YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri daim inkişaf edir

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Məlum olduğu kimi 2022-ci ilin aprel ayının 20-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarvovun Azərbaycan Respublikasına rəsmi səfəri baş tutmuşdur. Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaqdır. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir. Nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb.

Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində münasibətlərimiz bu səviyyədə olmayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu fikirləri aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşü zamanı söyləyib. “Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik”, – deyə dövlətimizin başçısı vurğulayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev əmin olduğunu bildirib ki, səfərin yekunlarına əsasən əldə edilmiş razılaşmalar üçün konkret proqram müəyyən ediləcək. Cənab Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Qırğızıstan bütün sahələrdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindədir. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq. Azərbaycan və Qırğızıstan Respublikası arasında münasibətlərin perspektivlərinə toxunan dövlətimizin başçısı deyib: “Əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək, çoxlu sənədlər imzalanacaq. Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Bu, bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq. Biz buna görə çox şadıq. Münasibətlərimizin möhkəm təməli var. Bu, xalqlarımızın qardaşlıq əlaqələridir. Bu gün biz dövlətlərarası münasibətləri belə bir möhkəm təməl üzərində, bu prinsiplər əsasında qururuq”.

Sevindirici haldır ki, Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləyib və bu çox müsbət hal kimi dəyərləndirilir.