YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Məzənnənin dəyişdirilməsinin gündəlik həyata təsiri olmamışdır

“Ümumiyyətlə, manatın məzənnəsinin dəyişdirilməsi, - mən bu barədə artıq bir dəfə öz fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm, - bu, qaçılmaz bir hal idi. Çünki biz 2005-ci ildə pul islahatını apararkən bir manatı bir dollara bərabərləşdirdik. O vaxta qədər bir dollar beş min manat idi. Bu balans saxlanılmalı idi. Əslində biz imkan verməməli idik ki, manat çox bahalaşsın. Çünki iqtisadçılar yaxşı bilir, bu, yerli istehsalçılara da mənfi təsir göstərir, bizim ixrac imkanlarımıza da əngəllər törədir. Ancaq ölkə iqtisadiyyatının çox sürətli inkişafı və neft gəlirlərinin kütləvi şəkildə xəzinəyə daxil olması əlbəttə ki, manatı çox gücləndirdi. 2005-ci ildə biz pul islahatını apardıq, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdü və böyük gəlirlər gəlməyə başladı. Nəticə etibarilə biz gördük ki, bir manat artıq 1,3 dollar səviyyəsində idi. Ondan sonra gördük ki, hətta bir manat bir avrodan da qiymətli və bahalıdır. Yəni, bu, tamamilə qeyri-təbii bir məzənnə idi. Buna son qoyulmalı idi və bu gün bütün mötəbər beynəlxalq maliyyə qurumları bizim addımımızı dəstəkləyir, alqışlayır, eyni zamanda, əhali də görür ki, məzənnənin dəyişdirilməsinin gündəlik həyata təsiri olmamışdır. Ona görə ki, ilk növbədə, vaxtilə görülən işlər nəticəsində gündəlik tələbat məhsullarının böyük hissəsini özümüz istehsal edirik. Digər tərəfdən, istehlak bazarına nəzarət gücləndirilmişdir və möhtəkirlərə qarşı çox ciddi mübarizə aparılmışdır”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləmişdir.

“Bilirsiniz ki, biz istəyirdik məzənnəni tədricən, yavaş-yavaş dəyişdirək. Amma ondan sonra ajiotaj yarandı. Hər gün 500 milyon dollar vəsait bazarlardan yığışdırılırdı, alınırdı və belə getsə idi, bizim Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə aşağı düşə bilərdi.

Ona görə görülən tədbirlər, iqtisadiyyatımızın şaxələndirilməsi, sosial siyasətimiz nəticəsində və biz imkan vermədik ki, natəmiz insanlar bu vəziyyətdən istifadə etsin. Bax, bütün bu məsələlər vəziyyətin sabit saxlanmasına xidmət göstərmişdir” – deyə, Prezident İlham Əliyev bildirmişdir.

Prezident İlham Əliyev: “Azərbaycan yeganə ölkə deyildi ki, milli valyuta devalvasiyaya uğramışdır. Mənə verilən arayışda bəzi rəqəmlər var. İstəyirəm, sadəcə olaraq Azərbaycan ictimaiyyəti son vaxtlar bizim qonşuluğumuzda hansı hadisələrin baş verdiyini bilsin. Yəni, son vaxtlar bölgədə vəziyyət bundan ibarətdir: Qazaxıstanda milli valyuta 20 faizdən çox aşağı düşdü, Türkmənistanda 20 faizdən çox devalvasiyaya uğradı. Gürcüstanda milli valyuta 30 faizdən çox qiymətdən düşdü. Türkiyədə 2013-2015-ci illərdə türk lirəsi qiymətini 40 faiz itirdi. İranda milli valyuta 2013-2015-ci illərdə 113 faiz aşağı düşdü. Rusiyada son vaxtlar Rusiya rublu 80 faiz aşağı düşdü. Dünyanın aparıcı valyutalarından biri, yəni iki, ya üç aparıcı valyutasından biri avro qiymətini 25 faiz itirdi. Norveç milli valyutası qiymətini 34 faiz itirdi. Yəni, sadəcə olaraq mən bu rəqəmləri müqayisə üçün səsləndirirəm.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda bu məzənnənin dəyişdirilməsi əslində məzənnənin bərpası deməkdir. Biz 2005-ci ildə müəyyən etdiyimiz məzənnəni bərpa etdik. O vaxt bir manat bir dollar idisə, bu gün də bir manat bir dollardır. Hesab edirəm ki, bundan sonra belə də olmalıdır” – deyə, qeyd etmişdir.