YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün, xalqımızın həmrəyliyinin təzahürüdür

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri 

Dünya Azərbaycanlılarının V Qurultayının Zəfərimizin rəmzi olan Şuşada keçirilməsi siyasi əhəmiyyətə malik olan hadisə kimi tarixə yazıldı. Hər bir azərbaycanlı üçün qürurverici tədbir olan Zəfər Qurultayı 30 ildən sonra Şuşada Dünya Azərbaycanlılarını bir araya gətirərək Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəylimizin növbəti təsdiqi oldu. Qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevincini yaşamaq, doğma torpaqları canlı görmək, eləcə də erməni vandalizminin dəhşətlərini bütün dünyaya çatdırmaq imkanı qazandırdı. Soydaşlarımızın qədim, azad Şuşanı görmək, gəzmək arzusuna imkan verən qurultay uzun illər təkcə tədbir iştirakçılarının deyil, həmçinin xalqımızın xatirəsində yaşayacaq. Mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Şuşada keçirilməsi və postmüharibə dövründə proseslərin Azərbaycanın maraqlarına uyğun inkişaf etməsi Azərbaycan Respublikasının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil edir. Dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında iştirak edən Müzəffər Ali Baş Komandan İlham Əliyev həm Vətən müharibəsindəki Böyük Qələbəni, həm postmüharibə dövrünün yeni reallıqlarını qiymətləndirib, həm də dünya birliyinə açıq mesajlar ünvanlayıb. Şuşada keçirilən Qurultayın çox böyük tarixi məna daşıdığını qeyd edən cənab Prezident bildirib ki, “Bu gün Azərbaycan yeni dövrə qədəm qoyub. Biz 30 il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi-mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün-xaricdə yaşayan azərbaycanlılar üçün”. Ancaq bu gün vəziyyətin tam fərqli olduğunu vurğulayan cənab Prezident deyib: “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpaqlarımızdayıq. Bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”. Prezident İlham Əliyev Zəfər Qurultayında xalqımızın həmrəyliyinə və sarsılmaz birliyinə, 44 günlük Vətən müharibəsində zabit və əsgərlərimizin keçdiyi döyüş yoluna nəzər saldı, Azərbaycan diasporunun fəaliyyəti və onun qarşısında dayanan yeni vəzifələrdən bəhs etdi. İ.Əliyev çıxışında onu da qeyd edib ki, Vətən müharibəsində göstəridiyimiz iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi ki, Azərbaycan tək Ermənistanla deyil, dünya erməniliyi və Ermənistanın himayədarları ilə müharibə apararaq qələbə qazanıb. "Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var döndü yoxdur. Otuz ilə yaxın davam edən danışıqlar, sadəcə olaraq, bu işğalı əbədiləşdirmək, Ermənistanın işğalçılıq siyasətini pərdələmək və bizi bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Əlbəttə, biz heç vaxt buna razı ola bilməzdik və Vətən müharibəsindəki göstərdiyimiz iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha göstərdi. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür.” Prezident cəsarətlə və qətiyyətlə bəyan etdi ki, bundan sonra da Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, bu torpaqlarda, Qarabağda və Zəngəzurda əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir. Qurultayda ölkə başçımız tərəfindən səsləndirilən fikirlərdən biri də xaricdə yaşayan azərbaycanlıların öz tarixi Vətənləri ilə sıx bağlı olmasının vacibliyi ilə əlaqədar idi. Prezident İlham Əliyev vurğuladı ki, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin düyaya çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, dövlətimizi daha da gücləndirir. Beləliklə, Zəfər Qurultayı adlandırılan Dünya Azərbaycanlılarının V Qurultayı tarixi anlarla yaddaşlara həkk olundu. Heç bir şübhə yoxdur ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin göstərdiyi hədəflərə çatmaq üçün bundan sonra da xalqımız eyni zamanda diaspor təşkilatlarımız fədakarlıqla çalışacaq, 44 günlük müharibə dövründə olduğu kimi, postmüharibə dönəmində də Dövlət başçımızın rəhbərliyi ilə xalqımızın milli birliyini qorumağa davam edəcək.