YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Prezident İlham Əliyev regionun gələcəyi ilə bağlı Azərbaycanın planlarını təqdim etdi

“ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda ölkə Prezidenti  İlham Əliyevin ona ünvanlanan sualları dünya səviyyəli, nüfuzlu, dünyada gedən prosesləri dərindən bilən, yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi kimi, əsl Liderə xas olan xüsusiyyətlər əsasında cavablandırması dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Tarixi Zəfərimizin yaratdığı reallıqlar bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasını bir zərurət kimi ortaya qoyur ki, bu da öz növbəsində dayanaqlı sülhün və təhlükəsizliyin təminatında vacib amillərdən biridir. Qalib Azərbaycanın yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxışı, həmçinin bölgənin gələcəyi ilə bağlı konkret fikirlərini səsləndirməsi, hazırda gündəmdə olan sülh müqaviləsinin imzalanmasında göstərdiyi səylər təbii ki, təqdir olunur. Azərbaycan hər zaman regionda sülhün, təhlükəsizliyin tərəfdarı olub,  bunu region  və qonşu dövlətlərlə əlaqələrini inkişaf etdirməklə, yeni təşəbbüslər irəli sürüb onların reallaşması istiqamətində atdığı addımları ilə təsdiqləyib və təsdiqləməkdədir. Konfrans iştirakçıları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını, liderliyini, ölkədə və dünyada gedən proseslərlə bağlı məlumatlılıq səviyyəsini, onları təhlil etmək bacarığını önə çəkərək Azərbaycanın bu günü və gələcəyi ilə bağlı planlarını yüksək dəyərləndirdilər. Bu rəylər ölkəmizə xaricdən baxışın yüksək səviyyədə olduğunu nümayiş etdirməklə yanaşı, görülən işlərin diqqətlə izlənildiyini də təsdiqləyir. Nəzərə alsaq ki, konfransın iştirakçıları əsasən dünyanın tanınmış intellektual təbəqəsini təmsil edirdilər, bu halda onların daha dolğun məlumatları əldə etmələri həqiqətlərimzin təbliğinə böyük töhfə olacaq.  Dövlət başçısı İlham Əliyev bir daha bildirmişdir ki,  Qafqazda yeni  sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirik. Əgər sülh müqaviləsi imzalanarsa və  təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.  Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Azərbaycanın müstəqil xarici siyasəti xalqın milli maraqlarına əsaslanır və mühüm nailiyyətlərin əldə olunmasına yönəlib: “Regionda təhlükəsizliyə və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından yanaşan Azərbaycanın  qardaş  Türkiyə ilə müttəfiqliyini təsdiqləyən Şuşa Bəyannaməsinin imzalanması  ölkələr arasıda əməkdaşlıq və qardaşlığın mahiyyətini əks etdirir. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Azərbaycanın strateji maraqlarına əsaslanır. Tarixi Zəfərimizin yaratdığı yeni reallıqların qəbulu istiqamətində ölkəmizin göstərdiyi səylər öz müsbət nəticəsini verir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində Avropa İttifaqının rolu yüksək qiymətləndirilir.”

“Dövlət başçısı İlham Əliyev regionun gələcəyi ilə bağlı Azərbaycanın planlarını açıqladı. Ölkə Ptezidenti həmin planlar əsasında  10 ildən sonrakı mənzərəni təqdim etdi. Azərbaycanın 10 ildən sonra daha güclü olacağına, həmin vaxta qədər Ermənistanla olan anlaşılmazlıqların və problemlərin öz həllini tapacağına, üç Cənubi Qafqaz ölkəsi arasında əməkdaşlıq əlaqələrinin inkişaf edəcəyinə əminlik ifadə edilmişdir. Təşəbbüsləri reallığa çevirən, bölgədə həyata keçirilən layihələrin əsas müəllifi kimi çıxış edən Azərbaycanın Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlığın inkişafına bundan sonra da böyük töhfələr verəcəyi xüsusi qeyd edilir. Nəzərə alaq ki, regional əməkdaşlığın inkişafında hər üç dövlətin öz payı var. Onların siyasi iradəsi əsasında reallaşan BTC neft və BTƏ qaz kəmərləri nəinki iştirakçı, dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafını təmin edir”,-deyə millət vəkili vurğulayıb.

Malik Həsənov onu da əlavə edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsində təcrübəsi bütün ölkələr üçün əhəmiyyətlidir: “Əsas prinsiplər heç vaxt işğalla barışmamaq, öz imkanlarına arxalanmaq və beynəlxalq təşkilatların qətnamə və qərarlarına güvənməməkdir.  Azərbaycan bütün münaqişələrin həllində ədaləti və  beynəlxalq hüququn prinsiplərini əsas  tutub,  onların zamana və məkana görə, yəni ikili standartlara əsaslanan yanaşmalar əsasında tətbiqinin əleyhinə olub. Bu prinsiplərin  tətbiqi üçün vahid mexanizmin olması əsas çağırışlar sırasındadır.  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin şəxsi heyəti qarşısındakı nitqində də hazırda bölgədə  vəziyyətin  tam fərqli olduğunu bildirib. Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq kimi  öz gücünü  artırır.  Tarixi ədalət bərpa edildi. Hədəflər sırasında ordu quruculuğu xüsusi önə çəkilir. Bunun üçün əsaslar vardı.  Çünki Ermənistanda bu gün də revanşist qüvvələr baş qaldırır, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var.  Azərbaycan Ordusu daha da güclənir. Bu gün ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür, daha da qüdrətlidir.”

Millət vəkili bildirib ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çıxışı postmünaqişə dövrünün reallıqlarının, gələcəklə bağlı hədəflərin və onlara nail olmağın yollarının təqdimatıdır. Azərbaycan dövləti uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qarşıya qoyulan bütün məqsədlərə nəzərdə tutulan vaxtda  və  yüksək səviyyədə nail olur.