YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehriban Əliyeva: Qonaq qəbul etmək Azərbaycan xalqının qanında, canındadır

Moskvada səfərdə olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Rusiyanın TASS agentliyinə məxsusi müsahibəsində bildirib ki, Azərbaycanda birinci Avropa Oyunlarının iştirakçıları və qonaqları üçün maksimum rahat şərait yaradılır. Oyunlara hazırlıq mərhələsi artıq yekunlaşmaq üzrədir. Planda nəzərdə tutulan işlərin hamısı yerinə yetirilib, idman obyektlərinin, demək olar ki, hamısı inşa edilib. Hazırda oyunların açılış mərasiminə hazırlıq işləri sürətləndirilib. Açılış mərasiminədək bir neçə test yarışlarının keçirilməsi nəzərdə tutulub.
Azərbaycanın birinci xanımı TASS agentliyinə müsahibəsində vurğulayıb ki, birinci Avropa Oyunları gələcəyin standartlarını müəyyənləşdirəcəkdir. “Oyunlara hazırlıq işlərinə məhz bu baxımdan yanaşırıq. Məqsədimiz budur ki, Oyunların bütün iştirakçıları və nümayəndə heyətləri özlərini rahat hiss etsinlər”, - deyə Mehriban Əliyeva vurğulayıb. O, qeyd edib ki, fərqi yoxdur, istər bir olsun, istərsə də min, qonaq qəbul etmək Azərbaycan xalqının qanında, canındadır. Heydər Əliyev Fondunun prezidentinin sözlərinə görə, təşkilat komitəsi maraqlı mədəni proqram da hazırlayıb. Avropa Oyunları ölkəmizlə tanışlıq üçün yaxşı fürsətdir.
Mehriban xanım Əliyeva idmana yatırılan sərmayələrin uzunmüddətli perspektivə malik olduğunu vurğulayaraq, əminliyini bildirib ki, son nəticədə bu sərmayələr cəmiyyətə, cəmiyyətin hər bir üzvünə fayda verir.