YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Cənnətə çevrilən Qarabağ” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında “Cənnətə çevrilən Qarabağ” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev təqribən 30 ilə yaxın dövr ərzində işğal altında olan torpaqlarımızın azad edilməsindən sonra həmin ərazilərdə böyük quruculuq işlərinin aparılmasının geniş vüsət almasından, Prezident cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, düşmən əsarətindən qurtulmuş şəhər və rayonlarımızda irimiqyaslı tikinti layihələrinin həyata keçirilməsindən, infrastrukturun əsaslı şəkildə yenilənməsindən söhbət açıb. Bildirib ki, ötən il mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya səfər çərçivəsində 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışını edib. Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 75 kilometrlik 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunub ki, bu da nəinki Azərbaycan energetikası, regionun energetika tarixində rekorddur.

Həmçinin, 2021-ci il iyunun 14-də prezident İlham Əliyev yeni tikilən “Füzuli” və yenidən qurulan “Şükürbəyli” yarımstansiyalarının da açılışında iştirak edib. Şuşa yolunun yaxınlığında yerləşən “Füzuli” yarımstansiyası Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək. İşğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub, bu məqsədlə yarımstansiyanın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada tikilib. Bununla yanaşı Qarabağda yol çəkilişindən danışan sədr bildirib ki, Prezident İlham Əliyevin Qarabağa hər səfərində yol infrastrukturunun inkişafı üçün təməlqoyma və açılış mərasimlərində iştirak etməsi bədnam qonşularımızı daim narahatlıq içərisində saxlayır. Natiq qeyd edib ki, erməni jurnalist Bella Lalayan sosial şəbəkə hesabında Azərbaycanın işğaldan azad edilən ərazilərdə apardığı quruculuq işlərindən yazıb. Bella Lalayan sosial media hesabında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin fotoşəklini paylaşaraq “30 il ərzində Stepanakertdə (Xankəndi) tunelimiz, asfaltımız olmadı. İndi Füzuli-Şuşa tunelinə baxın, yerə girin” sözlərini tədbir iştirakçılarının diqqətinə çatdıraraq cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin xüsusi əhəmiyyətini bir daha vurğulayıb.

Tədbirdə digər çıxış edənlər Ələmdar Quliyev və Vahid Tağıyev işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı işlərdən danışıblar.