YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Aprelin 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO Baş Katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib.

Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq, Azərbaycan Ordusunda aparılan islahatlar, eləcə də azad edilən ərazilərdə görülən işlər və Azərbaycan-Ermənistan dövlət sərhədindəki cari vəziyyət barədə ətraflı məlumat verilib.

Müdafiə naziri NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışıb, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Səmimi görüşə görə minnətdarlığını bildirən X.Kolomina Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığını müsbət qiymətləndirib. Bu əməkdaşlığın Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini xüsusi vurğulayıb.

Sonda ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.