YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatında gənclərlə görüş keçirilib

Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının fəal gəncləri ilə görüş keçirilib. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Milli Məclisin deputatı Rauf Əliyev və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda canından keçən şəhidlərimizin və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Emil Abasov bildirib ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ulu öndər Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib. Təsadüfi deyil ki, məhz Ulu Öndər ölkə gənclərinin ilk forumunu təşkil etdi və o zamanın gəncləri olan bizlərə “2 fevral - Azərbaycan Gəncləri Günü”nü ərmağan etdi. Məhz bu tarixdən sonra gənclərin önü açıldı. Onların təhsil almağı üçün şəraitləri yaxşılaşdı, dövlət işlərində irəliyə çəkilməsi gündəmə gəldi. Bu addım ulu öndər Heydər Əliyevin xalqı və onun işıqlı gələcəyi qarşısında müstəsna xidməti idi.

Natiqin sözlərinə görə, son onilliklərin praktikası aydın şəkildə göstərir ki, gələcəkdə strateji üstünlüyü o dövlətlər əldə edəcək ki, öz gənclik resursunun innovativ inkişaf potensialının effektiv və produktiv istifadəsinə hansı dərəcədə nail olacaqlar. Bu baxımdan ölkəmizdə gəncləri sosial praktikaya cəlb edərək özünüinkişafın potensial imkanları barədə maarifləndirmək, elmi, yaradıcı və sahibkar gəncliyə hər cür dəstəyi vermək dövlətin strateji prioritetlərindəndir. Xüsusilə liderlik keyfiyyətlərinə malik, təşəbbüskar və istedadlı gəncləri üzə çıxarıb inkişafına təkan verən bütöv bir sistem formalaşdırılmaqdadır. Həmçinin Azərbaycan gəncliyi yüksək patriotizmə və vətəndaşlıq şüuruna malik, millətin milli-mənəvi və mədəni dəyərləri ruhunda yetişdirilməkdədir və bunun ən bariz təsdiqi 44 günlük Vətən müharibəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcəyə ümidlə və optimist baxmasına imkan verir.

Daha sona çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov deyib ki, 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasəti daha da şaxələndirilərək, yeni verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldi. Ölkədə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlət orqanlarında gənclərin üstünlük təşkil etməsi göstərir ki, Prezident İlham Əliyev gənclərlə bağlı siyasətə xüsusi həssalıqla yanaşır. Çıxışını davam etdirən V.Səfixanov bildirib ki, Pirallahı rayonunda pandemiya dövründə gənclərdən ibarət könüllü dəstələr sakinlər arasında maarifləndirmə işlərində fəallıq nümayiş etdirib, Vətən müharibəsində onlarla Pirallahı gənci döyüşlərdə iştirak edib, onlardan 2 nəfəri şəhidlik zirvəsinə ucalıb, 8 nəfəri isə qazi olub. Rayon üzrə ümumilkidə 58 nəfər Vətən Müharibəsi iştirakçısı 88 medalla təltif olunub. O qeyd edib ki, Azərbaycan gənclərinin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunmasının nəticəsi idi ki, 44 günlük Vətən müharibəsində gənclərimiz qəhrəmanlıq salnamməsi yazaraq Zəfər qazandılar.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsindən danışıb. Vurğulayıb ki, həyatımızın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. 2005-2009, 2011-2015 və 2017-2021-ci illəri əhatə edən “Azərbaycan Gəncliyi” Dövlət Proqramları müvəffəqiyyətlə həyata keçirilib. Hazırda “2015-2025-ci illərdə Azərbaycan gəncliyinin İnkişaf Strategiyası” uğurla həyata keçirilir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirak edirlər. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, hümanitar sahələr üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə sabitliyin və inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Cənab Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Cənab Prezident İlham Əliyevin bütün çağrışlarına cavab verən Azərbaycan gəncliyi bunu İkinci Qarabağ müharibəsi zamanı sübut etdi. 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri bütünlüklə səfərbər oldu. Ermənistan ordusunun təxminən 10 min əsgəri fərarilik edərək döyüş meydanından qaçdığı halda , Azərbaycan gəncləri könüllü şəkildə orduya yazılmaq üçün növbələr gözlədi, döyüş meydanında qəhrəmanlıq nümayiş etdirdi.

Sonda çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov söyləyib ki, cəmiyyəti inkişafa aparan yeni ideyalar və onları reallığa çevirmək üçün tükənməz güc, enerji, adətən gənclərdən gəlir. Dövlət başçısı İlham Əliyev ölkənin mənafeyi, xalqımızın rifahı naminə gənclərin potensialından tam və düzgün istifadə edilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçilik sistemində iştirakının gerçəkləşdirilməsi məqsədi ilə “Azərbaycan Gəncliyi Dövlət Proqramlarının təsdiq edilməsi haqqında” sərəncamlar imzalayıb. Sərəncamda Azərbaycanda gənclərlə bağlı dövlət siyasətinin başlıca istiqamətləri açıqlanıb, habelə bu təbəqəyə diqqətin artırılması üçün konkrekt tədbirlər hazırlanması və maliyyələşdirilməsi Nazirlər Kabinetinə həvalə olunub.

O çıxışında partiyanın VII qurultaydan sonra YAP Gənclər Birliyinin gördüyü işlərdən əhatəli bəhs edib. B.İslamov ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərin yaradılan imkanlardan istifadə edərək qazandıqları uğurlardan danışıb. Qeyd edib ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirirlər. Tarixi Zəfər digər amillərlə bərabər, həm də Azərbaycanda düzgün gənclər siyasəti aparılmasının iftixar doğuran nəticəsidir. YAP Gənclər Birliyinin sədri bildirib ki,  Prezident İlham Əliyev 44 günlük müharibədə əldə olunan Zəfərdə gənclərin rolunu xüsusi vurğulayır.

Müzakirə formatında davam edən görüşdə gənclərin təklifləri dinlənilib, onları düşündürən məsələlərlə bağlı sualları cavablandırılıb.

Sonda partiyaya üzv olmaq üçün müraciət edən bir qrup şəxsə vəsiqələr təqdim olunub.