YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

1995-ci ildə qəbul olunmuş Konstitusiyada dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı

Azad Balayev

YAP Balakən rayon təşkilatı

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan dili böyük inkişaf yolu keçmiş, qədim və zəngin ədəbi dillərdəndir.

Dövlət dilimiz olan Azərbaycan dili son bir əsrlik dövr ərzində məqsədyönlü islahatlar nəticəsində lüğət tərkibini zənginləşdirib və dünya dilləri içərisində özünəməxsus yer tutub. Dilimiz olduqca sadə, aydın və saf bir dildir. Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı formaları vardır. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə min illik tarix yaşaması lazım gəlir. Biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq.

50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər,  ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Bu dil ilə tanıtmışıq ədəbiyyatımızı, kimliyimizi, bu dil ilə elan etmişik dünyaya müstəqilliyimizin əbədiliyini. Bu dil müqəddəsdir, doğmadır anamız kimi, Vətənimiz kimi. Qürurumuz, fəxrimizdir dilimiz. Nəsimilər, Füzulilər, Xətailər, Zərdabilər, Vaqiflər, Vidadilər, Sabirlər, Müşfiqlərin dilidir Azərbaycan dili.

Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib. Bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. 

Tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli qayıdışın, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.

Ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci ilin oktyabrın 31-də Konstıtusiyanın  dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demokratik müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Bir-birinin ardınca fərmanlar imzalanmış, qanunlar qəbul edilmişdir.

Bu gün Ana dilinin inkişafına və qorunmasına yönəlik dövlət strategiyasını Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycan dili tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında yüksək tribunalardan səslənir.