YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan diplomatik, hərbi, iqtisadi və sosial siyasəti paralel şəkildə uğurla həyata keçirir

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

2022-ci il Vətən Müharibəsinin nəticələrinin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi, ordumuzun struktur bölmələrinin gücləndirilməsi və həssas təbəqədən olan vətəndaşlarımızın sosial təminatlarının yaxşılaşdırılması istiqamətində böyük işlərin həyata keçirildiyi il kimi tarixə düşəcəkdir. Aprel ayında bir çox vacib görüşlər, konfranslar, dövlət əhəmiyyətli tədbirlər baş tutmuşdur ki, əldə etdiyimiz şanlı zəfərin dünya tərəfindən qəbul edilməsi üçün vacib məqam hesab oluna bilər. Brüssel görüşünə və Dünya Azərbaycanlılarının V Qurultayına ətraflı toxunmuş, dövlət siyasətimizin konturları haqqında düşüncələrimizi bundan öncəki yazılarımızda ifadə etmişik.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dövlət başçımızın tövsiyyə və birbaşa təklifləri ilə bir neçə platformalar təşkil olunmuşdur. Bunlara misal olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Cənub Qaz Dəhlizi Məşvərət Şurası və bu qəbildən olan başqa platformalarda dünyanın beyin mərkəzlərinin nümayəndələri toplaşmışlar. Azərbaycanın dostları qrupundan biri də “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransdır. 29 aprel tarixində növbəti illik görüşləri zamanı iki saat əlli dəqiqə davam edən görüş əsnasında bir çox sahədən olan dəyərli mütəxəssislər Azərbaycanın regionumuzla bağlı inkişaf tendensiyaları ilə tanış olmuşlar. Maraqlı məqam ondan ibarət olmuşdur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev inkişaf meyillərini yalnız özümüzlə bağlı deyil, bütün Cənubi Qafqaz regionuna şamil etmişdir. Həyata keçiriləcək layihələrdə Prezidentin hər üç dövlətin qarşılıqlı əməkdaşlığını nəzərdə tutan fikirləri görüş iştirakçıları tərəfindən təqdir olunmuşdur.

Görüş zamanı bir daha Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüslərinin Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına xidmət etməsi bir daha ifadə olunmuşdur. Dünyada baş verən və bizim də ən çox məruz qaldığımız haqsızlıqların fonunda ədaləti ancaq güclülərin deyil, layiq olan hər kəsin əldə etməli olduğu fikri Cənubi Qafqazın gələcək taleyini də müəyyən edəcəkdir. Azərbaycan müharibədən sonra hələ də minalarla vaxtını və vətəndaşlarını itirməkdədir. Halbuki biz müharibə vaxtı tutulmuş əsirləri və müharibədən sonra təxribatla məşğul olan terrorçuların bir qismini qarşı tərəfə qaytarmışıq. Əldə etdiyimiz mina xəritələri isə cəmi 25 faiz etibarlıdır. Dünya humanitar yardım etmək, Qarabağda həyatın canlanmasını istəyirsə, mütləq fiziki yardım etməli və torpaqlarımızın minalardan təmizlənməsində iştirak etməlidir. Görüş vaxtı iki keçmiş münaqişə tərəfi olan dövlətlər arasında birbaşa və vasitəçilərsiz görüşlərin təşkil olunması, delimitasiya və demarkasiya prosesində istifadə olunacaq xəritələrlə bağlı möhtərəm Prezidentin müdrik fikirləri bir daha ifadə olunmuşdur. ATƏT-in Minsk qrupunun həmsədrlər formatının real fəaliyyətsizliyinin Avropa İttifaqının nəticəsi göz qabağında olan fəaliyyəti ilə əvəz olunması həm dövlət başçımız, həm də cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilməkdədir.

Bu gün Qarabağ işğaldan azad olunub və müvəqqəti sülhməramlı missiyası öz işini görür. Biz suverenliyimizi və ərazi bütövlüyümüzü təmin etmişik. Biz danışıqlar yolu ilə deyil, güc yolu ilə, müharibə ilə bu nəticəni əldə etmişik. Sıfırdan qurulan ordumuzun ən elit qoşun növü olan Xüsusi Təyinatlı Qüvvələrin 23 illiyi ilə bağlı tədbirdə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qəhrəman oğullarımızla bağlı dediyi sözlər xalqımızın hərb tarixinə adını yazan bu igidlərin cəmiyyətdə olan nüfuzunu daha da artırmışdır. Sədaqətim şərəfimdir deyərək alınmaz qalalar alan, keçilməz yollar keçən igidlərimiz xalqımızın şanlı tarixində silinməz izlər qoymuşlar. 1999-cü ildə hələ işğal faktı çox yeni idi və sülh yolu ilə həll istiqamətində ümidlər var idi. Lakin Ulu Öndər Heydər Əliyev müdrik qərar verərək Xüsusi Təyinatlı Qüvvələri yaratdı. 44 günlük Vətən Müharibəsinin hər günündə XTQ-in mənsublarının əməyi, əzmkarlığı və cəsarəti var. Onların arasında Milli Qəhərəmanlar, Vətən Müharibəsi Qəhrəmanları, digər orden və medallarla təltif olunanlar vardır. Necə böyük bir şərəfdir ki, Müzəffər Ali Baş Komandan onlarla qürur duyduğunu ifadə edir. Necə böyük bir fəxrdir ki, onların adı gələndə düşmən tir-tir əsir.

İndi Azərbaycan dünyada və regionumuzda baş verən bütün hadisələrə paralel siyasət yürüdür. Azərbaycan bütün mümkün ssenariləri dəyərləndirir və bütün vəziyyətlərə hazırdır. Biz Vətən Müharibəsində gücümüzü göstərmişik. Lakin bu gün biz daha da güclüyük. Bu gün Azərbaycan ordusu Vətən Müharibəsindəki dövrlə müqayisədə daha da qüdrətlidir. İndi XTQ-nin heyəti iki dəfə artmışdır. Onların silah-sursat arsenalı ən müasir təchizatlara malikdir. Biz hədəfimizə çatmışıq. Biz müharibə istəmirik, sülh və əməkdaşlıq istəyirik. Lakin hər kəs bilməlidir ki, dəmir yumruq yerindədir. Dəmir yumruğun ən sərt zərbəsi də XTQ-dir. İndi öz əlləri, ayaqları, sinələri ilə heç vaxt olmayan bir yol açan igidlərimiz o yolla gedən hər kəsin böyük təəccübünə səbəb olur. Dağları, dərələri, keçilməz yolları keçən Azərbaycan ordusunun mənsubları həm müharibə, həm də sülh zamanında xalqımızın və dövlətimizin təhlükəsizliyinin qarantıdır.

Bizim müharibədə zəfər qazanmağımızın bir çox əsaslı səbəbləri vardır. Bunlara maddi, mənəvi, psixoloji, texniki, hərbi hazırlıq və bir sıra başqa məqamlar daxildir. Lakin bizim zəfərimizin əsas səbəbi canlarını, ailələrini düşünmədən həyatlarını qurban verən vətənpərvər gəncliyimizdir. Ona görə düşünmədən canlarını qurban verdilər ki, onların şəhadətindən sonra dövlətimizin, xalqımızın onların əmanətlərinə ləyaqətlə sahib çıxacaqlarına əmin idilər. Axı Birinci Qarabağ Müharibəsindən sonra şəhid, qazi ailələrinə göstərilən qayğını görərək böyüyən bir gənclik yetişirdi. İndi isə hər iki müharibə iştirakçılarının ailələrinə olan qayğını görərək yetişən bir gəncliyimiz var. Bu o deməkdir ki, dövlətimiz hər zaman qalib olacaqdır. Çünki Azərbaycan diplomatik, hərbi, iqtisadi və sosial siyasəti paralel şəkildə uğurla həyata keçirə bilir.

Heç kimə sirr deyil ki, dövlət başçısı cənab İlham Əliyev və Mehriban xanım Əliyeva bütün əlamətdar günləri, hətta öz doğum günlərini belə xalqın içərisində, həssas təbəqədən olan insanlarla, keçmiş məcburi köçkünlər, qazilər, şəhid ailələri ilə birgə keçirirlər. Bu il Ramazan bayramı ərəfəsində də bu gözəl ənənə davam etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak ediblər. Bilirsiniz ki, bütün bu kimi görüşlərə müəyən töhfələrlə gedən dövlət başçısı bu dəfə də adəti davam etdirmişdir. Doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksi 2,76 hektar ərazidə inşa olunub. Kompleksdəki binalarda ümumilikdə 36 birotaqlı, 144 ikiotaqlı, 360 üçotaqlı və 36 dördotaqlı mənzil vardır. Kompleksin ərazisində 100 yerlik uşaq bağçası və bir inzibati bina inşa olunub. Həmçinin sakinlərin və övladlarının asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb və kompleks bütün zəruri infrastrukturla təmin edilib. Məqsəd əzizlərini itirmiş insanların həyatlarını asanlaşdırmaq və qayğılarını azaltmaqdan ibarətdir. Dövlət başçısı özü ifadə etmişdir ki, onun bununla bağlı bütün dövlət qurumlarına ciddi göstərişləri olubdur. Xüsusi ilə sevindirici haldır dövlətin və cənab Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə olan gözəl münasibətinə cəmiyyətimizdən də böyük dəstək vardır.

Azərbaycan Prezidentinin idarəçilik konsepsiyasının əsasında ölkə vətəndaşı dayanır. Ramazan bayramında Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunması da dövlətin müqəddəs bayram günündə islam dəyərlərinə sadiqlik nümunəsi kimi də qiymətləndirilə bilər.

Canını və sağlamlığını vətən uğrunda qurban verən hər bir vətəndaşımız bizim üçün dəyərlidir. Cənab Prezidentin evlə təmin etdiyi və evlərində qonaq olduğu şəhid ailələrindən biri də ömrünün son anına qədər Suraxanı rayonunda yaşamış Vətən Müharibəsində şəxsi igidliyinə və şücaətinə görə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsi olmuşdur. Xüsusi qeyd etməliyəm ki, şəhid Mahir Məmmədovun əmanətləri olan həyat yoldaşı Günel Məmmədova və oğlu Səlim indi də Suraxanı rayonunda yaşayırlar.