YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqilliyin gücləndirilməsi – dövlət siyasətinin ideoloji təməlidir

Mehdi Balabəyov

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib.Cənab Prezidentimiz həmin konfransda bir çox məsələlərə toxunaraq geniş nitq söyləmişdir.

İşğal dövründə yalnız Qarabağı geri qaytarmaq üzərində düşünmürdük. Azərbaycan müstəqilliyin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağı üzərində çalışıb və buna nail olub. Ölkəmiz tam olaraq müstəqil oldu, müstəqil siyasət aparmaq imkanını əldə etdi və Qarabağı geri qaytardı.

Azərbaycan xalqı özünün adət-ənənələrini, mənəvi, dini dəyərlərini tarixin bütün keşməkeşli dövrlərində qoruyub saxlaya bilib. Hazırda, milli bayramlarımızın keçirilməsi, bu bayramlarda bizə məxsus olan ənənələrin yada salınması, təkrarlanması, qorunması çox mühüm bir məqamdır və bu da öz növbəsində təsdiq edir ki, Azərbaycan xalqı dövrümüzə qədər öz ənənələrinin keşiyində olub və bu gün də bu ideologiyaya sadiqdir.

Xüsusilə qeyd etmək yerinə düşərdi ki, müstəqilliyimizin bərpasından dərhal sonra azərbaycançılığın ümummilli ideya halına gəlməsi, eləcə də bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi artıq çox aktual bir məsələyə çevrilmişdi ki, bunun öhdəsindən də məhz Ümummilli Lider Heydər Əliyev layiqincə gəldi. Bəli, müstəqilliyimizin ilk illərində, xaosun, hakimiyyətsizliyin, hərc-mərcliyin baş alıb getdiyi, problemlərin durmadan artığı zamanda, ölkəmizin ən çətin və taleyüklü məsələlərinin həllinin vacibliyi məqamında xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli inkişafının ideya təməli olan konsepsiyanı, Azərbaycançılıq ideologiyasını yaratdı. Məhz bu baxımdan, “Ulu Öndər Heydər Əliyev Azərbaycançılıq ideolojiyasının banisidir”, deyirik və bu fikirdə olan hər kəs haqlıdır, çünki Ümummilli Liderin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətlərdəndir. “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, deyən Ulu Öndərin bununla qürur duyduğunu bəyan etməsi əslində bütün azərbaycanlılar üçün bir örnəkdir.

Ulu Öndər tərəfindən qoyulan bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçməkdədir. Ölkə rəhbərinin, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında, dövlət siyasətinin bütün sahələrində olduğu kimi, diaspor fəaliyyəti və onun gücləndirilməsi, azərbaycançılığın ümummilli ideologiya olaraq möhkəmlənməsi istiqamətində ardıcıl işlər görülür. Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, cənab Prezidentinimiz azərbaycançılıq ideyasının təbliğində, uğurla icra olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın müstəsna rolu və xidmətləri var və bu istiqamətdə ciddi fəaliyyət göz önündədir. Dünyanın bir sıra ölkələrində, şəhərlərində müxtəlif sərgilərin təşkil olunması, milli dəyərlərimizin təbliği, azərbaycançılıq idealogiyasının tərənnümü deyilənləri təsdiq edir və qeyd olunan fəaliyyətin bariz nümunələrindəndir. Bizim bu gün başımız dik alnımız açıqdır. Cünki biz qalib ölkədə yaşayırıq. O ölkə ki, 30 illik həsrətə 44 gündə son qoydu.

Ali Baş Komandanımızın da söylədiyi kimi: "İkinci Qarabağ müharibəsi o müharibədir ki, Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək sarsıdıcı zərbələr endirib düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü, qüdrəti bir daha sübut etdi ki, əldə olunmuş Qələbə ədalətin təntənəsidir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi: "Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Azərbyacan bu gün tarixi reallıqlar yaradır. Müzəffər Ali Baş Komandan xalqın birliyinə, millətin mübarizə və ləyaqət duyğularına arxalanaraq regionda sülh carçısı, işıqlı gələcəyə aparan bələdçi rolunu oynayır. Dünyada baş verən proseslərin dərin analizini və təhlilini aparan, siyasi iradə nümayiş etdirən cənab Prezident hamını, o cümlədən Ermənistan xalqını və rəhbərliyini reallıqları qəbul etməyə, mehriban qonşuluq əsasında yaşamağa çağırıb. Konfransdakı çıxışında ötən illərin analitik təhlilini verən cənab Prezident dünyanın beyin mərkəzlərinin nümayəndələrinə bildirdi ki, hər bir millətin ləyaqətli yaşamaq haqqı var və Azərbaycan xalqı belə haqqa malikdir. Çünki öz müstəqilliyi, azadlığı və suverenliyi uğrunda ardıcıl mübarizə aparan bu xalq heç vaxt nə işğalla, nə də kimlərinsə eksponsionist siyasəti ilə razılaşmayacaqdır. Cənab Prezidentin “Ən önəmli məsələ heç bir zaman işğalla razılaşmamaqdır. Azərbaycan dost və qardaş ölkələrin, əsasən də Türkiyənin göstərdiyi dəstək və öz potensialı ilə bu çətinliklərin də öhdəsindən gələcəkdir.”

Tarixi “Şuşa Bəyannaməsi” və “Azərbaycan ilə Rusiya arasında müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” kimi sənədlərin imzalanması bizim strateji maraqlarımızın əsasını təşkil edir. Biz təkcə bu dövlətlərlə deyil, bütün region dövlətləri ilə müttəfiq və dost olmağa hazırıq. Kim bizim suverenliyimizə, müstəqil fəaliyyətimizə qarşı deyilsə onunla hər bir formada əməkdaşlıq etmək, sülhə xidmət edən bütün projelərdə yer almaq hədəfimizdir. Dövlət başçımızın dediyi kimi “Sülh gündəliyinə və iqtisadiyyata diqqətimizi ayırmalıyıq ki, hər il milyardları silah alınmasına yox, iqtisadi inkişafa yönəldək.”Bütün bunlar xalqını, onun gələcəyini düşünən regionda sülh carçısı missiyasını üzərinə götürən bir Liderin keçmişə qiyməti, gələcəyə baxışıdır. 17 il ərzində apardığı mübarizənin təməl prinsipləridir. Müharibə ritorikasından əl çəkməyən, revanşist qüvvələrə mesajıdır.

Cənab Prezidentimizi bu forumda iştirakı və verilən bütün sualları ətraflı cavablandırması və geniş nitqi bir daha onu göstərdi ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir​ digər dövlətlərlə dostluq münasibətlərini və əlaqələrini qurmağa hazırdır.

DİGƏR Xəbərlər Arxiv