YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qırğız respublikaları arasında əlaqələr yeni inkişaf səviyyəsinə yüksəlib

Vüsar İsmayılov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində ölkə Prezidenti İlham Əliyevlə rəsmi görüşü, bir sıra sənədlərin imzalanması və mətbuata 20 aprel tarixli birgə bəyanatları olduqca əhəmiyyətli tarixi və siyası əlaqələrin nəticəsidir.

Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkələrlə sülh şəraitində, bir-birinin maraqlarına hörmət və ehtiram mühitində qarşılıqlı faydalı əməkdaşlıq və dostluq münasibətlərinin tərəfdarıdır. Ölkəmizin xarici siyasət strategiyasının əsas mahiyyətini təşkil edən, qonşu və qeyri-qonşu dövlətlərlə sıx əməkdaşlıq, tərəfdaşlıq münasibətləri ən yüksək səviyyədə qurulub. Azərbaycan dövləti bütün dünya dövlətlərinin beynəlxalq hüququn tələbləri çərçivəsində dialoq yolu ilə ortaq fikrə gələ biləcəyini dəfələrlə vurğulayaraq, bütün mübahisəli və münaqişəli məsələlərin danışıqlar yolu ilə həll edilməsinə çalışıb, problemli ölkələr arasında faydalı vasitəçi rolu oynamağa hər zaman hazır olduğunu diqqətə çatdırıb.

Bütün bunlarla yanaşı müxtəlif dövlətlərlə siyasi, iqtisadi, sosial, mədəniyyət, idman və s. müxtəlif sahələrdə birgə əməkdaşlığın, təcrübə mübadiləsinin aparılmasının səmərəliliyinə inanıb və bu tendensiyanın dövlətlərin, xalqların inkişafına təkan verəcəyini əsas gətirərək, dünyada qarşılıqlı etimad şəraitində dövlətlər arasındakı sivil münasibətləri daim dəstəkləyib, dünyadakı sülhməramlı missiyası ilə beynəlxalq təsisatların daim rəğbətini qazanıb.

Qırğızıstan da Azərbaycanla dərin tarixi əlaqələri olan bir ölkədir. Bu baxımdan Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri yüksək tarixi və siyasi əhəmiyyət daşıyır. Sevindirici haldır ki, bu gün Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Bütün bu amillər, eləcə də dövlət başçılarının uzun illər ərzində uğurlu xarici siyasi kursunun əhəmiyyətli nəticələri hər iki dövlətin və xalqların daha da yaxınlaşmasına səbəb olub. Əlaqələrimiz dinamik və səmərəli inkiaşf etməklə, gələcək perspektivdə daha da məqsədəuyğun nəticələrə zəmin yaradır. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 11 noyabr 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol imzalanıb. Sonrakı illərdə də bu əməkdaşlıq daha da genişlənib. Belə ki, 16 may 2007-ci ildə Azərbaycan Respublikasının Qırğızıstanda səfirliyinin açılması, 18 yanvar 2008-ci ildə isə Qırğızıstanın Azərbaycana yeni səfir təyin etməsi deyilənlərə sübutdur.

Azərbaycanla Qırğızıstan arasında cari ilin 20 aprel tarixində imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə yüksək əməkdaşlığa köklənir. “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun imzalaması isə olduqca xüsusi əhəmiyyətə malikdir. İmzalanan sənədlərin müxtəlif sahələri əhatə etməsi, dövlət idarəçilik akademiyaları, televiziya və radio verilişləri yayımları, kənd təsərrüfatı, iqtisadiyyat, maliyyə, rabitə və informasiya-kommunikasiya texnologiyaları, hava əlaqəsi, əqli mülkiyyətin qorunması sahəsində anlaşma və əməkdaşlıq haqqında memorandum və sazişlərin gələcəkdə ikitərəfli tərəfdaşlıq münasibətlərinin daha da yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq.

Əminliklə deyə bilərik ki, dövlət başçısı İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində əməkdaşlığın səmərəliliyini artıran amillər daha da diqqətə alınacaq, iki xalq arasında dostluq və əməkdaşlıq bağları daha da möhkəmləndiriləcəkdir. Dünyamız ancaq sülh və əmin-amanlıq şəraitində daha da inkişaf edə və təhlükəsiz ola bilər. Bu mənada, dövlətlərin və onların yürütdükləri siyasətin üzərinə çox böyük məsuliyyət düşür. Dövlətlər bir-birinə faydalı olmaqla yanaşı, dünyanı təhlükəyə atan, dövlətlərin və insanların gələcək talelərinə təhdid yaradacaq əməllərdən və süni münaqişələrdən qaçmalıdırlar. Azərbaycan beynəlxalq hüququn bütün norma və prinsiplərinə daim sadiq qalaraq, dostluğa əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərini, həmçinin beynəlxalq təşkilatlardakı layiqli təmsilçiliyini bundan sonra da uğurla davam etdirəcəkdir.

DİGƏR Xəbərlər Arxiv