YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni vandalizminin canlı şahidi işğaldan azad olunmuş ərazilərimizdir

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv etməklə torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silməyə cəhd edib. Tarixi torpaqlarımızda bütün infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talamaqla yanaşı, ermənilər maddi mədəniyyət nümunələrini yox ediblər. Bu mümkün olmadıqda isə həmin abidələrin üzərində erməni dilində yazılar həkk edib, yaxud həmin abidələrin onlara məxsus olması barədə erməni dilində lövhələr yerləşdiriblər.

30 ilə yaxın müddət ərzində işğal altında olan şəhərlərimiz, kəndlərimiz tamamilə dağıdılıb. Ağdam şəhəri haqlı olaraq “Qafqazın Xirosiması” adlandırılır. Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın inkişaf etmiş şəhərlərindən biri idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi xarabalıqlar qalıb. Erməni vandalları, hətta Şəhidlər xiyabanını, qəbiristanlıqları da dağıdıblar. Ermənilər tərəfindən ən çox dağıdılan məscidlər, türbələr və digər inanc yerləri olub. Erməni vandalları məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla öz nifrətlərini nümayiş etdiriblər.

Ermənistan beynəlxalq təşkilatların üzvü olan bir dövlət kimi işğal dövründə Azərbaycanın dini və mədəni irsinə qarşı törədilmiş vandalizm aktlarına görə cavabdehdir. Bu acı həqiqətlər erməni rəsmiləri tərəfindən ört-basdır edilir və beynəlxalq məsuliyyətdən yayınır. Mədəni irs dünya mədəniyyətinin ayrılmaz bir hissəsidir. Bu baxımdan ölkəmizin ərazisindəki tarixi və mədəniyyət abidələrinin qorunması beynəlxalq məsuliyyətdir. Mədəni irs xalqın milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsinin digər xalq və ya millətlər tərəfindən dağıdılması, məhv edilməsi və ya vandalizmə uğradılması yolverilməzdir. Bu, beynəlxalq qanunlar və konvensiyalarda da təsbit olunmuşdur.

İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir. Azərbaycanın işğal altında olan torpaqlarında erməni qəsbkarları 30 il ərzində görünməmiş talançılıqla məşğul olub, ağlasığmaz vandalizm aktları həyata keçiriblər. Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə görə məsuliyyətə cəlb olunacağına və layiqli cəzalarını alacaqlarına tam əminik.