YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müharibə dövründə - cəmi 44 gün ərzində 300-dən çox şəhər və kənd azad olunub

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.  Möhtərəm Prezidentimiz İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan cəmi 44 gün ərzində düşmən üzərində qətiyyətli Qələbə qazandı. 2020-ci ilin  27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı  müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bəşər tarixində misli görünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər.

Döyüşlərin ilk günündə bir sıra kəndləri və strateji körpüləri geri aldıqdan sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də İranla sərhəddə yerləşən əraziləri tamamilə işğaldan azad etdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin artilleriya, minaatan və idarə olunan raketlərlə Ermənistan ordusuna endirdiyi zərbələr nəticəsində düşmən ordusunda kütləvi fərarilik halları və ruh düşkünlüyü yarandı. Hərbi əməliyyatların sonrakı gedişatında 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad olundu. Ümumiyyətlə, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüş əməliyyatları zamanı 300-dən çox şəhər və kəndi döyüş meydanında azad olunub. Yüzlərlə şəhər və kənd isə artıq sonradan sülh prosesi nəticəsində azad edildi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın möhtəşəm Qələbəsi nəticəsində Ermənistan sonda məğlubiyyəti qəbul etməli oldu və işğal etdiyi ərazilərdən geri çəkildi. 2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Ermənistan kapitulyasiya aktına bərabər bəyanatı imzaladı və bununla da Azərbaycan böyük Qələbə qazanaraq Ermənistanın 30 illik işğalına son qoydu. Həmçinin atəşkəs razılaşmasına uyğun olaraq, Ermənistan silahlı qüvvələri Ağdam, Laçın və Kəlbəcəri döyüşsüz tərk etməli oldu.

Rusiyanın vasitəçiliyi ilə imzalanmış Bəyanat Qarabağ bölgəsinin tarixi, ikinci ən böyük şəhəri olan Şuşanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsindən az sonraya təsadüf etdi. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi, Ermənistanın məğlubiyyətlə barışmaqdan başqa çıxış yolu yox idi. Beləliklə, Ermənistan hökuməti ağır məğlubiyyətini etiraf etdi və münaqişəyə rəsmən son qoyuldu.

Ümumiyyətlə, sentyabrın 27-dən dekabrın 1-nə qədər olan müddət ərzində yenilməz sərkərdə, Müzəffər Ali Baş Komandan  İlham Əliyev xalqımıza 11 zəfər müjdəli müraciət etdi və qələbə xəbərləri çatdırdı. Prezidentin hər müraciəti bitər-bitməz ölkəmizin bütün bölgələrində, paytaxt Bakıda əhali küçələrə çıxaraq şanlı qələbənin qürurunu bölüşdü. Meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları bu qələbələri bayram etdilər.

Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, Vətən uğrunda canlarını fəda etməyə hazır olan mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi salnaməyə qızıl hərflərlə əbədi yazıldı.

Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.