YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar daşıyır, bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq

“Bizim əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, həll olunmamış qalır. Bu barədə dəfələrlə öz fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm, bunun yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir. Baxmayaraq, Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçıları dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymur və bu dövlətlər bu bəyanatlardan başqa heç bir konkret addımlar da atmırlar. Ona görə bu bəyanatlar havada qalır və beləliklə, münaqişə uzanır, öz həllini tapmır. Keçən ilin ortalarından həmsədr ölkələrin başçıları tərəfindən fəallıq göstərilirdi. Avqust, sentyabr, oktyabr aylarında Rusiya, Amerika və Fransa rəhbərləri zirvə görüşləri keçirmişlər ki, biz vəziyyətdən çıxış yollarını tezliklə tapaq və münaqişəyə son qoyaq. Azərbaycan əlbəttə ki, bu fəallığı dəstəkləyir. Çünki həmişə qeyd etdiyim kimi, münaqişənin həll edilməsində ən maraqlı tərəf məhz Azərbaycandır. Ancaq Ermənistan bu görüşlərdə qeyri-səmimi mövqe nümayiş etdirir, hər vəchlə çalışırdı ki, danışıqların mahiyyəti kənarda qalsın və hansısa etimad tədbirləri haqqında daha da çox söhbət aparılsın. Biz buna etiraz etmirdik. Etimad tədbirləri də önəmlidir, ancaq işin mahiyyəti işğala son qoyulmasıdır. Buna baxmayaraq,Paris görüşündən sonra biz şifahi olaraq razılaşdıq ki, hər iki tərəf təmas xəttində gərginliyi azaltmağa çalışacaq və bəlkə bu, danışıqlar prosesinə müsbət təsir göstərə bilər. Ancaq Ermənistanın riyakar siyasəti bir daha özünü büruzə verdi. İki həftə keçməmiş Ağdam rayonunda genişmiqyaslı hərbi təlimlərə başladılar. O təlimlərin bir məqsədi var idi- Azərbaycanı təxribata çəkmək və danışıqlar prosesini pozmaq. Biz bu təxribatlara bir neçə gün dözərək ondan sonra düşmənə layiqli cavab verdik və beləliklə, onlara öz yerini göstərdik. Onlar isə bundan istifadə edərək Azərbaycanı aqressiv davranışda ittiham etməyə başladılar”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləmişdir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan həmişə çox təmkinli mövqe nümayiş etdirir. Danışıqlarda 20 ildən çox iştirakımız onu göstərir ki, biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Məsələnin həll olunmamasını Ermənistan istəyir. Çünki torpaqlarımızdan çıxmaq istəmir. Keçən ilin sonlarından Ermənistan tərəfi daim bizim mövqelərimizə hücumlar çəkir, bu, bu il də davam edir. Bu hücumlar nəticəsində onlarla erməni öz həyatını itirmişdir. Bizdə olan məlumata görə son 3-4 ay ərzində 50-dən çox işğalçı təmas xəttində məhv edilmişdir. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən diktatura rejimidir. Bu barədə mən artıq öz fikirlərimi bildirmişəm. Əgər ölmək istəmirsinizsə, Azərbaycan torpaqlarından rədd olun.
Prezident İlham Əliyev: “Azərbaycan öz prinsipial mövqeyindən əl çəkməyəcək. Biz bu mövqeyi müdafiə edəcəyik. Ermənistan isə bu işğalın yüksək qiymətini ödəyir - həm iqtisadi tənəzzül, həm müstəqillik qalıqlarının tamamilə itirilməsi, təmas xəttindəki itkilər, Ermənistan ordusunda artan fərarilik halları. İndi Azərbaycan tərəfinə keçən erməni əsgərləri qeyd edirlər ki, Azərbaycan tərəfinə keçmək istəyənlərin sayı kifayət qədər çoxdur. Sadəcə olaraq qorxurlar, çünki orada əmr verilib ki, əgər kimsə Azərbaycan tərəfinə keçmək istəyərsə, onlar onu arxadan güllələməlidirlər, öldürməlidirlər. Yəni, budur reallıq. Bu, işğalçı dövlətin ödədiyi qiymətdir və nə qədər ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayıb onlar bu qiyməti ödəyəcəklər” – deyə, bildirmişdir.
Dövlət başçımız qeyd etmişdir ki, biz Ermənistana qarşı daha da fəal mübarizə aparmalıyıq, aparırıq, bütün beynəlxalq, regional layihələrdən onları təcrid etmişik. Onların rəsmi statistik məlumatlarına görə əhalinin 30 faizi yoxsulluq, səfalət içində yaşayır. Amma real məlumat 50-60 faizdir. Onların rəsmi məlumatlarına görə hər il ölkədən 60-70 min insan həmişəlik köçür. Amma bizdə olan məlumat onu göstərir ki, bu rəqəm 100 minə yaxındır. Yəni, bir neçə ildən sonra artıq Ermənistan dövlətində, tarixi Azərbaycan torpaqlarında yaradılan bu dövlətdə erməni əhalisi qalmayacaq.
Mən bunu dəfələrlə demişəm, bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir. Bunu bilmək üçün XX əsrin əvvəllərində çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir. Orada bir dənə də erməni toponimi tapmaq mümkün deyil. İndiki Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar daşıyır. Yəni, bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və biz bu hədəfə çatmaq üçün çalışırıq, çalışacağıq. İqtisadi, siyasi, hərbi gücümüz, demoqrafik vəziyyətimiz bunu deməyə əsas verir. Maşallah, Azərbaycan əhalisi yaxın zamanlarda artıq 10 milyonu keçəcəkdir və bu, məsələnin həlli üçün az əhəmiyyət daşımır.

DİGƏR Xəbərlər Arxiv