YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaricdə yaşayan soydaşlarımız ölkəmizin haqq səsini layiqincə dünya ictimaiyyətinə çatdırmalıdırlar

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Aprelin 22-də azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işə başladı. Şəhidlərimizin qanını döyüş meydanında aldığımız, qisasımızı düşməndən döyüş meydanında aldığımız Zəfərdən sonra ilk dəfə olaraq dünya azərbaycanlıları Zəfər yolu ilə mədəniyyətimizin incisi, mədəniyyətimizin paytaxtı Şuşa şəhərinə gəlib, xalqımıza çox yaraşan Zəfər adıyla qurultay keçirdi.

Bəli, 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş ilk qurultayda ümummilli liderin dediyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, işğal altında olan torpaqlar işğaldan azad edilmiş və Azərbaycan xalqı artıq öz dədə-baba torpaqlarına qayıdır. Ulu Öndərin davamçıları onun bu arzusunu gerçəyə çevirdi.

Bu gün Qarabağa, Şuşaya gələn hər bir insan görür ki, burada bir dənə də salamat, tarixi bina qalmamışdır. Ermənilər bulaqları qurutmuş, məscidlərimizi təhqir etmiş, saraylarımızı sökmüşlər. Sadəcə olaraq, bizim təbii sərvətlərimizi istismar edən ermənilər təkcə Şuşada yox, bütün digər şəhərlərdə də bir dənə belə yeni bina tikməmişlər. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər atom bombası ilə məhv edilən Xirosimaya bənzədirlər. Bəli, Ağdam və digər şəhərlər erməni vandallığı nəticəsində məhv edilib. Birinci Qarabağ müharibəsi dayanandan sonra 30 il ərzində binaları, beynəlxalq təşkilatların hesabatlarında da göstərildiyi kimi, daş-daş söküb, daşıyıb satıblar, qəbirləri qazaraq ölülərin qızıl dişlərini çıxarıblar. Rəzil Ermənistan və erməni xalqının bu vəhşiliyini gələn hər qonaq, azad edilmiş torpaqlara gedən hər qonaq görür və görməlidir. Görməlidir ki, biz təkcə işğalçını yox, dinc şəhərlərimizi müharibə dövründə ballistik raketlərlə atəşə tutmuş, dinc insanları məhv etmək istəmiş faşistləri məhv etmişik.

Ərazilərimizin bərpası və dövlət başçımızın beynəlxalq müstəvidə atdığı addımlar göstərdi ki, həssas bir dövr olan postmüharibə dövründən şərəflə çıxdıq. Aparıcı beynəlxalq təşkilatlar – Şuşada beynəlxalq tədbir keçirmiş BMT, hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edən Avropa İttifaqı, Minsk qrupunun artıq olmadığını çox yaxşı başa düşən ATƏT postmüharibə reallıqlarını qəbul etdilər.

Digər beynəlxalq təşkilatlar - məsələn, Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləmişlər və postmünaqişə reallıqlarını qəbul etmişlər. Həmçinin, qonşu ölkələrin hamısı postmünaqişə reallıqlarını qəbul etmişlər. Yəni, biz artıq bu mərhələni keçmişik və bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Bütün ağrılı məqamlara, işğala, vəhşiliklərə baxmayaraq, bölgənin gələcəyi naminə Azərbaycan tərəfi sülh gündəliyi təqdim etdi, lakin Ermənistandan hər hansı bir cavab gəlmədi. Buna Beynəlxalq təşkilatlar tərəfindən də maraq göstərilmədiyini görən Azərbaycan konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdü və Ermənistan bu beş prinsipi qəbul etdi. Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Hesab edirəm ki, bu, postmünaqişə dövrü üçün vacib məqamdır.

Bu müsbət məqamlara baxmayaraq müxtəlif dövlətlərdə fəaliyyət göstərən səfirliklər, son illər ərzində çox fəallaşmış diaspor təşkilatlarımız, xaricdə yaşayan azərbaycanlılar, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında biz beynəlxalq ictimaiyyəti mütləq məlumatlandırmalıyıq. Bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə layiqincə çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi baxımından dövlətimizi daha da gücləndirir.