməyə xidmət edir. Ölkəmizin açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

Prezident İlham Əliyev tərəfindən Ağdam və Cəbrayıl rayonlarında iki sənaye parkının təməli qoyuldu, həmin regionlara həm xarici, həm də yerli investorlar tərəfindən böyük maraq var. Azərbaycan sahibkarları böyük həvəslə bu işlərə qoşulurlar. Cənab Prezidentin də ifadə etdiyi kimi, bu həm də vətəndaşlıq borcudur. Azərbaycanın iş adamları ölkə başçısının çağırışlarına cavab verirlər. Yaradılan yeni iş yerləri, sənaye müəssisələri, kənd təsərrüfatı ilə bağlı sahələr vətəndaşların sosial rifahının yüksəlməsinə xidmət göstərəcək. Bu, Azərbaycanın bir dövlət olaraq qüdrətindən, düzgün iqtisadi-sosial siyasətindən xəbər verir.