YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dövləti Cənubi Qafqazda sülhün və əməkdaşlığın bərpası istiqamətində yorulmaz fəaliyyətini davam etdirir

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Cari ilin 29 aprel tarixində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda Prezident İlham Əliyevin çıxışı olduqca əhəmiyyətli olmaqla, regionda sülhün və əməkdaşlığın təmin edilməsi istiqamətində də önəmli addımlardan biridir. Dövlət başçısının konfransdakı çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin və xalqının mövqeyini göstərməklə, təhlükəsizliyin və qarşılıqlı dialoqun Cənubi Qafqaz regionunun inkişafında əsaslı rolunu və xalqlarının əmin-amanlıq şəraitində yaşaması üçün bütün təşəbbüslərin tərəfdarı olduğunu bir daha göstərmiş oldu. Regionda sülhün və qarşılıqlı hörmət ruhunda aparılan müzakirələrin, xalqların birgə yaşayışının dünyadakı sülhə də önəmli töhfə olacağı ifadə edilmişdir.

Azərbaycan ərazi bütövlüyünün pozulduğu, torpaqlarının Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı, həmin ərazilərdə təkcə insanlara qarşı deyil, eyni zamanda tariximizə, təbiətimizə, ekologiyamıza və s. qarşı terror siyasətində də öz humanist mövqeyini göstərmiş, bütün danışıqlar prosesində fəal iştirak edərək, münaqişənin sülh yolu ilə həll edilməsində maraqlı olduğunu bildirmişdir. Dövlət başçısı İlham Əliyev istər beynəlxalq, istərsə də yerli səviyyədə keçirilən bütün tədbirlərdə dövlətimizin qəti mövqeyini dilə gətirərək, Azərbaycanın müharibə istəmədiyini, lakin torpaqlarının işğal edilməsi faktı ilə də barışmayacağını dəfələrlə bəyan etmişdir. Biz torpaqlarımızı erməni silahlı dəstələri tərəfindən  qeyd-şərtsiz boşaldılması və həmin ərazilərdəki erməni vandalizminin dərhal cəzalandırılması üçün beynəlxalq təsisatların qəbul etdikləri qərar və qətnamələrin icra edilməsinə çalışsaq da, dünya dövlətlərinin erməni yalanlarına qarşı təzyiq göstərməsini gözləsək də, tamam fərqli mənzərə ilə üz-üzə qaldıq. Təəssüflər olsun ki, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinə ikilistandartlardan yanaşaraq, münaqişənin həllində heç bir təşəbbüskarlıq və əməli fəaliyyət ortaya qoymadı. Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini söyləsələr də, ədalətin təmin edilməsi istiqamətində Ermənistan tərəfinə gərəkli olan sanksiya və ya hər hansı bir cəza tədbiri görülmədi. Halbuki Azərbaycan öz qətiyyətli mövqeyi ilə bu cür vəziyyətlərdə dünya dövlətlərinə dəstəyini daim göstərmiş, özünün sülhməramlı missiyaları ilə dünyanın hər yerində sülhə önəmli və əvəzsiz töhfələrini vermişdir. Hərbi və siyasi gərginliklərlə yanaşı, ölkələrin üzləkdikləri təbii fəlakətlər, pandemiya zamanı bir çox ölkələrdə təhsilin, mədəniyyətin inkişafına, abidələrin bərpasına yardımlar göstərmişdir.

Azərbaycanın işğal altındakı torpaqlarında erməni vandalizminin təzahürləri əvvəllər dəqiq bilinsə də, həmçinin torpaqlar azad olunduqdan sonra vandalizmin əsl miqyası üzə çıxmağa başladı və bu terror insanı dəhşətə gətirməyə bilmir. Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz, kəndlərimiz, tarixi, dini və mədəni abidələrimiz vəhşicəsinə dağıdılıb. Bəzi rayonlarda - Kəlbəcərdə, Laçında, qismən, Zəngilanda və Şuşada beynəlxalq konvensiyalar kobud pozularaq rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilib. Bütün bunlar dünyanın gözü qarşısında baş verib.

Xüsusilə qeyd etmək lazımdır ki, bu qətnamələri qəbul edənlər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü idi, onlar həm də ATƏT-in Minsk qrupunun həmsədrləri idilər. ATƏT-in Minsk Qrupunun tərkibində həmin dövlətlər bu illər ərzində münaqişənin həllində heç bir təşəbbüs və ya rolla çıxış etmədilər. Onlar lazımsız danışıqlar apararaq vaxtı daha da uzatmağa, münaqişənin dondurulmasına, Azərbaycanın bu vəziyyətlə barışmasına çalışdılar. Artıq Minsk qrupu fəaliyyətini dayandırıb və tarixin arxivində öz layiqli yerini tutmağa məhkumdur.

Azərbaycan dövlətinin beynəlxalq hüquqa inam və etibarının sarsıldığını, beynəlxalq qərar və qətnamələrin bu məsələlərdə artıq qətiyyən nəticə vermədiyini dövlət başçısı İlham Əliyev də çıxışlarında dəfələrlə bildirib. Son 30 ildə Azərbaycanın tarixi torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlaması və həmin ərazilərdə insanlığa sığmayan, bəşər tarixində misli görünməmiş vəhşiliklərə imza atması beynəlxalq təşkilatları hərəkətə keçirmədi. Əksinə qəbul edilən sənədlər kağız üzərində qaldı, ancaq sözdə bəyanatlar verməklə kifayətləndilər. Bir sözlə, beynəlxalq təsisatlar öz addımları ilə, qəbul etdikləri qərarların icrasına etinasız və laqeyd münasibətləri ilə özləri haqqında bu rəyləri formalaşdırmış oldular.

İndi qürurla bildiririk ki, Azərbaycan öz qətiyyətli mövqeyinin arxasında dayandı. Bütün təzyiqlərə baxmayaraq, ardı-arası kəsilməyən erməni təxribatlarının qarşısını almaq, torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində başlatdığı əks-hücum əməliyyatında öz gücünü bütün dünyaya sübut etdi. 44 gün davam edən və Azərbaycanın aşkar qələbəsi ilə başa çatan Vətən müharibəsində böyük tarixi zəfərə imza atdı. Azərbaycan işğalçı erməni qoşunlarını ərazilərimizdən təmizləyərək, torpaqlarımızın azad olmasına nail oldu. Azərbaycan bu işğal faktı ilə barışmadığını göstərdi, icra olunmayan beynəlxalq qərar və qətnamələri öz gücünə yerinə yetirdi. Ermənistanın manipulyasiya cəhdləri nəticə vermədi.

Postmüharibə dövründə də Azərbaycan öz qətiyyətli və humanist siyasətini davam etdirir. Ermənistanla münasibətlərin normallaşması, sərhədlərin müəyyən edilməsi, nəqliyyat-kommunikasiya xəttlərinin açılması, Sülh müqaviləsinin imzalanması ilə bağlı səylərini davam etdirir. Ermənistanın müharibədən sonra imzaladığı üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vacibliyini, əks təqdirdə bunun acı nəticələrini xatırladır. Çünki təəssüflər olsun ki, hələ də qanunsuz erməni silahlı dəstələri tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə atəşkəs zaman-zaman pozulur, erməni revanşist qüvvələri baş qaldırmağa meyil edirlər. Bu kimi təxribatlar qətiyyən yolverilməzdir və Azərbaycanın özünümüdafiə məqsədilə adekvat cavab tədbirləri görməsi haqqını özündə saxlayır.

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti bu təklifləri qəbul edib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda uzunmüddətli və dayanıqlı sülh olacaq. Cənubi Qafqazda Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə bütün layihələrdən tam təcrid olunub. Ermənistan özünün radikal mövqeyinin acı nəticələrindən dərs çıxarmalı, Azərbaycanla münasibətlərin normallaşdırmasında maraqlı olmalı, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdır.

Azərbaycan Ermənistanla münasibətlərin normallaşması və Sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün dövlətlərin səylərini alqışlayır və birgə aparılan çoxtərəfli danışıqlar prosesinə qoşulur. Postmünaqişə dövründə Türkiyə, Avrop İttifaqı və Rusiya ilə əlaqələrimiz daha da inkişaf edib, Ermənistanla münasibətlərin normallaşması üçün hər üç vasitəçi ilə qarşılıqlı müzakirələr və danışıqlar prosesi uğurla davam etdirilir. Lakin Ermənistan da öhdəliklərini dərk edərək, bu danışıqlarda öz səmimiyyətini və təşəbbüskarlığını göstərməlidir.

Qardaş Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi isə öz tarixi əhəmiyyətli ilə daha da seçilir. Bəyannamə Azərbaycanın ərazi bütövlüyünü qorunması istiqamətində dünyaya çox önəmli bir mesajdır. Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Türkiyə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü daxilində həll edilməsində ədalətli mövqeyini hər zaman qətiyyətlə bildirib, ölkəmizə siyasi və diplomatik dəstəyini bütün dövrlərdə göstərib.

Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə və məqsədlərə uğurla nail olur. İndi qarşımızda daha məsuliyyətli və müqəddəs missiyalardan biri olan işğaldan azad edilmiş ərazilərimizin bərpası dayanır. Bu proses başlayıb və uğurla həyata keçirilir. İnanırıq və əminliklə bildiririk ki, dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağımız yenidən dirçələcək, çiçəklənəcək və soydaşlarımız üçün əsl təhlükəsiz məkana çevriləcək.

DİGƏR Xəbərlər Arxiv