Xəbərlər
Kamran Bayramov: 44 günlük hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız milli birlik nümayiş etdirdilər

«Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra azərbaycanlıların həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və arzulardan əməli iş səviyyəsinə qaldırılmış, dövlət siyasətinin ən mühüm istiqamətlərindən birinə çevrilmişdir. 2001-ci ilin noyabrın 9-10-da Dünya azərbaycanlılarının I qurultayının yüksək səviyyədə keçirilməsi və Azərbaycan rəhbərliyinin sonrakı məqsədyönlü siyasəti müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsinə gətirib çıxarmışdır.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Ümummilli Lider ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Hazırda müstəqil respublikamızın inkişaf və tərəqqi yolunda əldə etdiyi böyük nailiyyətlərdə dünyanın müxtəlif ölkələrində yaşayan, qəlbində azərbaycançılıq amalı daşıyan həmvətənlərimizin də xidmətləri var. Azərbaycanın Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırmış, onların ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaratmışdır.
Deputat vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli həmrəylik və diaspor quruculuğu siyasətini inamla davam etdirən Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasət də ardıcıl və sistemli səciyyə daşıyır. I qurultaydan ötən dövrdə dünya azərbaycanlılarının həmrəyliyinin məzmunca zənginləşdirilməsi, təşkilati-hüquqi əsaslarının təkmilləşdirilməsi üçün çox iş görülmüşdür. 2006-cı il martin 16-da ll, 2011-ci il iyulun 5-6-da lll, 2016-cı il iyunun 3-4-də lV qurultayların keçirilməsi ilə azərbaycanlıların təşkilatlanması işi daha da güclənmişdir. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, soydaşlarımızla bağlı dövlət siyasətini tənzimləyən ayrıca qanun qəbul edilmişdir. Azərbaycanlıların təşkilatlanması işi daha da güclənmiş, milli-mənəvi və ümumbəşəri dəyərləri üzvi şəkildə birləşdirən, Azərbaycan xalqına və dövlətinə bağlılıq hissinə əsaslanan azərbaycançılıq ideyası bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılmışdır. Biz bu möhtəşəm həmrəyliyin 44 günlük müharibə dövründə şahidi olduq. Erməni təcavüzünə qarşı xaricdə təşkil olunmuş etiraz aksiyaları, Azərbaycanın ədalətli mübarizəsinə dəstək bunun sübutudur. Vətən torpaqları uğrunda apardığımız müharibə dönəmində harada olmasından asılı olmayaraq, bütün azərbaycanlıların ürəyi Azərbaycanla döyünürdü. 44 günlük hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız milli birlik nümayiş etdirərək bütün imkanları ilə haqq səsimizin dünyaya çatdırılmasında böyük mütəşəkillik göstərdilər. Vətən müharibəsi dövründə diaspor təşkilatlarımız dünyanın 30-dan çox olkəsində 200-dək aksiya keçirmiş, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etmişlər. 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatımız müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərmişlər. Bütün bunlar, sözsüz ki, uzun illər aparılmış miqyaslı işin, düşünülmüş siyasətin məntiqi nəticəsi idi.
K.Bayramov əlavə edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı sayılan Şuşanın azad olunması xəbərini verdikdən sonra bu xəbər nəinki ölkəmizdə, dünyanın istənilən yerində yaşayan hər bir azərbaycanlının böyük sevinc və bayramına cevrildi. Çox sevindirici haldır ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi nəzərdə tutulub. Bu, Dünya Azərbaycanlılarının Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. Əminik ki, bundan sonra da diaspor təşkilatlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müsbət imicinin formalaşdırılması üçün çox böyük işlər görəcəklər.